Türk dünyasının dahi şairi – Nizami Gəncəvi

Автор: Nüşabə Səfərova

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Azərbaycan ədəbiyyati Nizami Gəncəvi – 880

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

N.Gəncəvi həm yaradıcılığı, həm də şəxsiyyəti ilə bütövlükdə bir dahidir. Şair öz yaradıcılığı ilə dövrünün dolğun fəlsəfəsini yaratmışdır. Əsərləri isə hər biri özlüyündə həmin fəlsəfənin bir qolunu, bir qanununu özündə etiva edir. Özündən sonra gələn alimlər əsərlə-rində və yaradıcılıqlarında bu fəlsəfədən geniş şəkildə istifadə etmişlər. Əgər Azərbaycan poeziyasının məhəb-bət simvolu dahi Füzulidirsə, xarakteri kimi yaradıcılığı da üsyankar olan nümayəndəsi Xaqanidirsə, əzabkeş övladı Nəsimidirsə, düşünən beyni, ağsaqqalı Nizamidir, desək, yanılmarıq. Qələmə aldığımız bu yazıda dahi şairə “N.Gəncəvi kimdir?” və yaxud “N.Gəncəvi olduğu kimi” kontekstindən yanaşılmışdır. Şairin şirin qəzəllərinə baş vurulmuş, dünya poeziyasının incisi “Xəmsə”yə daxil edilən poemalar bir daha nəzərdən keçirilmişdir. Nüşabələr, Şirinlər, Fitnələr yad edilmiş, Xosrovlar, İskəndərlər, Bəhramlar bir daha göz önündə canlan-dırılmışdır. Şairin dillər əzbəri olan aforizmləri bir daha xatırlanmışdır.

Еще

Nizami, poeziya, lirika, qəzəl

Короткий адрес: https://sciup.org/170175808

IDR: 170175808   |   DOI: 10.48445/TAIIJ.2021.34.97.006

Текст научной статьи Türk dünyasının dahi şairi – Nizami Gəncəvi

ARTICLE HISTORY

Received: 14.12.2020

Accepted: 19.01.2021

N.Ganjavi with both creativity and personality is a genius as a whole. The poet created a full philosophy of his time with his work. Each of his works embodies a branch of that philosophy, a law. Subsequent scholars have made extensive use of this philosophy in their works and creations. If the symbol of love in Azerbaijani poetry is the great Fuzuli, if his character is a rebellious representative of Khagani, if he is the tormented son Nasimi, if he is the thinking brain, the elder Nizami, we are not mistaken. In this article, the great poet "Who is N. Ganjavi?" or from the context of "as N.Ganjavi". The poet's sweet ghazals were recited, and the poems included in "Khamsa", the pearl of world poetry, were reconsidered. Nushabas, Shirins, Fitnas were commemorated, Khosrovs, Iskanders, Bahrams were revived. The poet's aphorisms, which are the memorization of languages, are remembered once again.

Giriş / Introduction

1141-ci ildə qədim Gəncə torpağında bir Günəş doğdu. Bu, çox fərqli bir Günəş idi. Bu Günəşin fərqi onda idi ki, o biri ulduzlar zaman keçdikcə öz ziyasını itirir və nəhayət, tamamilə tükənərək sönür, Gəncədə doğan Günəşin isə əksinə, zaman keçdikcə şəfəqi gurlaşır, bütün dünyanı nura boyayır. Bu Günəşin şəfəqi bütün bəşəriyyəti xəzinələrin sirlərindən agah edir, dünyaya meydan oxuyan İskəndərləri, Xosrovları, dünyanın yeddi gözəlini özünün söz dünyası ilə ram edir və qarşısında diz çökdürür. Özü isə söz sərkərdəsi olaraq, heç bir hökmdarın qarşısında baş əymir. Bu sərkərdə dünya ədəbiyyatının sultanı, dünya lirik və fəlsəfi poeziyasının korifeyi, Azərbaycan ədəbiyyatının patriarxı, milli qürurumuz olan Cəmaləddin əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəkiəddin və yaxud sadəcə Nizami Gəncəvidir.

N.Gəncəvi öz dövrünün ən möhtəşəm filosof alimlərindən biri olmuşdur. Əsərlərindən də göründüyü kimi, o, "Quran"ı dərindən bilmiş, təbiət elmləri: astronomiya, coğrafiya, təbabətdən və hətta riyaziyyatdan da dərin biliyə malik olmuşdur. Böyük Nizamişünas alim, professor Rüstəm Əliyev yazır: "Mübaliğəsiz deyə bilərik ki, Nizami öz dövrünə məlum olan hər şeydən xəbərdar olmuşdur. O, fars və ərəb dillərini gözəl bilmişdir. Onun yazdığı hər misra buna inandırıcı sübutdur. Xatırladaq ki,o zaman Gəncədə, bütün Arranda danışıq dili türk dili idi, əhalinin böyük əksəriyyəti bu dildə danışırdı. Ərəb dili elm və din dili, fars dili poeziya dili hesab olunurdu. Nizami ərəb və fars dilli ədəbiyyatı gözəl bilirdi. Bu qədər hərtərəfli və dərin biliyə, böyük istedada malik olan, söz sənətinə məharətlə yiyələnən Nizami, şübhəsiz, saray şairi də ola bilərdi".

Şair gözəl bilirdi ki, saray şairi olmaq müstəqilliyi itirmək,əsl yaradıcılıqdan məhrum olmaq, yalnız mədhiyyələr və sifarişli əsərlər yazmaq deməkdir. O, saraylara olan bütün dəvətləri geri çevirərək, müstəqillik yolunu seçdi. Bu addımı hər qələm sahibi ata bilməzdi. Sarayların gözqamaşdıran məclisləri və şairlərə verilən ənamlar çoxlarını özünə cəlb etsə də, Nizamini yolundan döndərə bilməmişdi. Bunu yalnız o şairlər edə bilərdilər ki, onlar öz istedadlarının gücünə arxayın idilər. Böyük Nizami Gəncəvi də məhz belə şairlərdən idi.

Hələ gənclik illərində ilk yaradıcılıq nümunələrindən məlum olurdu ki, ədəbiyyata bir istedad gəlməkdədir. Onun ilk qələm təcrübələri qəsidə və qəzəllər olmuşdu. Şair qəsidələrində xeyirxah əməllər tərənnüm edir, hakimlərə, mənsəb sahiblərinə ədalətli olmağı tövsiyə edirdi. Əsərlərindən, xüsusilə 1188-ci ildə yazmış olduğu "Leyli və Məcnun" poemasından məlum olur ki, şairin lirik şeirlərindən ibarət "Divan"ı da olub. Çox təəssüf ki, həmin divan günümüzə qədər gəlib çatmayıb.

Araşdırmalara əsasən, həmin divan ən azı iyirmi min beytdən ibarət olsa da, ondan bu günümüzə sadəcə 6 qəsidə, 120 qəzəl, 30 rübai gəlib çatmışdır.

Gedir əldən gecələr səbrü qərarım sənsiz, Aldığım hər nəfəs atəşdi, nigarım, sənsiz.

– beyti ilə başlayan qəzəli də, məhz həmin “Divan”dan bizə gəlib çatan nümunədir. Dahi Üzeyir Hacıbəyli bu qəzəlin əsasında "Sənsiz" romansını bəstələmiş, böyük sənətkarımız Bülbül isə onu ifa etmişdir. Mənə elə gəlir ki, bu, Üzeyir bəyin, bəlkə də, ən rahat bəstələdiyi əsərlərdən biridir. Çünki qəzəl özü başdan-ayağa musiqi ilə yoğrulduğu üçün musiqi onun daxilindən süzülüb gəlir:

Hicrinin zülmü deyir: vəslinə and olsun, inan, Qaçmayıb tab edəcəm, yoxdu güzarım sənsiz.

Və yaxud başqa bir qəzəl:

Ey möcüzə Ay, sən kimə mehman olacaqsan?

Bu hüsn-cəlal ilə, kimə canan olacaqsan?

Axşam başın üstündə səma çətrini açmış, Sən ay çətirinlə kimə sultan olacaqsan?

Bu dahiyanə qəzəlləri oxuduqca ürəyimizdən bir sual keçir: "İlahi, bunları insan oğlumu yaradıb?" Cavab isə birdir: "Bəli, bunları yalnız dahi Nizami yarada bilərdi".

Nizaminin dahiliyi ondadır ki, o, insanın özündən asılı olan qüsurları fələkdə, çərxdə, divdə, şeytanda deyil, əksinə, nəfsdə, tamahda, şöhrət düşkünlüyündə, öz idrakının imkanlarını gərəyincə qiymətləndirməməkdə görür. Bütün bunlardan qurtulmaq üçün insanın öz qüvvəsini yardıma çağırır və bildirir ki, bu qüvvə ağıldır, yalnız ağıl sayəsində insan yüksələ bilər:

Əgər yar olmasaydı, ağlın, idrakın sənə, Səni kim qaldırardı insanlıq pilləsinə?

Ağıl Məsihadır, bil, ondan üz döndərmə sən, Ulaqsanmı, palçığa ulağını sürürsən?

Ya get ağıl yoluyla, çıraq tapıb işıqlan,

Ya da bir yolluq əl çək, sən ağıl qapısından.

Nizaminin sərraf gözləri cəmiyyəti saf-çürük edərkən, əməkçini müftəxordan, halallıq əhlini haram yeyənlərdən qətiyyətlə ayırır. Onlar əxlaq və dünyagörüşcə daban-dabana zidd olan təbəqələri, zümrələri təmsil edirlər. Nizami bəşəriyyətə nümunə ola biləcək insanları yalnız və yalnız əməkçilər, öz zəhmətinə güvənənlər, halallıq dalınca gedənlər sırasında tapır. Halallıq ləyaqət meyarı, hər xilqətin hörmət və nüfuzunu müəyyənləşdirən və onun qarşısına qoyduğu məqsədin böyüklük dərəcəsidir. Kərpickəsən qocanı işcillikdə ittiham edən, "bir doyumluq çörəyi səndən kim əsirgəyər?" fəlsəfəsi ilə çıxış edən dəliqanlıya qocanın verdiyi cavab daha kəskin, daha sərrastdır:

Qoca dedi: -Ay bala, dəliqanlılıq etmə, Öz işinlə şuğullan, mənə ağıl öyrətmə.

Hər sənətin sahibi öz işilə yaşayır,

Qocalar kərpic kəsər, kölələr yük daşıyar.

Əziyyətli olsa da, öyrəndim bu sənəti, Ki, boynumda qalmasın bir kimsənin minnəti.

Xəzinə yığmıram ki, məsxərəyə qoyulum, Əlimin zəhmətilə dolanıram, ay oğlum.

Bu sətirlər oxuculara cahanda üzü ağ, başıuca, məğrur yaşamağın yeganə yolunu göstərir. Oxuduqca görürük ki, "Sirlər xəzinəsi", həqiqətən, mədəni sərvət, xəzinədir. Bir elm xəzinəsi, bir fəlsəfə xəzinəsi, bir ədəb-ərkan xəzinəsi və nəhayət, bir insanlıq xəzinəsidir. Yaşından, dinindən, dilindən və idrakından asılı olmayaraq, hər bir insan özünü orada tapa bilər.

N.Gəncəvinin dahiliyi bir də onda özünü göstərir ki, o, əsərlərini yazmağa başlayarkən, dildə gəzən şaiyələrdən istifadə etmir, əsərin qəhrəmanı haqqında bir çox mənbələrlə tanış olur. Buna görə də dahi Nizaminin əsərləri hər dövr üçün aktualdır. Biz bunu "İskəndərnamə" poemasında görürük. Şair dünya fatehi İskəndəri

Azərbaycana gətirir və Bərdə hökmdarı Nüşabə ilə görüşdürür. Halbuki onun ayağı heç zaman Azərbaycana dəyməyib. Nüşabə surəti Azərbaycan təbiəti ilə həmahəng yaradılıb. Cəsurluqda kişilərdən geri qalmayan Nüşabəni şair ən zərif və unudulmaz boyalarla canlandırmışdır. Eyni zamanda o, "Leyli və Məcnun" poemasında sərt orta əsr mühitində məhvə məhkum olunmuş ülvi məhəbbətin faciəsini dahiyanə ustalıqla təsvir etmişdir.

Nizaminin qələmə aldığı "Yeddi gözəl" poeması fərqli mövzudadır. Qədim İran hökmdarlarından olan Bəhram Gurun həyatı və əməlləri barədə rəvayət yeddi gözəlin söylədiyi ibrətamiz novellalarla əvəz olunur. Dahi şair Bəhram şahın timsalında ədalətli, ideal şah haqqında fikirlərini oxucunun diqqətinə çatdırır. Deyilənə görə, şair 1180-ci ildə qələmə aldığı "Xosrov və Şirin" əsərində dünyalarca sevdiyi və vaxtsız itirdiyi həyat yoldaşı Afaqın surətini yaradıb. Bu əsərdə İran şahzadəsi Xosrov və onun sevdiyi Şirindən bəhs olunur. Şair poemada Şirinin gözəlliyi, azadlıqsevərliyi, nəcibliyi, ağlı və məhəbbətini ön plana çıxarır. Sözsüz ki, Şirini saf məhəbbətlə sevən, sevgilisinin yolunda hər cür təmənnasız hünər göstərməyə hazır olan Fərhadı da yaddan çıxarmaq olmaz. Prof. R.Əliyevin dediyi kimi: "Xosrov və Şirin" dünya poeziyasının ülvi məhəbbəti, nəcib hissləri, sevgilisinin yolunda həyatını qurban verməyə hazır olan qəhrəmanların yüksək mənəviyyatını alqışlayan ən gözəl abidələrdən biridir".

N.Gəncəvinin yaradıcılığında aforizmlər xüsusi yer tutur. Əsərlərinin daha da dolğun və real görünməsi üçün o, xalq deyimlərindən və aforizmlərindən geniş şəkildə istifadə etmişdir. Şair söylədiyi fikirləri hər vasitə ilə aforizmlərlə, həyatdan götürülmüş ibrətamiz misallarla möhkəmlətməyə çalışmışdır. Bu aforizmlərin bir qismi əməyə, zəhmətə məhəbbət aşılayır, insanı xalqa xidmətə, nəcib əməllərə səsləyir.

Çalış öz xalqının işinə yara, Geysin əməlindən dünya zər-xara.

Çox iti zehinlər yatan oldular, Axırda saxsı qab satan oldular.

Qana qəltan etsə də, səni zəhmət tikanı, Çalışmaqdan usanma, işə alışdır canı.

Nizaminin yaradıcılığındakı aforizmlər yalnız əməyə məhəbbət aşılamaqla bitmir, onların içərisində ölkəni ədalətlə idarə etmək, elmə, biliyə yiyələnmək kimi məsələlərə də toxunulur. Təsadüfi deyil ki, tədris proqramında, əsasən də inşa, esselərdə bu aforizmlərdən geniş istifadə olunur:

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni, Ədalət səadətlə abad eylər ölkəni.

Məmləkətin dayağı ədalətdir hər zaman, Ədalətlə nəsibin səadətdir hər zaman.

Əzəl gündən qiymətli bir incidir doğru söz, Acısıyla könüllər sevincidir doğru söz.

Dahi Nizami o qədər sevilən bir sənətkar olmuşdur ki, onun dahiliyi və böyüklüyü qarşısında hamı heyran qalmışdır. Buna görə zaman-zaman onu öz adına çıxarmaq istəyən, özününküləşdirməyə cəhd edən ölkələr və xalqlar olmuşdur. Biri fars, digəri kürd, bir başqası isə ayrı ad vermişdir. Lakin Nizami türk oğlu türk olduğunu əsərlərində bildirmişdir. Belə ki, məşhur hökmdar türk qızı Nüşabənin dünya fatehi İskəndərə, eyni zamanda da Fitnənin Bəhram Gura verdiyi ağıl, nəsihət və dərs onu deməyə imkan verir ki, türk qızlarını göyə qaldırmaqla şair hansı xalqa mənsubluğunu bildirir.

Onu demək lazımdır ki, Nizami kimi dahilər bütün dünyaya mənsubdur. Hələ 1941-ci ildə müharibənin qızğın vaxtında, SSRİ-nin taleyi həll olunan günlərdə, o günlərdə ki, Leninqrad blokadada idi, Moskva ilə düşməni 25 kilometrlik bir məsafə ayırırdı, onda Leninqradda dahi şairin 800 illik yubileyi çox təntənəli şəkildə keçirilib. Bu onu göstərir ki, kimliyindən asılı olmayaraq, Nizamiyə ümumxalq sevgisi olub. Azərbaycanın ədəbi-mədəni irsinə həmişə qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyev Nizami irsinə də hər zaman xüsusi diqqət yetirib. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi şairin 840 illik yubiley mərasimləri keçirilib və mərasimlər ölkənin həyatında əlamətdar hadisəyə çevrilib. 2011-ci ildə şairin 870 illiyi münasibətilə də silsilə tədbirlər təşkil edilib.

Nəticə / Conclusion

Bu il dahi şair və mütəfəkkirin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz ustadının bəşər mədəniyyətinə verdiyi töhfələrə görə, hörmətli Prezidentimiz, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili" elan edib.

Fikrimi böyük şairimiz Xəlil Rza Ulutürkün sözləri ilə bitirmək istəyirəm: "Doqquz əsrə yaxın vaxt keçməsinə baxmayaraq, bədii sözün qədrini bilən bəşəriyyətin müxtəlif qitələrdən yönələn nəzərləri Nizaminin Azərbaycanda ucalan əzəmətli heykəlinə zillənmişdir. Bunun səbəbi odur ki, öz əsrinin övladı, dünya vətəndaşı olmağa layiq Nizami bütün əsrlər, zamanlar üçün öz bədii gücünü saxlayan ölməz əsərlər yarada bilmişdir. Nə sağlığında, nə də vəfatından sonra keçən illər ərzində Nizami irsinə maraq, məhəbbət heç vaxt soyumayıb, azalmayıb. Azərbaycanın milli hadisəsi olsa da, milli hüdudlara sığmır Nizami!".

Список литературы Türk dünyasının dahi şairi – Nizami Gəncəvi

  • Gəncəvi N. (1981). Xəmsə: Poemalardan parçalar. Bakı, Gənclik. 276 s.
  • Gəncəvi N. (1982). Hikmət və nəsihətlər. Tərtib edən R.Əliyev. Bakı, Yazıçı nəşriyyatı. 132 s.
  • Gəncəvi N. (2002). Poemalar. I kitab. Bakı, Maarif. 240 s.
  • Gəncəvi N. (2004). İskəndərnamə. Bakı, Lider. 256 s.
  • Gəncəvi N. (2004). Leyli və Məcnun. Tərcümə edən S.Vurğun. Bakı, Lider nəşriyyatı, 288 s.
  • Gəncəvi N. (2004). Sirlər xəzinəsi. Bakı, Lider nəşriyyat. 264 s.
  • Səfərli Ə., Yusifli X. (1982). Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, Maarif. s.78-137.
  • https://nizamigenceviaz.wordpress.com/sirl%C9%99rx%C9%99zin%C9%99si-poemasi/
  • http://heb.science.gov.az/az/news/1987/
  • https://nuhcixan.az/news/cemiyyet/26135-zengin-meneviyyat-kitabi-irlerxezinesi
Статья научная