Ali məktəblərdə uşaq ədəbiyyatı mövzusunda seçmə fənlərin tədrisində M.T.Sidqi irsindən istifadənin rolu

Автор: Nurlana Əliyeva

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Uşaq ədəbiyyati

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Ali məktəblərin filoloji yöndəki fakültələrində tədris olunan fənlər içərisində uşaq ədəbiyyatının özünəməxsus yeri və rolu vardır. Hər bir xalqın ədəbiyyatı onun mənəvi ruhunun, mədəniyyətinin, varlığının göstəricilərindən biri və əsasıdır. Ədəbiyyat zaman-zaman Azərbaycan xalqının da çoxcəhətli mədəniyyəti və dünyagörüşünü əks etdirən mötəbər mənbələrindən biri olmuşdur. O, həm də, dövrün, cəmiyyətin güzgüsüdür. Xalqımızın tarixi dəyəri, dünya xalqları içərisində yeri, milli-mənəvi özəllikləri onun ədəbiyyatında əks olunaraq uzun və maraqlı inkişaf yolu keçmişdir. Həmin inkişaf prosesində qazandığı uğurlarla, özəl keyfiyyətlərlə Azərbaycan ədəbiyyatı Şərq, o cümlədən dünya ədəbiyyatında öz izini buraxmış, özünəməxsus mövqeyə malik olmuşdur. Bu mənada uşaq ədəbiyyatı da unudulmamalıdır.

Еще

M.T.Sidqi, uşaq ədəbiyyatı, tədris, Naxçıvan ədəbi mühiti

Короткий адрес: https://sciup.org/170175812

IDR: 170175812   |   DOI: 10.48445/TAIIJ.2021.90.46.010

Текст научной статьи Ali məktəblərdə uşaq ədəbiyyatı mövzusunda seçmə fənlərin tədrisində M.T.Sidqi irsindən istifadənin rolu

ARTICLE HISTORY Received: 19.01.2021 Accepted: 17.02.2021

Children's literature has a special place and role among the subjects taught in the philological faculties of universities. The literature of each nation is one of the indicators and the basis of its spiritual spirit, culture and existence. From time to time, literature has been one of the authoritative sources reflecting the multifaceted culture and worldview of the Azerbaijani people. Literature is also a mirror of the time and society. The historical value of our people, its place among the peoples of the world, its national and spiritual features have been reflected in its literature and have come a long and interesting way. With its successes and special qualities in the process of development, Azerbaijani literature has left its mark on the literature of the East, as well as the world, and has had a unique position. In this sense, children's literature should not be forgotten.

Giriş / Introduction

Bütün tarixi zamanlarda uşaqların tərbiyə olunma işi diqqət mərkəzində dayanan məsələlərdən biri olmuşdur. Uşaq ədəbiyyatı bu tərbiyənin əsas vasitəçisi kimi uşaqların dünyagörüşlərini dolğunlaşdıran, onların estetik-ədəbi zövqlərini formalaşdırıb inkişaf etdirən əvəzsiz mənbələrdəndir. Bu da məlumdur ki, uşağın hiss və duyğuları, mənəvi baxımdan inkişafı, düşüncə dərəcəsi, nitq mədəniyyəti və s. durğun vəziyyətdə qalmır, zaman keçdikcə inkişaf edib dəyişir. Bütün uşaqların dərketmə qabiliyyəti eyni deyil. Bu məsələləri nəzərə alaraq qeyd edək ki, uşaq əsərlərinin yaranması kimi onun tədrisi məsələləri də xüsusi məsuliyyət tələb edir.

Ümumşərq ədəbi-bədii mühitin uğurlarında öz payı olan, zəngin və qədim ənənələrə, məzmun və ideya-məna tutumuna malik olan, mənsub olduğu xalqın ədəbi-bədii təfəkkürünü əks etdirən Azərbaycan uşaq ədəbiyyatı örnəklərinin bir hissəsi Naxçıvan ədəbi mühitində yaranmışdır. Milli zəmində yaranmış zəngin irsə dayanan bu mühitlə bağlı olan ədəbi-bədii əsərlər ənənəvi ədəbiyyatımızın xüsusiyyətlərinin inkişafında müəyyən rol oynamış, onun maraqlı, bütün zamanlar üçün aktual hesab edilən örnəklərinin zənginləşməsinə öz töhfəsini vermişdir. Naxçıvanda yaranan uşaq ədəbiyyatı Azərbaycan uşaq ədəbiyyatının əsas qütbünü təşkil edir. Bu ədəbi örnəklərdə söz sənətinin incəliklərinə bələd olan Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, Azərbaycanda ilk “Pedaqogika” dərsliyinin müəllifi, məşhur müdərris, Ordubadda “Əxtər”, Naxçıvanda “Tərbiyət” məktəblərinin çox dəyərli müəllimi, şair, nasir Məhəmməd Tağı Sidqinin də özünəxas mövqeyi vardır.

Naxçıvanda yaşayıb yaradan yazıçıların yaradıcılığı Azərbaycan uşaq ədəbiyyatının mühüm bir hissəsini səciyyələndirəcək dərəcədə yetərli olan bir mənbə kimi diqqət çəkir. Etiraf etmək lazımdır ki, tarixin müxtəlif mərhələlərində çətin və məsuliyyətli bir prosesə qoşulan həmin sənətkarların yaradıcılığı ümumi şəkildə Azərbaycan ədəbiyyatını tamamlayaraq zənginləşdirir. Bu mənada, uşaq ədəbiyytının tədrisində bu ədəbiyyatın müəlliflərindən biri kimi tanınan Naxçıvan ədəbi mühitinin yetirməsi Məhəmməd Tağı Sidqinin irsindən faydalanmaq yerinə düşər. Xüsusilə də uşaq ədəbiyyatı mövzusunda seçmə fənlərin tədrisi zamanı bu qaynaq maraqlı materiallar verə bilir.

Uşaq ədəbiyyatı, doğrudan da, mühüm əhəmiyyətə malikdir. Onun dəyərinin əsasını məktəb, təlim-tərbiyə, yeni nəslin ədəbi zövqünün formalaşması təşkil edir. Gələcəkdə böyük həcmli və dərin ideyalı əsərləri anlamaq üçün, sözsüz ki, uşaqların müxtəlif ədəbi örnəklərlə maarifləndirilməsi, onların ədəbi-estetik zövqünün formalaşdırılması vacib məsələlərdəndir. Məhəmməd Tağı Sidqinin uşaqları yaxşı tanıması, onların arzu və düşüncələrini, yaş səviyyələrini bilməsi maraqlı uşaq əsərlərinin yaranmasına zəmin yaratmışdır. Bundan başqa, Məhəmməd Tağı Sidqi uşaq oxusu üçün də tədris materialı hazırlamışdır.

Uşaq ədəbiyyatının tədrisinə onun yaranma mövzusu ilə bağlı məsələlərdən başlamaq lazımdır. Bu mənada, Azərbaycanda əsası şifahi xalq incilərinə söykənən uşaq ədəbiyyatının elm kimi yaranmasının XIX yüzilliyə aid edilməsinin həmin tarixi zamanda xalqımızın həyatında təhsil və mədəniyyət sahəsində nəzərə çarpacaq dərəcədə inkişafla bağlı olması haqqında məlumatlara müəyyən qədər yer verilməlidir. Sözsüz ki, bu prosesdə mətbuat orqanlarının, bir sıra xeyriyyə təşkilatlarının, kitabxanaların, təhsil ocaqlarının rolunu unutmaq olmaz. Ona görə də öyrətmə prosesində bu məsələyə də diqqət yönəltmək vacibdir. Ümumiyyətlə, uşaqların təlimi uşaq ədəbiyyatının formalaşmasında əsas hesab edilir. Maraqlıdır ki, ədəbiyyatın tədrisi də bir elm kimi XIX əsrə aid edilir. “Ədəbiyyatın tədrisi metodikasının bir elm kimi formalaşması, əsasən, XIX əsrlə bağlıdır. Lakin Azərbaycan ədəbiyyatının özü kimi, onun tədrisi tarixi də qədimdir. Ədəbiyyatın tədrisi metodikasının bir elm kimi formalaşmasına təsir göstərən ilk müəllim xalq olmuşdur. Qədim dövrlərdə zəngin və rəngarəng Azərbaycan folkloru valideynlər tərəfindən şifahi yolla tədris edilmiş, bu işdə onlar bəlkə də ilk müəllimlər olmuşlar. Analar laylalarla körpələrini yatırmış, bayatı və nəğmələri onlara təlqin etmiş, mənəvi qida vermişlər” [2, s.3]. Buradan belə nəticə çıxır ki, ədəbiyyatın tədrisi məhz uşaq ədəbiyyatının öyrədilməsindən başlamışdır.

Uşaq ədəbiyyatı örnəklərinin, ilkin olaraq, yeni üsula önəm verən məktəblərə aid dərsliklərdə öz əksini tapması qeyd olunmalıdır. Məlumdur ki, Azərbaycan ədəbiyyatının çox maraqlı, önəmli və aktual bir istiqaməti olan uşaq ədəbiyyatının tarixi, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının tarixi qədər qədim deyildir. Araşdırmalar göstərir ki, bu ədəbiyyatın əsas örnəkləri, xüsusi ilə yazılı ədəbiyyatın özül örnəkləri XIX yüzillikdə meydana çıxmışdır. Lakin peşəkar uşaq ədəbiyyatının yaranması XX yüzilin əvvəlinə aid edilir. Məlumdur ki, XX yüzilin əvvəlində yeni məzmun və ideyaya malik dərsliklərin yazılması əsas məsələlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu sahədə mətbuatın da xidməti danılmaz idi. Təsadüfi deyildir ki, dövrün mətbuatı haqqında “buluddan sıyrılıb çıxan ulduzlar” kimi bənzətmə məşhurlaşmışdır. Uşaq ədəbiyyatının tədrisində aşağıdakı materiallar əsas yer tutur:

  • 1.    Azərbaycanlı müəlliflərin uşaq mövzusunda yazdığı əsərlər;

  • 2.    Uşaq ədəbiyyatı mövzusunda tərcümə əsərləri.

XX yüzilin əvvəlində qeyd olunan yuxarıdakı mənbələrdən tarix, coğrafiya, astronomiya, əxlaq, etik qaydalar və s. haqqında təlim-tərbiyənin vəhdətini əsaslandıran, dövrü üçün ən mükəmməl materiallar seçilib dərsliklərə salınırdı. Həmin dövrdə yazılan nəsihətamiz mənzum hekayələr, didaktik məzmunlu şeirlər, məktəb şərqiləri, təmsillər uşaq ədəbiyyatını zənginləşdirməyə xidmət edirdi.

Uşaq ədəbiyyatına xas olan bir sıra nümunələr Naxçıvan ədəbi mühitində yaranmışdır ki, bu mühit mövzu ilə əlaqəli maraqlı və orijinal qaynaqlardan biri hesab edilir.

Naxçıvan ədəbi mühitinə xas olan yazarların yaradıcılığında uşaq ədəbiyyatı üçün zəngin material verən faktların tədris mövzularına salınması, bir tərəfdən, ümumazərbaycan uşaq ədəbiyyatı ilə bağlı problemlərin üzə çıxması üçün yararlıdırsa, digər tərəfdən, indiyə qədər sosializm prinsipləri baxımından yanaşılan və ya diqqətdən yayınıb layiqli qiymətini almayan, halbuki uşaq ədəbiyyatı kimi möhtəşəm bir sahənin formalaşıb təşəkkül tapmasında müəyyən rolu olan sənətkarlara, o cümlədən Məhəmməd Tağı Sidqinin uşaq ədəbiyyatının tədrisindəki fəaliyyətinə bugünkü prizmadan yanaşmaq, tarixi şəxsiyyətlərin yazdıqlarını çağdaş müstəviyə gətirmək baxımından da əhəmiyyətlidir.

1892-ci ildə Ordubadda “Əxtər” məktəbi açılmış və Məhəmməd Tağı Sidqi onun ilk müəllimlərindən olmuşdur. Ədibin həyatında məktəbdarlıq işi əsas mərhələ təşkil edir. O dövrün ziyalıları məktəbi millətin nicat yollarından biri kimi dəyərləndirirdilər. Mətbuatda məktəb haqqında yüksək fikirlər formalaşaraq inkişaf etdirilirdi. Təsadüfi deyildir ki, “Kəşkül” qəzeti məktəbi “insan fabrikası” adlandırırdı: “Məktəb və təlimxana demək, bir növ, “insan fabrikası” deməkdir ki, onun bir qapısından daxil olan nadan uşaq o biri qapısından kamil bir insan olaraq çıxır” [4, s.14].

Məhəmməd Tağı Sidqinin uşaq ədəbiyyatı örnəklərindən olan “Elmin şərafəti”, “Məktəbdə”, “Dərsə diqqət”, “Nümuneyi-əxlaq”, “Nəsihətnamə” və s. əsərləri xüsusi ilə maraq doğurur. Həmin əsərlərdə Məhəmməd Tağı Sidqinin ifadəsi ilə deyilsə, “xırdaca” uşaqlara nəsihət, məsləhət xarakterli sözlərlə tərbiyə verilir, onların elmə, biliyə, məktəbə marağı artırılır. Bu baxımdan, M.T.Sidqinin “Elmin şərafəti” əsəri diqqət çəkir:

Bu indiki vəqt bir zamandır,

Elm əsridi, elm fərzi-candır, Bielm olanın işi yamandır, Var elmdə, hər nə var, qızlar [3, s.20].

Tədris prosesində əsərin öyrədilməsi zamanı çağdaş dövrümüzdə elmin inkişafı məsələlərinə də toxunmaq faydalı olar.

Məhəmməd Tağı Sidqi elmlərə yiyələnməklə yanaşı, dünyanın ən mütərəqqi dini olan İslamın ideya-mənəvi kitabı “Quran”ın öyrənilməsini də vacib hesab edirdi:

“Quran” dilinizdə əzbər olsun,

Hikmət sizə zibi-zivər olsun,

Elmilə gözüz münəvvər olsun, Zülmətdən olun kənar, qızlar [3, s.20].

Bu əsər müasir dövrümüzlə də səsləşir. Belə ki, sovet dövründə ədəbi əsərlərdə heç bir mövqeyi olmayan dini mövzular hazırkı dərsliklərdə də müəyyən qədər yer tutur. Bundan başqa, dindən irəli gələn tərbiyə məsələlərindən bəhs edərkən, bayrağımızdakı yaşıl rəngin dinlə bağlılığından da danışmaq yerinə düşər. Belə ki, yaşıl rəngin müsəlmanlıq rəmzi olması bir daha yada salınmalıdır.

Məhəmməd Tağı Sidqi uşaq ədəbiyyatı mövzusunda yazdığı əsərlərində uşaqlara elmin zülmətə qalib gələrək onu yox etməsinə, insanın qəlbini işıqlandırmasına, gözünü dünyaya açmasına inandırır. O zaman – qızların kütləvi şəkildə təhsilinin olmadığı zamanda bu məqsədlə məktəb açan və qızların savada yiyələnməsini zəruri hesab edən şair elmi, biliyi onların mənəvi bəzəyi kimi dəyərləndirirdi:

Hər qız ki ülumə etsə rəğbət,

Axırda yəqin tapar səadət,

Yox elmdən özgə bir şərafət, Elm ilədir iftixar, qızlar

[3, s.20].

Bu əsərdəki “indi elm zamanıdır”, “elmsiz insanın işi yamandır”, “hər nə varsa, elmdə var”, “insan elmlə zülmətdən kənar olar”, “insan elmlə səadət tapar”, “elmdən yüksək şərafət yoxdur”, “iftixar elm ilədir” fikirləri ilə Məhəmməd Tağı Sidqi uşaqların mənəvi baxımdan inkişaf və zənginləşməsində əhəmiyyətli rol oynamışdır.

M.T.Sidqinin uşaq ədəbiyyatı irsi tədris olunarkən onun oğluna yazdığı “Məhəmmədəliyə nəsihət” əsəri də unudulmamalıdır. Müəllif övladına müraciət edərək bütün vətən övladlarına ürəyindən keçən xoş arzularını bildirir. Həmin müraciətdə də elmə, ədəb və tərbiyəyə, dərsə düzgün münasibət formalaşdırılır, uşaqları vaxtlarını boş keçirməməyə, ondan səmərəli istifadə edərək yazıb-oxumaqla məşğul olmağa çağırır:

Yetişibdir zamani-elmü ədəb, Mənzilin eylə guşeyi-məktəb. Dəmbədəm məktəb ilə ol dəmsaz, Qış, həm yaz həm oxu, həm yaz [3, s.21].

Məhəmməd Tağı Sidqi “Məhəmmədəliyə nəsihət” əsərində elmin bütün dünyanı abad etməsindən, onun insanı cəhalətdən qurtaran ən dəyərli bir vasitə olmasından danışaraq uşaqların bu istiqamətdə çalışmasını arzulayır:

Dinü dünyanı elm edir abad,

Özünü eylə cəhldən azad.

Ruzigarın keçirmə qəflətlə,

Elm təhsil elə diqqətlə

[3, s.21].

Əsərdəki əsas ideya budur: “Dini də, dünyanı da abad edən elmdir”, “elm insanı cəhalətdən azad edir”. Tədris prosesində diqqəti bu ideyalara çəkmək məqsədəuyğun hesab edilir.

Nasir Naxçıvanda yeni tipli məktəbin formalaşması naminə gərgin çalışdığı kimi, o zaman məktəb üçün zəruri olan dərslik və dərs vəsaitlərinin, tədris üçün mətnlərin hazırlanması prosesinə də diqqət edirdi. Onun əsərləri əməksevərliyin, zəhmətkeşliyin təbliğində böyük əhəmiyyətə malikdir. Şair əsərlərində uşaqların ustadlarını da unutmamasını, onlara ehtiramla yanaşmasını tərbiyə edir, məktəblilərin təlim-tərbiyəsində müəllimlərin rolunu qiymətləndirir. O, “Məktəbdə” adlı şerində məktəbin bir xoşbəxtlik ocağı olduğunu, insaniyyətin ən mühüm əlamətlərinin məktəbdən başlandığını göstərir.

Əsərləri ilə uşaqların şüurunda vətəndaşlıq və vətənpərvərlik hissi oyadan, gənc nəslin gələcəyinin elm, mərifət və tərbiyə ilə bağlılığını düşünən M.T.Sidqinin uşaq ədəbiyyatı mövzusundakı əsərləri öyrədilərkən onun məktəbin, elmin əhəmiyyətindən bəhs etməsi xüsusi olaraq vurğulanmalıdır. Maarifpərvər şairin uşaq əsərləri Azərbaycanda yeni üsullu məktəblərin fəaliyyəti dövründə yazılmışdır. Onun bu

əsərləri müəllifinin pedaqoji fikirləri ilə yaradıcılığının bir-birini tamamlamasını göstərir.

Məhəmməd Tağı Sidqinin yaradıcılığında elm, məktəb və tərbiyə mövzusu qabarıq şəkildə əks olunur. Bədii əsərlərində həmin mövzudakı fikirlər fəlsəfi xarakter daşıyır. Ədibin pedaqoq olması bədii əsərlərinin mövzu-ideya istiqamətinə mühüm təsir göstərmişdir. “Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır” [1, s.14]. Onun əsərlərinin əsas ideyasını təlim-tərbiyə məsələlərində əsas yer tutan xüsusiyyətlərin təbliği təşkil edir.

Nəticə / Conclusion

Məhəmməd Tağı Sidqinin maarifçi-realist ədəbiyyatın yaranmasında iştirakı və əsl xalq müəllimi kimi fəaliyyəti Azərbaycanın təhsil tarixində parlaq səhifələrdəndir. Onun yaradıcılığında uşaqlar üçün çox sayda mövzular əks olunsa da, məktəb, təhsil və elmə çağırış əsas yerdə dayanır.

Beləliklə, maarifçi şairin nəzm əsərləri təsdiq edir ki, XIX yüzilin sonu, XX yüzilin əvvəlində uşaq poeziyası maarifçi şeirə daha çox yer verən ədəbi qaynaq kimi maraqlıdır və bu mənbənin tədrisi böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Список литературы Ali məktəblərdə uşaq ədəbiyyatı mövzusunda seçmə fənlərin tədrisində M.T.Sidqi irsindən istifadənin rolu

  • Abdullayev A.S. (1966). Azərbaycan dilinin tədrisi tarixindən. Bakı, Maarif. 330 s.
  • Qafarova S., Gərayzadə E. (2010). Azərbaycan ədəbiyyatının tədrisi tarixi (dərs vəsaiti). Bakı, Mütərcim. 136 s.
  • Sidqi M.T. (2004). Əsərləri (toplayanı, tərtib edəni və müqəddimənin müəllifi İ.Ə.Həbibbəyli). Bakı, Çaşıoğlu. 279 s.
  • Tağıyev Ə. (1993). Azərbaycanda məktəb tarixi. Bakı, Maarif. 113 s.
  • Aslanov V. (2002). Azərbaycan dilinin tarixinə dair tədqiqlər. I cild. Bakı, 152 s.
  • https://naxcivanxeberleri.com/cemiyyet/31148-mhmmd-tagi-idqiyaradiciliginda-maarifcilik-ideyalarinin-tbligi.html
Статья научная