Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul Sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilmişdir.
Издаваемые журналы: 1
Azərbaycan dili və ədəbiyyat tədrisi
Azərbaycan dili və ədəbiyyat tədrisi — jurnalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. 1954-cü il iyun ayının 15-i "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi olaraq təsis edilən jurnal 1990-cı il dekabr ayının 3-dən etibarən "Azərbaycan məktəbi (jurnal)nın əlavəsi kimi deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq "Ana sözu" adı ilə dərc edilməyə başladı və 1997-ci il aprel ayının 2-dən bu günədək əvvəlki, yəni "Azərbaycan dili və ədəbiyyat tədrisi" adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.