Qədim dövr Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri (N.Gəncəvinin “Xəmsə”si əsasında)

Автор: Pərixanım Soltanqızı (Hüseynova)

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Uşaq ədəbiyyati

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Məqalədə N.Gəncəvinin yaradıcılığı əsasında qədim dövr Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri araşdırılır. Tədqiqatın əsas obyekti şairin “Xəmsə”sidir. Burada “Yaralı bir uşağın dastanı”, “Ağlın gözü işıqlanmış qəlb evinin çırağından”, “Sultan Səncər və qarı”, “Oğlum Məhəmmədə nəsihət” (“Sirlər xəzinəsi”), “Bəhramın qoca çobanın evinə yetişməsi” (“Yeddi gözəl”), “Qibtli Mariyanın hekayəsi” (“İskəndərnamə”) və s. hekayələr uşaq mütaliəsi nümunələri kimi tədqiq olunur. Ağıl, bacarıq, fərasət, ədalət, əməyə və vətənə məhəbbət, dövlətçilik, xeyirin şər üzərində qələbəsi və s. motivlər elmi təhlilə cəlb edilir. Tədqiq olunan uşaq mütaliəsi nümunələrinin yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsində rolu araşdırılır. Elmi polemika aparılır. Müəllifin elmi qənaətləri və mülahizələri ədəbi sitatlar üzərində təhlil edilir.

Еще

Poetika, “Xəmsə”, ağıl, bacarıq, elm, humanizm, obraz, bədiilik

Короткий адрес: https://sciup.org/170175813

IDR: 170175813   |   DOI: 10.48445/TAIIJ.2021.10.76.011

Текст научной статьи Qədim dövr Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri (N.Gəncəvinin “Xəmsə”si əsasında)

ARTICLE HISTORY

Received: 16.11.2020

Accepted: 13.01.2021

In this article the examples of children's reading are researched of ancient time of Azerbaijan literature on the base of creation of N.Ganjavi. The main object of investigation is the poet's “Khamsa”. In here the stories “Yarali bir ushaghin dastani”, “Aghlin gozu ishiglanmish qelb evinin chiraghindan”, “Sultan senjer ve Kari”, “Oghlum Mahammade nasihet” (Sirler khezinesi – the Treasury of mysteries), “Behramin qoca chobanin evine yetishmesi” (Yeddi Gozel – Seven Beauties), “Gibtli Mariyanin hekayesi” (İskendername) are investigated as a children's reading. Cleverness, honesty, love to the labour and land, governmentality, the victory and etc motives have been analyzed scientifically. The role of the examples of children's reading are researched in the moral bringing-up of the adolescents and young people. It has been carried out scientifical polimics. The scientific research of the author are carried literary examples.

Giriş / Introduction

Nizami Gəncəvi özünəqədərki Şərq, eləcə də Yunan elm və mədəniyyətini yaradıcı şəkildə öyrənərək mənimsədi. Öz novatorluğu sayəsində lirik və epik şeirə yeni istiqamət verdi. Sənətin ağıl və zəhmətlə vəhdətini tərənnüm etdi. Nizami yaradıcılığı humanizmliyi ilə seçildi. Onun “Xəmsə”sinin təsiri ilə bir çox qələm sahiblərinin “Xəmsə”ləri yarandı. Əmir Xosrov Dəhləvi, Hafiz, Arif Ərdəbilli, Əssar Təbrizi, Məhəmməd Füzuli kimi sənətkarlar Nizami yolunu davam etdirdilər.

Nizami Gəncəvinin “Xəmsə”sində təlim-tərbiyə məsələləri, insanın yüksəlişi, kamilliyi, dövlətçilik ənənələri, vətənə, əməyə məhəbbət, xeyirxahlıq kimi motivlər mühüm yer tutur. Bu amillər nəinki böyüklərin, habelə uşaqların, yeniyetmə və gənclərin tərbiyəsində də təsiredici rol oynayır. Dahi şairin “Sultan Səncər və qarı”, “Kərpickəsən kişinin dastanı”, “Zalım padşahla Zahidin dastanı”, “Nuşirəvan və bayquşların söhbəti”, “Süleyman və əkinçi”, “Oğlum Məhəmmədə nəsihət”, “Ağıllı gözü işıqlanmış qəlb evinin çırağında”, “Bəhramın qoca çobanın evinə yetişməsi”, “İki filosofun dastanı”, “Qibtli Mariyanın hekayəsi”, “Payız yetişdi”, “Sözün tərifi” və digər mənzum hekayə və şeirləri qədim dövr Azərbaycan ədəbiyyatında uşaq mütaliəsinə aid olan ən gözəl nümunələrdir.

“Ağlın gözü işıqlanmış qəlb evinin çırağından” qəsidəsində insanın əməklə ucalması, elm, bilik qazanmağın ancaq zəhmət hesabına mümkünlüyü tərənnüm olunur.

Qəsidənin məzmunu belədir: İnsanın yüksəlişi əməklə bağlıdır. Var-dövlət uğrunda vuruşmaq, məhz bundan ötrü şahmara dönüb xəzinənin üstündə ilan kimi qıvrılaraq yatmağın mənası yoxdur. Əgər işinlə, zəkanla zülmətlərə yol açsan, əməlinlə tarixlərdə, yaddaşlarda yaşayacaqsan. Aləmin şahı olub ucalmaq istəyirsənsə, gecələr ay kimi ayıq ol ki, bütün sirlər sənə əyan olsun.

Əgər xəznə ilanısan, halqa olma qapıda sən? Viranlıqdır xəznələrin şahmarına əsil məskən. Səhv elədim, ilan olma, lap cənnətin ilanı da, Ki, haqqında pis söz yazıb, verməsinlər səni bada. Gecə aytək oyaq ol ki, sirlər əyan olsun sənə, Əgər aləm görən aysan, ya da şahsan bu aləmə. Əgər cənnət istəyirsən, özün parla gövhər kimi, Gecələri işıqlandır öz nurunla qəmər kimi

[1, s.35].

“Yaralı bir uşağın dastanı” (“Sirlər xəzinəsi”) şeirində şair ağlın, kamalın, uzaqgörənliyin nəticəsinin xeyirli işlə tamamlandığını bədii lövhələrlə canlandırır. Həmyaşıdları ilə gəzməyə çıxan uşaqlardan biri sürüşüb yıxılır və ayağı sınır. Yoldaşları bu bəladan xilas olmaq üçün çarə axtarırlar. Uşağın biri – onu özünə dost biləni bu iş üçün atasının yanında xəcalətli qalmamaq məqsədilə uşağı quyunun lap dibində gizlətməyi təklif edir. Lakin bu uşağın düşməni olan digər bir uşaq öz ağlı, fərasəti, uzaqgörənliyi ilə yoldaşlarına qalib gəlir. Düşünür: “Bu sirr gizlində qalmaz, mən ki həmin uşağın bir düşməniyəm – demək, bu işi eşidənlər, yəqin ki, məndən biləcək”. Yoldaşlarından gizlin uşağın atasını bu işdən xəbərdar etməklə həm düşməninin həyatını xilas edir, həm yoldaşlarını düşdükləri vəziyyətdən qurtarır, həm də özünü yarana biləcək şübhələrdən azad edir. Düşmən uşaq haqlı idimi? Əlbəttə. Əgər dostunun təklifi ilə uşaqlar razılaşsaydılar, ayağı qırılan uşaq quyunun dibində həyatı ilə vidalaşmalı olacaqdı. Çünki ayağı sındığından quyudan çıxa bilməyəcəkdi. Onun haray dolu fəryadını da eşidən olmayacaqdı. Ağıl, fərasət insanın gövhəridir. Bu amillər insanı ucaldar, onu qaranlıqlarda işıqlandırar. Şair gənclərə nəsihət edir: “Hər kəsin ağlı, bacarığı, fərasəti olarsa, fələyin min bir oyunundan baş açar, ona qalib gələr, əks halda, fələyin girdabına qurban gedər”.

“Leyli və Məcnun” poemasında yer alan “Oğlum Məhəmmədə nəsihət” şeirində şair göstərir ki, elm, ağıl, səbir, hünər insanların bir-birinə zəncirvari bağı, uğurlu gələcəyidir. Elmin xəzinəsinə bələd olan kəs dünyanın işlərindən arif olar. Çətinliklərlə üzləşən zaman kədərlənmə, nəticə əldə etməyə tələsmə, “ciyər yırtsa da qəmin peykanı, bunun üçün yaranmış səbrin qalxanı. Nə qır, yaxşı dürrü, nə boş yerə saç”. Şair oğluna əsli olanı özünə dost seçməyi məsləhət görür. Burada Nizami xalqın hikmət xəzinəsinə üz tutur:

Zatı pis uzatsa yaxşılıq əli, “İtirməz əslini kimsə” məsəli.

Yadından çıxmasın, görsən bədgövhər Əqrəbi öldür ki, yetirər zərər

[1, s.312].

Şair nadan dostla heç bir xeyirli iş alınmadığını, gələcək bəlalardan qorunmaq üçün belələrindən uzaq durmağın faydalı olduğunu göstərir, elm, bilik öyrənməyi təlqin edir: “Elm öyrənməkdən heç vaxt utanma, kim ki, elm öyrənməyi heç zaman özünə ar bilməz, sudan dürr, daşdan da gövhər çıxardar. Öyrənməyi ar bilən həyatda heç nə əldə edə bilməz”. Məhəmmədə həyatda comərd, xeyirxah, alicənab olmağı, yaxşı işlər ilə xalqına xeyir verməyi tövsiyə edir. Oğluna Məhəmməd peyğəmbərin adını daşımasını unutmamağı, bu adı şərəflə daşımağı nəsihət edərək deyir:

Adın xoş gülüdür əbədiyyətin,

Məhəmməd isminin möhürüsən mətin.

Adına yaxşılıq sikkəsini çal, Böyük şöhrət qazan, göylərə ucal [1, s.311].

“Sultan Səncər və qarı” hekayəsində qoca bir qarı Sultan Səncərin yaxasından tutaraq, onun ədalətsizliyini, etdiyi zülmləri qorxmadan üzünə söyləyir. Sultan Səncərin zalım, qəddar şah olduğunu, dövlətində rüşvətxorluğun, özbaşınalığın baş alıb getdiyini, yetimlərin, ağ saçlarına hörmət olunmayan əlsiz-ayaqsız qocaların çörəyinin əlindən alındığını, onları evsiz-eşiksiz qoyduğunu bir-bir anladır. Hətta kefli bir darğanın sərxoş halda onu təpikləri altında əzməsini, qatili ondan xəbər almasını deyərək, Sultan Səncəri ədalətə, düzlüyə çağırır:

Ey şah! Dada çatmasan, olurkən qəlbim kabab, Qiyamətin günündə çəkilər səndən hesab. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm? Mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah, Səndən xarlıqdır gələn, bizə ol bundan agah

[1, s.58].

Qarı ona xatırladır ki, özü Allahın qulu ola-ola, Allahın qullarına zülm edir. Buna görə axirət dünyasında ondan haqq-hesab istəyəcəklər. Bununla şair demək istəyir ki, Allahın qulu istər şah olsun, istər nökər, bir gün hər kəs bu dünyadan köçəcək, yalnız onun xoş əməlləri, xeyirxah işləri qalacaq. Bununla da o, insanları yaxşı işlər görməyə, xeyirxah olmağa çağırır.

Sultan Səncər qarının sözlərindən nəticə çıxartmır. Ölkəsində baş alıb gedən zülm və ədalətsizliyin qarşısını almaq əvəzinə, onu daha da şiddətləndirir. Əməllərinə görə o, cəzasız qalmır.

Xorasanı alandan sonra o, Sultan Səncər, Bu sözü asan bilib çəkdi çox böyük zərər.

Bu misralarda böyük Nizami Sultan Səncərin Xorasanı əldən verdikdən sonra Qaraxana əsir düşdüyü tarixi hadisəni xatırladır.

“Zalım padşahla Zahidin dastanı”nda isə padşah Zahidin sözlərindən ibrət götürərək dəyişir və ədalətli şaha çevrilir. Boynuna kəfən salıb hüzuruna gələrək, onun eyiblərini üzünə söyləyən qocanın kəfəninin onun boynundan çıxarılmasını əmr edir:

Çıxarın onun kəfənini boynundan,

Ətirli xələt verin, qoy sevinsin bu insan. Əl çəkib zalımlıqdan o bir adil şah oldu, Rəiyyətini sevib, dərdindən agah oldu.

“İki filosofun dastanı”nda mənəm-mənəmlik iddiasında olan bir mülkə iki ortaq həkimin arasındakı kəskin ədavəti bədii lövhələrlə canlandırır:

Mənlik olan yerdə sənlik şam yanmadı, Birdir iki olsa haqq kimsə onu dinləməz. Bir bədəndə iki baş yaramaz, birini kəs! Bir qında iki qılınc qərar tutub durarmı? Məclisdə iki Cəmşid bir taxta oturarmı? İki tamahkar ağıl, hey güc verdi sözünə [3, s.64-56].

Söhbət kəskinləşir, ortada ədavət qızışır. Oturduqları evi satışa çıxardırlar. Bu da baş tutmayanda hiyləgərliyə əl atırlar. Qərara gəlirlər ki, bir qabda şərbət hazırlayıb içsinlər. Kim elmlidir, bacarıqlıdır, qalib odur. Birinci iddiaçı şərbətə zəhər qatıb məslək yoldaşına verib deyir: “Canpərvər şərabdır, al! Zəhər deyil, şərabdır, al, iç. Məndən razı qal”. Cavabdeh şərbətdəki zəhəri ayırd etsə də, halını pozmadan onu şəkər kimi qəbul edir. Çünki o, nuskiya otunu qaynadıb öncədən içmiş, zəhər deyən yeri tiryəkləmişdi. Tiryək zəhərin təsirini bir anda məhv edir. Yanan pərvanə yenidən qanadlanır. Yolüstü bağçadan bir gül üzüb, ofsun oxuyur. Zəhərdən daha güclü, daha təsirli ofsunlu gülü rəqibi əlinə alan kimi qorxudan bağrı yarılıb, həyatı ilə vidalaşır.

Nizami poetikləşdirdiyi bu dastanda folklor motivlərindən qaynaqlanmışdı. Da-ha çox nağıllarda, dastanlarda işlənən hiyləgərlik, paxıllıq, çəkişmə, nadanlıq, ağıl, fərasət, xeyir və şər qüvvələr burada öz əksini tapır. Sonda ağıl və fərasət şərə qalib gəlir.

“Xosrov və Şirin” poeması məhəbbət mövzusunda yazılsa da, burada eşqin təsiri ilə insanın tərbiyələnməsi, dəyişməsi, kamilləşməsi əsərin əsas ideyasını təşkil edir. Şairin də burada əsas məqsədi, insanı pis əməllərdən çəkindirib ədalətli, xeyirxah insana çevirməkdir. Poemada Xosrovun Şirinə olan məhəbbətinin təsiri nəticəsində dəyişməsi təsvir olunur. Xosrovun dəyişməsi oxucunun da tərbiyəsində öz müsbət ro-lunu oynayır, ona insani keyfiyyətlər aşılayır. İnsanın ucalığı, eşqin və əməyin qal-ibiyyəti yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayır. Bununla yanaşı, Zahid Xəlilin, Füzuli Əsgərlinin qeyd etdikləri kimi, “Xosrov və Şi-rin” məhəbbət dastanı olsa da, buradakı bəzi məqamlar uşaqların mənəvi tərbiyəsində əsas rol oynaya bilir. Şair bu əsərində də alleqoriyadan məharətlə istifadə edərək, bitkiləri insan kimi danışdırmış, uşaqlara da maraqlı təsir bağışlayan gözəl təbiət mənzərələri, bu mənzərələrlə uyarlılıq təşkil edən hadisə və əhvalatları sənətkarlıqla qələmə almışdır” [5, s.52].

N.Gəncəvi “Leyli və Məcnun” poemasında öz eşqi ilə dünyaya səs salan azad məhəbbətin, insan azadlığının tərənnümçüsü olan gənc məktəbli obrazlarını yaratmışdır. Elə bir obraz ki, bütün dini ehkamlara və feodal qayda-qanunlara mey-dan oxuyaraq, onları dağıtdı və bütün bəşəriyyətə sübut etdi ki, eşq nəinki bütün dini ehkamlardan, hətta qayda-qanunlardan da ucadır. Elm, əql, iradə, səbir də həqiqi eşq qarşısında acizdir. Gənc məktəbli Leyli də aşiqindən geri qalmadı, axıtdığı göz yaşları ilə təmsil etdiyi qadın hüquqsuzluğuna qarşı üsyan etdi. Doğru yolda olduğunu ölümü ilə sübut etdi. 14-15 yaşlı bu məktəbli gənclər – oğlan və qız, Şərq ədəbiyyatında dildən-dilə düşüb əbədiləşərək, aşiqlərə örnək oldular. Bu ilahi eşqi müasir dövrümüzdə isə İlhamla Fərizə yaşadı.

N.Gəncəvinin müəllifi olduğu “Yeddi gözəl” poemasında yalan, hiylə, zülm, işgəncə qətiyyətlə pislənir, naləsi ərşə qalxan insanların yurd-yuvasız qalmasının səbəbkarı olan vəzirlərin bəd əməlləri ifşa edilir. Müəllif öz əməllərinin arxasında gizlənərək törətdikləri faciələri, günahsız axıdılan qanları şahların zülmü kimi tanıdan bu tipli vəzirlərin obrazını ümumiləşdirmiş, onları “Yeddi gözəl” poemasında Bəhram Gurun vəziri Rastü-Rövşənin simasında ifşa etmişdir. “Bəhramın qoca çobanın evinə yetişməsi” hekayətində belə nəql edilir: Bəhram müharibə etməyə hazırlaşanda görür ki, nə qoşunu var, nə xəzinəsi. Qəlbini ovutmaq üçün təkbaşına ova çıxır. Ovda susuzlayır. Uzaqdan ətrafa ucalan tüstünü görüb, su içmək üçün tüstü gələn tərəfə atını çapır. Sürülərin otladığını, ağacdan itin başı aşağı asıldığını görüb, çobana yaxınlaşır. Çoban vaxtsız gələn qonağını mehriban qarşılayır, onu süfrəyə dəvət edir. Şah bildirir ki, itin ağacdan niyə asıldığını deməyincə, onun süfrəsindən çörək kəsməyəcək. Çoban bu sirdən qonağını agah edir. Məlum olur ki, vaxtilə öz etibarı ilə fərqlənən, sürünü vəhşi heyvanlardan qoruyan, sonra isə bir dişi canavara aşiq olduğu üçün ağlını itirən it, sürünü qurda yem etmiş, sahibinin etibarını eşqinə qurban vermişdi. Sürünün getdikcə azaldığını görüb, bu sirrin üstünü açan çoban kö-pəyi bu üsulla cəzalandırmışdı. Çoban şaha deyir:

Xəyanət işləmiş o, əmanətə,

Satır əminliyi min xəyanətə,

Günahkarla belə rəftar etməsən, Kimsə deməz sənə: “afərin, əhsən”.

Bəhram Gur çobanın sözündəki hikməti, mənanı anlayır. Çoban öz əməli ilə hökmdara ibrət dərsi verir: “xəyanətkar cəzasız qalmamalıdır”. Geri qayıdan Bəhram vəzirini divana çəkir, ondan haqq-hesab tələb edir.

Vəzir inandığım, gözüm, canımdır, Hər zaman sürünü qoruyanımdır. Desin: ölkə niyə bir viranədir?

Belə bərbadlığın əsası nədir?

Bəhram Gur zindandan gətirtdiyi siyahılara baxarkən, vərəqlərdən boylanan bir cümlə onun diqqətini cəlb edir: “Padşah ölüm kəsir, vəzir bağışlar”. Vəzirin xəyanətləri bir-bir üzə çıxır. Şah vəziri ölüm hökmü ilə cəzalandırır, ölkəsində ədaləti bərpa edir, çobanı isə saraya çağırır.

Şair qələmə aldığı bu hekayətdə şahı çobanın vasitəsilə tərbiyə edir. Onu məsuliyyətə çəkir. Eyş-işrətə uyub, ölkəsini Rastü-Rövşən kimi xəyanətkar, zülmkar vəzirlərə etibar etməyin aqibətini göstərir.

“Qibtli Mariyanın hekayəsi və onun kimyagərliyi” (“İsgəndərnamə”) hek-ayəsində Qızıl iksiri Ərəstundan öyrənən Qibtli Mariya iksir alimi tək şöhrət qazanır. Bu elmlə ölkəsini xəracdan, borcdan qurtarır. Xəzinəsini doldurur, var-dövlətini artırır, qoşunda nə qədər süvari varsa, atlarının nallarını qızıldan düzəltdirir.

Çoxu bu sarayda yeyib gəzərdi, Hətta eşşəyin də palanı zərdi.

Qızıl bəzəklərin yox idi həddi, İtin də zənciri qızıldan idi

[2, s.56].

“Payız yetişəndə” şeiri qədim dövr ədəbiyyatında uşaq oxusunun təbiət mövzusunda yazılmış ən gözəl nümunələrindən biridir. Şeir məktəbəqədər və kiçik yaşlı məktəblilər üçündür. Uşaqlar burada iki fəsillə – yay və payızla tanış olurlar. Artıq yay fəsli sona yetib, payız yetişib. Payızın gəlişi ilə bağların əhval-ruhiyyəsi dəyişib. Bağlar yaşıl yarpaqsız və meyvəsiz qalmış, cəh-cəh vuran quşlar da lal olmuş, reyhanın şux yarpaqları tökülmüşdür. Nizami oxucularının gözü qarşısında yay fəslində təbiət necə olursa, onu canlandırır. Həm də payızın yetişməsilə təbiətin li-basının necə dəyişdiyini təsvir edir:

Əsdi xəzan yeli, payız yetişdi, Bağların əhvalı tamam dəyişdi. Küləklər taladı bağçanı, bağı, Söndü al güllərin yanar çırağı. Arxlar kənarında otlar sapsarı, Töküldü reyhanın şux yarpaqları. Sanki ağaclıqda odlar qalandı, Əlvan yarpaqları alışdı, yandı. Oxuyan quşlar da lal olmuş çoxdan, Yelin ayağına dolaşır xəzan. Güllərin yerini tikanlar almış, Yarpaqsız, meyvəsiz bağlar boş qalmış.

Beləliklə, uşaqlar bu nəzm əsərində hər iki fəsil haqqında geniş məlumat əldə edirlər.

N.Gəncəvi “Sözün tərifi”ndə sözün faydalı və mənalı olmasından, onun hikmətindən bəhs edir, yerində deyilmiş sözün söz sahibinə nüfuz gətirməsindən söhbət açır. Hətta Nizaminin adı ilə bağlı olan “danışmaq gümüşdürsə, susmaq qızıldır” kəlamı el məsəlinə çevrilib. Böyük şairin söz haqqında fikirləri yeniyetmə və gənclərə bir örnəkdir.

Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar. İncitək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin.

Söz qasidi hər yolu hey özbaşına gedər, Sözün gördüyü işi kimsə görməz bu qədər. Sözdən başqa yuxarı başda oturan yoxdur, Mülkün dövləti yalnız onundur, danan yoxdur.

Şairin qida haqqında fikirləri də ibrətamizdir. O, acgözlüyü, tamahkarlığı pisləyərək, gözütox olmağı təlqin edir. Çox yeməyin insana min bir dərd gətirdiyini söyləyən şair suyun saflığını nümunə göstərərək, hətta onun da artıq içilməsinin insana bəladan başqa fayda vermədiyini göstərir:

Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da.

Tədqiqatçı alim Bilal Həsənli qeyd edir: “Nizaminin uşaq mütaliəsi nümunələri olan əsərlərinin təhlili göstərir ki, ədib insana yeni münasibətini ifadə etmiş, həyatda xeyirlə şərin mübarizəsində insanı mübarizəyə, real həyat mövqeyi tutmağa səsləmiş, haqqın, ədalətin qələbəsinə dərin inam ifadə etmişdir” [4, s.80].

Vaxtilə orta məktəb proqramı, dərslik və dərs vəsaitləri olmadığı zamanlarda Nizami yaradıcılığı şagirdlərə təlim, tərbiyə, mənəviyyat, əxlaq kimi keyfiyyətlər aşıladığına görə, məktəbdə tədris olunurdu. İndi də Nizami irsi məktəbdə öyrədilir.

Nəticə / Conclusion

Dahi N.Gəncəvinin əsərləri ümumbəşəri xarakteri ilə tanınır. Bu bəşərilik Nizami yaradıcılığının insanlara mənəviyyat və əxlaq aşılamasındadır. Bu nöqteyi-nəzərdən şairin poemaları içərisində gənclərin tərbiyəsi üçün vacib olan bir çox mate-riallar vardır. Məqalədə kiçik süjet xətləri olan hekayələrdən istifadə etməklə onların şagird mütaliəsi üçün münasib olduğu vurğulanmışdır. N.Gəncəvi həm də dünyada tərbiyəçi şair kimi tanınır. Müəllimlər öz pedaqoji fəaliyətində tez-tez Nizami yaradıcılığına, onun hikmətlə dolu söz dəryasına müraciət edirlər. Buradan məqalənin həm də didaktik əhəmiyyəti aydın görünür.

Список литературы Qədim dövr Azərbaycan ədəbiyyatında uşaq mütaliəsi nümunələri (N.Gəncəvinin “Xəmsə”si əsasında)

  • Azərbaycan ədəbiyyatı tarixi. (2007). VI cilddə, II cild. Bakı, Elm. 632 s.
  • Gəncəvi N. (2004). İskəndərnamə. Bakı, Lider. 256 s.
  • Gəncəvi N. (2004). Sirlər Xəzinəsi. Bakı, Lider. 264 s.
  • Həsənli B. (2015). Azərbaycan uşaq ədəbiyyatı. Bakı, Müəllim. 522 s.
  • Xəlil Z., Əsgərli F. (2007). Uşaq ədəbiyyatı. Bakı, ADPU. 490 s.
  • Səfərli Ə., Yusifli X. (1998). Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Ozan.
  • Soltanqızı P. (2015). Klassik və müasir ədəbiyyatın aktual məsələləri. Bakı, Elm və təhsil. 224 s.
Статья научная