Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları
Автор: Bilal Həsənli
Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat
Рубрика: Metodika
Статья в выпуске: 1 (267), 2021 года.
Бесплатный доступ
Gənc nəslin xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə ilk ciddi tanışlığı ümumtəhsil məktəblərində ədəbiyyat dərslərindən başlanır. Ədəbiyyat dərslərində görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığının bütövlüyü, vəhdəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal mücahidi olması şagirdlərdə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə təlim prosesində kurikulumun tələbinə uyğun olaraq, müzakirə, diskussiya, təqdimat, problemin həlli, debat, təqdimat və s. interaktiv metodlardan məqsədyönlü istifadə, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, əlavə mənbələr üzrə işinin təşkili zəruridir. Təlimi prosesində ədibin Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparmasından söz açılmalıdır. Ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı, monoqrafik şəkildə öyrənilən əsərləri müzakirə olunarkən, şairin vətəndaşlıq qayəsi, mövqeyi, həyatı boyu apardığı istiqlal mücadiləsi konkret nümunələr əsasında, əlavə mənbələrdən istifadə ilə aydınlaşdırılmalıdır.
Istiqlal, azadlıq, şeir, poema, xalq, milli, ədəbiyyat dərsləri, qırmızı imperiya, ana dili, mübarizə
Короткий адрес: https://sciup.org/170175809
IDR: 170175809 | DOI: 10.48445/TAIIJ.2021.45.25.007
Текст научной статьи Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları
ARTICLE HISTORY
Received: 13.12.2020
Accepted: 03.02.2021
The young generation with the first serious biography of the poet Bakhtiyar Vahabzadeh tour starts school literature classes. Classes of well-known artist's personality and creativity, integrity, unity, nationality, position, sacrifice for the freedom of our people to create a clear idea about the students. The existence of creativity in its people and its destiny linked politically motivated public and lyrical works of the artist, as well as the epic poems, dramatic works, the people and the loyalty of the people, symbols and literature classes focus on opening the inner face of the red empire maintained. Life and work of master classes, learned to monographic works on this aspect to be considered when discussing the poet's civic purpose, position, lifelong struggle for independence had clarified on the basis of concrete examples. In the process of learning the guage and literature of the writer fanatic, Azerbaijan's independence, the struggle for the unity of the Turkic peoples of speech should take.
Giriş / Introduction
Müasir ədəbiyyat dərslərində türk dünyasının görkəmli sənətkarı, Xalq şairi Bəxtiyar Vahabzadənin bədii irsinin öyrədilməsi, sovet rejimi şəraitində yazılmış əsərlərinin təhlili yeni yanaşma tələb edir. Şairin VII sinifdə “Vətəndaş” şeirinin, IX sinifdə “İstiqlal”poemasının, XI sinifdə həyat və yaradıcılıq yolunun, “Şəhidlər” poemasının tədrisi zamanı görkəmli sənətkarın şəxsiyyəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal mücahidi olması və yaradıcılığının söz sənətimizin zirvələrindən birini təşkil etməsi barədə şagirdlərdə aydın təsəvvür yaradılmalıdır. B.Vahabzadənin həyat və yaradıcılığı dərsdə problemli sualların qoyulması və axtarış, tədqiqat üçün geniş imkanlar yaradır. Təlim prosesində qarşıya qoyulan təlim, tərbiyə inkişaf məqsədlərinə nail olmaq üçün müəllim kurikulumun tələbinə uyğun olaraq, şagirdlərin mövzu, problem üzrə əlavə mənbələr üzərində işini təşkil etməli, müzakirə, diskussiya, debat, təqdimat, problemin həlli, layihələrin hazırlanması, müsahibə və s. interaktiv metodlardan məqsədyönlü istifadə etməklə onları fərdi və əməkdaşlıq şəraitində tədqiqatçılıq fəaliyyətinə yönləndirməlidir.
Ədəbiyyat dərslərində qüdrətli sənətkarın sovet rejimi şəraitində müxtəlif janrlarda yazdığı bir sıra əsərlərin əsl mahiyyətini, müstəqillik illərində qələmə aldığı söz sənəti nümunələrinin ideya-bədii zənginliyinin müzakirəsinin, şagird tədqiqatının, əlavə mənbələr üzrə işin təşkili mühüm metodik problem kimi qarşıda durur.
Sənətkarın həyat yolunun, yaradıcılığının, ayrı-ayrı əsərlərinin monoqrafik şəkildə öyrənilməsi zamanı ilk növbədə şagirdləri düşündürən təbii bir sual meydana çıxır: Sovet dönəmində, avtoritar rejimin söz azadlığını boğduğu bir mühitdə, güclü senzura şəraitində istiqlalçı sənətkarın azadlıq, müstəqilliklə bağlı düşüncələri onun yaradıcılığında necə əks olunmuşdur?
Təlim prosesində bu məsələ ilə əlaqədar ilk növbədə şairin öz qeydlərini məktəblilərin diqqətinə çatdırmaq və onların münasibətini öyrənib müzakirə etmək məqsədəuyğundur. B.Vahabzadə sovet rejiminin xalqa zidd mahiyyətini, Azərbaycana gətirdiyi bəlalardan bəhs edən əsərlər yazmasının səbəblərindən danışarkən yazır: “Mən sovet sisteminə və rejiminə qatı düşmən olan, onunla barışmayan, əksinə, namaz üstə ona lənət oxuyan, məhvini arzulayan savadsız, lakin açıq gözlü bir ailədə böyümüşəm... Hələ uşaq yaşlarımdan mən sovet rejiminin zülmünü, zorakılığını və dəhşətlərini öz gözlərimlə görüb ağlımla dərk etdim. Beləliklə, hələ uşaqlıqdan qəlbimdə sovet quruluşuna nifrət toxumları səpildi. Həmin bu toxumlar isə sonralar şeirə çevrilib cücərdi” [9, s.49-50].
Dərsdə müzakirə və müəllimin şərhi vasitəsilə aydınlaşdırılır ki, o, kiçik yaşlarında Şəkidə kollektivləşmə əleyhinə xalq üsyanının şahidi olmuş, Bakıdan gələn rus qoşununun üsyanı yatırarkən camaata divan tutması, yaxın qohumlarının bu üsyanın qurbanı olması, atası və əmisinin qaçaqlara yardım etdiklərinə görə həbs olunması, onun qəlbində silinməz izlər buraxmışdı.
Qələmi püxtələşdikcə şairin mövcud quruluşa nifrəti də ildən-ilə dərinləşir və bu gizli hissini ifadə etmək üçün yollar axtarırdı. Hələ kifayət qədər təcrübəsi, səriştəsi və ustalığı olmadığına görə universitetdə oxuduğu müharibə illərində sözünü birbaşa dediyi şeirlərini çap üçün yazmır, arxivində saxlayırdı.
Ədib sovet dönəmində mövcud rejimin təqiblərindən, senzuranın yasaqlarından xilas olmaq üçün öz yaradıcılığında başqa bir yol seçməyin lazım olduğunu anlamışdı. O, mövcud vəziyyətdən çıxış yolunu bir çox əsərlərini böyük M.F.Axundzadənin “zamanı və məkanı dəyişməklə sözünü demək ” üsulundan istifadə edərək qələmə almaqda görmüşdür. Bu məqam nəzərə alınaraq, ədəbiyyat dərslərində öyrənilən “Vətəndaş” şeirinin, “İstiqlal”, “Şəhidlər” poemalarının, eləcə də müəllimin tapşırığı ilə şagirdlərin müstəqil oxuduğu “Latın dili”, “Mərziyyə”, “Yollar-oğullar”, “Ehramların önündə” və s. əsərlərin müzakirəsi zamanı sənətkarın imperiyaya qarşı apardığı əqidə mübarizəsindən, senzuradan, manqurt məmurlardan qorunmaq üçün sovet ideologiyasına zidd olan fikirlərini “Ezop dili” ilə demək məcburiyyətində olmasından söz açılmalıdır.
B.Vahabzadə özü bu barədə yazırdı: “Sətiraltı mənalarda ürəyimi parçalayan hiss və duyğularımı, beynimi gəmirən fikirlərimi dilə gətirdiyim bütün əsərlərimdən bir məqalədə söhbət açmaq çox çətindir. İstiqlal arzusu və azadlıq duyğularının hamısını üzə çıxarmaq üçün mənim bütün əsərlərimi – dramlarımdan tutmuş şeirlərimə, şeirlərimdən tutmuş məqalələrimə qədər hamısını ələk-vələk eləmək lazımdır. Çünki bu duyğular və fikirlər, demək olar ki, mənim bütün yazılarıma səpələnmişdir.
Vətən, millət, onun tarixi, ədəbiyyatı, ana dili, təhsilin milliləşdirilməsi, xalqın yetirdiyi böyük şəxsiyyətlər, onların əqidə və amallarının tərənnümü və s. mənim istiqlal və azadlıq yolunda apardığım mücadilənin ayrı-ayrı qollarıdır” [9, s.70].
Qüdrətli sənətkarın 1988-ci ilə qədər sovet rejiminə qarşı yazdığı əsərlərini iki qismə bölmək olar: bir qismi birbaşa, açıq-aşkar rejimin dəhşətlərini əks etdirən yazılar, o biri qismi isə senzuranı aldatmaq üçün təsvir olunan hadisəni, nəql olunan əhvalatı ya tarixə, ya da əcnəbi ölkələrə keçirmək yolu ilə yazılan əsərlər.
Birinci qismə aid olan əsərlər rejimin repressiya maşınından qurtulmaq üçün çap məqsədi ilə deyil, sənətkarın şəxsi arxivi üçün yazılırdı. Bu əsərlərin böyük bir qismi
ədibin 1991-ci ildə çap etdirdiyi “Nağıl-həyat” və 1996-cı ildə çap olunan “Körpü çaydan uzaq düşüb” kitablarında “Sandıqdan səslər” başlığı altında verilmişdir.
Hələ tələbəlik illərindən şairin ən böyük etirazı və üsyanı ana dilimizin qapılar dalında ağlar qalması, hakim rus dilinin təcavüzünə məhkumluğu idi. Ədib 1942-1953-cü illər arasında yazdığı şeirlərin böyük bir qismini 1988-ci ildə yazdığı “İki qorxu” poemasında dediyi kimi, yandırmağa məcbur olmuşdu. Yandırdığı bu şeirlərdən birinin bir bəndi belədir:
Bir vaxtlar şax-şax axardı Bu gün donduruldu dilim. Tapdalandı ayaq altda, Gör necə xar oldu dilim.
B.Vahabzadə bu duyğunun təbii davamı olaraq, 1954-cü ildə indi məşhur olan “Ana dili” şeirini yazmışdır. Ana dilinin təəssübkeşi, doğma dilini böyük məhəbbətlə sevən B.Vahabzadə öz yaradıcılığında bu mövzuya dönə-dönə müraciət etmiş, dilimizin müqəddəsliyini, əvəzedilməzliyini yüksək sənətkarlıqla vəsf etmişdir. Şair ana dilinə biganə yanaşan, bu dildə danışmağı özünə ar bilən ədabazları nankor adlandırır, öz doğma dilini qoruyub saxlamağın hər bir insan üçün vətəndaşlıq borcu olduğunu bir daha xatırladır. Şairin fikrincə, ana dili əslində milli düşüncə, milli mənəviyyat, əqidə məsələsidir. Ana dili ağsaqqal babaların, ağbirçək nənələrin bizə miras qoyduğu misilsiz xəzinədir. Milli dili bilməyən insan milli ruhdan, milli mənafe duyğusundan da məhrumdur:
Dil açanda ilk dəfə “ana” söyləyirik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə.
Şair doğma dilinə xor baxan, əcnəbi dillərdə danışmağı müasirlik, mədəniyyət hesab edib, öz dilində danışmağı bacarmayanları nifrətlə damğalayır:
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar!
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!
Həmin şeiri dinləyib bəyənən S.Vurğun V.Leninin əsərlərinin hansı cildindənsə “Biz öz ana dilimizi və vətənimizi sevirik” cümləsini götürüb “Ana dili” şeirinin əvvəlinə öz əli ilə epiqraf yazmışdı. Şeir bir neçə gündən sonra çap edildi. Beləliklə, ustad şair Lenindən qalxan kimi istifadə etmək səriştəsini gənc Bəxtiyara öyrətdi. Ədib sonralar yazdığı “Leninlə söhbət” poemasında ustad şairin öyrətdiyi bu üsuldan daha geniş istifadə etmişdir.
B.Vahabzadənin əvvəlki ədəbiyyat fənn proqramı üzrə öyrənilmiş “Latın dili” şeirinin tədrisi ilə bağlı müəllimlərimizin əksəriyyəti müəyyən təcrübəyə malikdir. Şeirin ideya-bədii əhəmiyyətini nəzərə alaraq, onu şagirdlərə sinifdənxaric oxu materialı kimi tövsiyə etmək və sənətkarın yaradıcılığı üzrə dərsdə tətbiq, yaradıcı iş materialı kimi müzakirə etmək məqsədəuyğundur.
Şeirdə sənətkar fikirlərini təsdiq, hökm şəklində deyil, bədii suallardan geniş istifadə etməklə verərək əsərin oxucuya bədii – estetik təsirini gücləndirməyə, onu həmin suallar ətrafında dərindən düşünməyə sövq etməyə müvəffəq olmuşdur. Bədii sual formasının seçilməsi şairə xalqı ölən, lakin özü yaşayan latın dilinin xalqı yaşasa da, özü istifadəsiz qalan bir dillə müqayisə etməyə, bununla da qarşısında qoyduğu başlıca məqsədə çatmağa imkan yaratmışdır:
İndi söylə, Hansı dilə ölü deyək: Vətən varkən, Millət varkən, Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi? Yoxsa, uzun əsrlərdən keçib gələn, Xalqı ölən, Özü qalan bir diləmi?
Şair bu misralarda oxucuya belə bir fikri çatdırır ki, əsl canlı dil yaşayan, istifadə olunan, insanlara xidmət edən dildir. Xalqı yaşasa da, özü yaşamayan, istifadəsiz qalan dil əslində ölüdür. Dili yaradan, ona həyat verən xalqdırsa, xalqı da yaşadan dildir. Müzakirə nəticəsində şagirdlərdə belə qənaət hasil olmalıdır ki,
Bilal Həsənli. Kurikulum üzrə
ədəbiyyat dərslərində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları əslində bu əsər sovet rejiminin əsarətdə olan xalqların dilini sıxışdırıb çıxarmağa yönəlmiş siyasətinə etirazın ifadəsi idi.
Şair cəmiyyətdə yalan, saxtakarlıq mühiti yaradan qırmızı imperiyanın iç üzünü açmaq, ona öz kəskin münasibətini bildirmək üçün ilk baxışda adi görünən, ağlagəlməz mövzulardan istifadə edir. 1953-cü ildə yazdığı “Əmzik” şeirini şair o zaman 7-8 aylıq olan körpə qızı Gülzara həsr etmişdir. Anasının südü olmadığına görə uşaq ağlayanda onu əmziklə aldadırlar. Şair bu adi məişət hadisəsindən çıxış edib, sovet cəmiyyətində baş alıb gedən yalana, saxtakarlığa işarə vurmaq fürsətini əldən vermir:
Aldadırıq, aldanırıq elə biz, Saxta əmzik ağzımızda bal dadır. Uşaq ikən öz doğmaca anamız, Böyüyəndə həyat bizi aldadır.
IX və XI siniflərdə ədəbiyyat dərslərində sənətkarın poema yaradıcılığı üzrə də tədqiqatın təşkilinə, müzakirəyə imkanlar vardır. B.Vahabzadənin sovet dövründə yazdığı şeir və poemalarda həm müstəqim, həm də rəmzi və simvolik mənalar vardır. Təlim prosesində sənətkarın yaradıcılığı üzrə müzakirələr zamanı həmin əsərlərdəki mətnaltı mənaya xüsusi diqqət yetirilməlidir. Onun, poemalarında istiqlaliyyət, insanın, xalqın azadlığı ideyası da aparıcı yer tutur. “Bəxtiyar Vahabzadənin bir vətənçi şair kimi orijinallığı və sovet ədəbiyyatı prinsiplərindən uzaqlaşmaq səyləri onun poemalarında özünü daha qabarıq göstərir. İlk poemaları olan “Gülüstan”, Füzuliyə həsr olunmuş “Şəbi-hicran”, el muğamlarına həsr edilmuş “Muğam”, dahi xalq şairi Sabirə həsr olunmuş “Ağlar-güləyən” kimi əsərlər 60-cı illər poeziyasında yeni hadisə idi və şairin ənənəvi poeziyadan və mövzulardan uzaqlaşmaq səylərini ifadə edirdi. Bu poemaların hamısında klassik ədəbiyyatımızın ovqatları, qəm, kədər, iztirab motivləri müşahidə olunur. Şair azadlıq və müstəqillik arzuları ilə yaşayan Azərbaycan xalqının kədər və faciələrini birbaşa təsvir edə bilməzdi, bu halda mütləq repressiyalara məruz qalardı. Ona görə klassik ədəbiyyat motivlərindən, Füzuli, Sabir kimi böyük şairlərin xalq kədərindən yazmaqla mənsub olduğu millətin, sovet zülmünün kədərini qələmə aldı [1, s.164].
Sovet imperiyasının xalqımıza öz qəhrəmanlıq keçmişini, tarixini unutdurmaq cəhdlərinə cavab olaraq şair məşhur “Gülüstan” poemasını yazmış, Vətənimizin düşmənlər tərəfindən parçalanması, xalqımızın öz azadlığını itirməsi barədə tarixi həqiqətlərdən bəhs edən bu əsərə görə təqiblərə məruz qalmışdır. Poemanın mərkəzi mətbuatda işıq üzü görməsinə nail ola bilməyən şair onu “Nuxa fəhləsi” adlı rayon qəzetində çap etdirmişdir. Əsərin sorağı Mərkəzə çatanda şairə qarşı təqiblər başlamış, işlədiyi universitetdə ona şiddətli töhmət verilmiş, bir bəhanə ilə müəllimlikdən azad edilmişdi. Lakin qədirbilən oxucular əsəri əlyazması şəklində oxumuş, əldən-ələ ötürərək yaymışdılar.
Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə həsr olunmuş poemada şair “Azərbaycanın Rusiyaya birləşdirilməsinin” bayram edildiyi bir mühitdə iki od arasında qalıb parçalanmış Vətənin acı taleyindən ürək ağrısı ilə söz açmışdır. Əsərdə bir anın içində yurdumuzun iki pay kimi bölüşdürülməsi hökmünə çevrilən müqaviləyə müraciətlə sənətkarın dediyi sözlərdə xalqın kədəri, millətimizin qan düşmənlərinə nifrəti öz bədii əksini tapmışdır:
Ey kağız parçası, əvvəl heç ikən
Yazılıb qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən, Qolunu bağlayan hökmdar oldun.
Şairin Cənub mövzusunda yazdığı silsilə əsərlər Vətənin ayrılıq dərdini ürəyində gəzdirən xalqımızın nisgilli hislərini, duyğularını əks etdirir. Həmin əsərlərdə ikiyə bölünmək faciəsini yaşayan xalqın hər bir övladının qəlbində qövr eləyən dərdlər dil açıb danışır, bu ədalətsizliyə etirazını bildirir:
Yarım bu tayda qaldı,
Yarım o tayda qaldı.
Toyum burda çalındı, Yarım o tayda qaldı.
B.Vahabzadə azadlıq uğrunda geniş xalq hərəkatının bilavasitə iştirakçısı olan, 20 Yanvar faciəsinə ilk etiraz səsi qaldıran, xalqın misilsiz qəhrəmanlığını və dərdini bədii ədəbiyyata gətirən dönməz əqidəli sənətkardır. İmperiya cəlladlarının silahından qorxmayan sənətkar şəhidlərin ruhuna “Şəhidlər” poeması ilə əbədi heykəl ucaltmışdır. Onun bu mövzuya həsr etdiyi əsərlərində ölümün gözlərinə dik baxan, qolundakı mütilik buxovlarını qırıb ataraq, son və qəti mübarizəyə başlayan vətənpərvər insanların parlaq obrazları yaradılmışdır.
Həyat öz millətinin qəhrəmanlıq tarixini söz sənətində əks etdirən şairin belə bir inamını bir daha təsdiq etdi ki, ölümdən qorxmayan insanların azadlıq eşqini heç kəs boğa bilməz. Haqq səsini top-tüfənglə, ən güclü ordu ilə belə susdurmaq olmaz:
O şənbə gecəsi, o qətl günü,
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü, O gecə dağıdıb sökdü Şəhidlər…
İnsan insan olur öz hünəriylə, Millət millət olur xeyri, şəriylə. Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi Şəhidlər.
Həmin matəm günlərini xatırlayan şair yazırdı ki, bəzən Cavanşir, Babək, Cavad xan, Çələbi xan kimi tarixi qəhrəmanlarımız haqqında oxuduğumuz kitablarda onların qorxmazlığından, şücaət və cəsarətlərindən əfsanəyə bənzər elə epizodlara rast gəlirik ki, insan bu boyda fədakarlığa inana bilmir. Bəzən mənə elə gəlir ki, yəqin xalq öz qəhrəmanlarını görmək istədiyi mərtəbədə əfsanələşdirmiş və onlar haqqında məlumat bizə şişirdilmiş və böyüdülmüş halda çatmışdır. Şənbə gecəsinin şəhidlərinin cəsarət və qəhrəmanlığını öz gözlərimlə görəndən sonra tar-ixi qəhrəmanlarımızın cəsarət və şücaətinə məndə şübhə qalmadı.
Dünənə qədər hər gün rast gəldiyimiz, bəzilərini tanımadığımız bu adi cav-anlar bir gecənin içində nə boyda böyük qəlbə malik olduqlarını öz ölümləri ilə təsdiq edib, qeyri-adiləşdilər. Zaman keçəcək, xalq bu igidlər barədə əfsanəvi das-tanlar yaradacaq, şair və yazıçılarımız onlar haqqında kitablar yazacaqlar.
Şair qara yanvar günlərində inanırdı ki, azadlıq uğrunda canını qurban verən şəhidlərin qanı yerdə qalmayacaq, əsrlər boyu arzuladığı azadlığa qovuşan xalqımız şəhidlərin xatirəsini əbədi yaşadacaqdır:
Onlar sübut etdi: hər qara zülmün
Əli uzansa da, ömrü gödəkdir.
Xalqın azadlığı sabah, biri gün Şəhid yarasından göyərəcəkdir!
Şairin istiqlal şeirləri içərisində türk xalqlarının taleyi, türk dünyasının birliyi ilə bağlı əsərlər mühüm yer tutur. Qardaş Türkiyədə çox sevilən şair 1994-cü ildə “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülmüşdür. Şairin böyük sənətkarlıqla yazdığı “Azərbaycan-Türkiyə” şeirində bir millət iki dövlətin tarixi köklərindən, xalqlarımızın bir-birinə bəslədiyi məhəbbət duyğularından, tarixin sınaqlarından çıxmış birliyindən söz açılır:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu, O da ulu, bu da ulu, Azərbaycan – Türkiyə!
“Aluştada Əmət xan Sultanın heykəli önündə” əsərində Krım türklərinin öz doğma vətənindən sürgün edilməsindən, bu cinayəti törədənlərdən bəhs edilir. Krım türklərinin faciəsini əks etdirən digər şeirində şair türk xalqlarının məruz qaldığı məhrumiyyətlərə, repressiyalara öz etirazını bildirir:
Millətə yad oldu, gəlməyə Vətən oldu.
İndi necə ayıraq burda xeyirdən şəri, Axı, haqqın gözləri oyum-oyum oyulmuş. Torpağın altındadır torpağın sahibləri, Gəlmələr torpaq üstə torpağa sahib olmuş.
Məlumdur ki, 1986-cı il dekabrın 17-də Alma-Atada qazax xalqının Moskvanın imperiya siyasətinə, milli hüquqlarının tapdalamasına qarşı etiraz mitinqi sovet rejiminin çöküşünün ilk carçısı oldu. Lakin imperiya rəhbərlərinin hələ güclü olduğu bir şəraitdə, şair həmin faciəli hadisələrdən açıq danışa bilməzdi. O, bu hadisəyə öz münasibətini bildirmək üçün dostu, məşhur tarixçi-alim Şirməmməd Hüseynovun da ad gününün həmin günə düşməsindən istifadə edib “17 dekabr” şeirini yazmışdır. Özünü mümkün repressiyadan qorumaq üçün bu təsadüfdən qalxan, dayaq nöqtəsi kimi istifadə edən şair yazırdı:
Sənin ad günündə gördünmü birdən, Qaranlıq üfüqdə çaxan şimşəyi.
Həmişə zamanın lal axarından
Gözlə fırtınanı, gözlə çox şeyi.
Həmin o fırtına döndərib yönü, Başqa bir dövranın olar ad günü. ...Vaxtın axarında sular durulur, Gerçək gül açanda solur riyalar, Bir anın içində solub məhv olur Yüzillik, minillik imperiyalar.
B.Vahabzadənin sovet dövründə beynəlxalq mövzuda yazılmış əsərlərində də dolayısı ilə Azərbaycan xalqının azadlıq idealı öz əksini tapmışdır. Şair öz istiqlaliyyəti uğrunda mübarizə aparan xalqlardan yazanda, onlarla həmrəyliyinin ifadə edəndə, əslində Rusiyadan asılı vəziyyətdə yaşayan, öz sərvətlərinin xeyrini görməyən xalqları, ilk növbədə isə öz xalqını nəzərdə tutmuşdur.
Nəticə / Conclusion
B.Vahabzadə Vətənin müqəddəratı, istiqlal mübarizəsi kimi taleyüklü məsələlərə dram əsərlərində də dönə-dönə toxunmuşdur. Görkəmli dramaturqun “Dar ağacı”, “Fəryad” tarixi dramlarında sənətkar tarixi keçmişə müraciət etməklə, xalqımızın taleyində böyük rol oynamış şəxsiyyətlərin obrazlarını yaratmaqla oxucunu öz keçmişinə yeni nəzərlərlə baxmağa, ibrət dərsi almağa səsləyir. Ədibin uğurla tamaşaya qoyulmuş “Özümüzü kəsən qılınc” pyesi tarixi mövzuda yazılsa da, müasir dərdlərimizlə səsləşir.
Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının tədrisinə yeni yanaşma, müzakirə, diskussiya, debat, təqdimat, problemin həlli, layihələrin hazırlanması, müsahibə və s. interaktiv metodlardan məqsədyönlü istifadə, əlavə mənbələr üzərində işin təşkili şagirdlərdə sənətkarın vətəndaşlıq, istiqlalçılıq, müstəqillik amalı ilə bağlı dolğun təsəvvür yaradır, vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Şairin yaradıcılıq yolu, monoqrafik şəkildə öyrənilən əsərlərinin öyrədilməsi zamanı ədibin milli-mənəvi dəyərlərimizin, ana dilimizin təəssübkeşi, Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparan istiqlal şairi kimi fəaliyyəti barədə qazanılmış biliklər, müzakirələr zamanı yaranmış qənaətlər şagirdlərdə fəal həyat mövqeyi formalaşdırır.
Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı, Bakınəşr. 212 s.
Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı, Bakınəşr. 211 s.
Список литературы Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları
- Cəfərov N., Həbibbəyli İ., Əliyeva N., Bakıxanova A. (2010). Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı, Çaşıoğlu. 178 s.
- Həbibbəyli İ., Həsənov B., Hüseynoğlu S., Mustafayeva A. (2018). Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı, Bakınəşr. 212 s.
- Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. (2017). Ədəbiyyat. VII sinif. Müəllim üçün metodik vəsait. Bakı, Bakınəşr. 211 s.
- Həsənov B., Əliyev S.Mustafayeva A., Verdiyeva N. (2020). Ədəbiyyat. IX sinif üçün dərslik. Bakı, Bakınəşr. 227 s.
- Həsənov B., Əliyev S.Mustafayeva A., Verdiyeva N. (2020). Ədəbiyyat. IX sinif. Müəllim üçün metodik vəsait. Bakı, Bakınəşr. 227 s.
- Həsənov B., Hüseynoğlu S., Mustafayeva A. (2018). Ədəbiyyat. XI sinif. Müəllim üçün metodik vəsait. Bakı, Bakınəşr. 245 s.
- Hüseynoğlu S. (2019). Ədəbiyyatın məktəbdə öyrədilməsi. Bakı. 262 s.
- Hüseynoğlu S., Həsənli B., Mustafayeva A., Məmmədova S. (2017). Ədəbiyyat. VII sinif üçün dərslik. Bakı, Bakınəşr. 211 s.
- Vahabzadə B. (1999). İstiqlal. Bakı, Gənclik. 67 s.
- Vahabzadə B. (2004). Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Öndər nəşriyyatı. 320 s.