ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

Автор: Yaqub Babayev

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Azərbaycan universitetləri

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Məqalədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin XX əsrin 20-ci illərindəki həyatı və keçdiyi inkişaf yolundan söhbət açılır. Göstərilir ki, ADPU Azərbaycanın ikinci dünyəvi istiqamətli milli ali təhsil ocağı, həm də dünyəvi təmayüllü ilk milli ali pedaqoji tədris müəssisəsidir. Təhsil ocağı 1921-ci ildə fəaliyyətə başlamış, 100 il ərzində böyük uğurlar qazanmışdır. Məqalədə ADPU-nun ilk fakültələrindən olan Filologiyanın yaranmasında qarşıya çıxan çətinliklər nəzərə çatdırılır, bu çətinliklərin aradan qaldırılması üçün görülən işlər izah olunur, fakültənin müəllim və tələbə kontingenti barədə məlumat verilir. Həmçinin fakültədə pedaqoji, elmipedaqoji istiqamətdə görülən işlərdən, ictimai-mədəni tədbirlərdən bəhs olunur. Qeyd olunur ki, fakültənin ötən əsrin 20-ci illərindəki həyatı, bu dövrdə görülən işlər onun sonrakı inkişafı üçün bir baza rolunu oynamışdır.

Еще

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi, 20- ci illər, məktəb, maarif, təhsil tarixi, pedaqoji fikir

Короткий адрес: https://sciup.org/170175814

IDR: 170175814

Текст научной статьи ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

Pedagogical University, faculty of Philology, 20s, school,        education, history of education, pedagogical thought

ARTICLE HISTORY

Received: 18.01.2021

Accepted: 24.02.2021

The article talks about the life of the Faculty of Philology of the Azerbaijan State Pedagogical University in the 1920s and its development. It is noted that ASPU is the second secular national higher education institution in Azerbaijan. It is also the first national higher pedagogical institution with a secular orientation. The educational institution was established in 1921 and has achieved great success for 100 years. The article highlights the difficulties encountered in the establishment of Philology, one of the first faculties of ASPU. The work done to overcome these difficulties is explained. Information is given about the teacher and student contingent of the faculty. Also, the work done at the faculty in the pedagogical, scientific and pedagogical direction, sociocultural events are discussed. It is noted that the life of the faculty in the 20s, the work done during this period played a fundamental role in its further development.

Giriş / Introduction

Azərbaycanın mötəbər ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. 1921-ci ildə fəaliyyətə başlayan ali tədris müəssisəsi 100 il ərzində xalqımızın pedaqoji fikir tarixində, məktəb və maarif həyatında son dərəcə əhəmiyyətli rol oynamış, uğurlu işlər görmüşdür. Respublikanın tədris ocaqları üçün peşəkar pedaqoji kadrların hazırlanmasında, məktəb və maarif həyatımızın yüksəlişində, yeni həyat uğrunda mübarizədə ADPU-nun müstəsna rolu olmuşdur. Bundan əlavə, universitet respublika elmi mühiti üçün elmi və elmi-pedaqoji kadrların hazırlanmasında da böyük uğurlara imza atmışdır. Azərbaycanda bir sıra peşəkar müəllimlər, pedaqoji sahədə tanınan mütəxəssislər, habelə görkəmli alimlər, elm xadimləri məhz bu ali məktəbin məzunu olmuşlar. Yüz il ərzində ADPU-nun yetirdiyi pedaqoji, elmi-pedaqoji kadrların sayı minlərlədir. Görkəmli alimlərin, sənət adamlarının sayı da kifayət qədər çoxdur. Hələ 1924-cü ildə Ali Pedaqoji İnstitutun ilk məzun buraxılışı münasibətilə keçirilən tədbirdə Nəriman Nərimanov yenicə fəaliyyətə başlayan tədris ocağının əhəmiyyətini, bütün Şərq coğrafiyasındakı dəyərini nəzərdə tutaraq deyirdi: “Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağız. Beş ildən sonra Türkiyə, İran, Əfqan üçün bizim müəllimlərimiz elm-fənn meydanında hazır olacaqlar” [2, s.111].

İlk dəfə “Ali Pedaqoji İnstitut” adı ilə təsis edilən bu ali pedaqoji təhsil müəssisəsinin ilk üç fakültəsindən biri Tarix-ədəbiyyat fakültəsi olmuş, çox keçmədən bu iki ixtisas ayrılmış və Ədəbiyyat şöbəsi müstəqil fakültəyə çevrilmişdir. Əlbəttə, biz bu gün məktəb və təhsil tariximizi hərtərəfli mənada tədqiq etməli, öyrənməli, indiki və gələcək nəslə təqdim etməli, tanıtmalıyıq. Bunun üçün onun həm ayrı-ayrı detallarını, həm də bütöv sistemini öyrənməyə, araşdırmağa ehtiyac vardır. Təbii ki, detallar öyrənilmədən həmin sistemi yaratmaq və bütövləşdirmək mümkünsüzdür. ADPU-nun Filologiya fakültəsinin 20-ci illər, yəni ilkin təşəkkül mərhələsini araşdırıb müəyyən etmək də deyilən vacib detallardan biridir. Məqalənin aktuallığını şərtləndirən ilk növbədə göstərilən bu məziyyətdir.

Filologiya fakültəsi necə yarandı?

Azərbaycanda Ali Pedaqoji İnstitutun yaradılması ilə bağlı ilk əməli təşəbbüs və ideya Azərbaycan Xalq Cümhuriyyətinə məxsusdur. Belə ki, hələ 1919-cu ildə AXC hökuməti Maarif və Dini Etiqad naziri olan Həmid bəy Şahtaxtinskiyə (1880-1944) Azərbaycanda ali pedaqoji təhsil-tədris müəssisəsi yaratmaq üçün layihə hazırlamağı tapşırdı. Əslində, bu işin təşəbbüskarlarından biri də elə xalq təhsilinin yaxşı mütəxəssislərindən olan, nüfuzlu ziyalı kimi tanınan H.Şahtaxtlı özü idi. Verilən tapşırıq əsasında o, belə bir layihə üzərində işləməyə başladı. Lakin 1920-ci ilin 28 aprelində baş verən bolşevik işğalı AXC-nin süqutuna səbəb olduğundan milli hökumət bu ideyanı gerçəkləşdirə bilmədi. Ali Pedaqoji İnstitutun ilk direktoru olmuş (1921-1924) Fətulla bəy Əziz oğlu Rzabəyli (1885-1968) də 1924-cü ildə ali məktəbin ilk məzun buraxılışı ilə bağlı çıxışında Azərbaycanda Ali Pedaqoji İnstitut təsis etməyin ilk təşəbbüskarının AXC və H.Şahtaxtlı olduğunu etiraf edərək deyir: “Müsavat hökuməti zamanı möhtərəm yoldaşım Həmid Şahtaxtlı tərəfindən dəxi ideyası meydana atılan Türk Ali Pedaqoji İnstitutun müxtəsər tarixçəsini bitirərək, gələcək ali pedaqoji institutunu təsvirimdə canlandıraraq qurduğum projesini bir kaç kəlmə ilə tərsim etmək istərdim: Xəzər dənizi sahilində mövcud Şərqin qapısı olan birinci türk sosialist şura cümhuriyyətinin coğrafi vəziyyətinə görə şu müqəddəs binanın müəzzəm bir elm xəzinəsi olacağına qəlbimlə və ruhumla iman etmişəm” [1, s.30].

Azərbaycanda sovet hökuməti qurulandan az sonra yenidən bu təşəbbüs ortalığa atıldı. 1921-ci ilin iyun ayına qədər yaradılmış komissiya ali məktəbin layihəsi üzərində işi başa çatdırdı. Onun Əsasnamə və Nizamnaməsini hazırladı. Əsasnamə və Nizamnamədə ali təhsil ocağının strukturu, məqsədi, vəzifələri və hüquqları müəyyən edilirdi. İyun ayının 13-də Azərbaycan Xalq Maarif Komissarlığının Kollegiyası layihəni müzakirə və təsdiq etdi, baxılmaqdan ötrü Komissarlar Şurasına göndərdi. Onu da deyək ki, bu ali peadaqoji təhsil müəssisəsi kişilər üçün nəzərdə tutulmuşdu. Ona görə də Azərbaycan Dövləti Türk Zükur (Kişi-red.) Ali Pedaqoji İnstitutu adlanırdı. Azərbaycan Xalq Komissarlar Şurası 26 avqust 1921-ci il tarixli 66 saylı dekreti ilə “Azərbaycan birinci Dövlət Ali Pedaqoji İnstitututu təsis edilməsi haqqında” sənədi təsdiq etdi. Sənəddə deyilirdi: “İşbu sənənin 1 iyulundan etibarən, Bakı şəhrində 2-ci dərəcəli Şura məktəbləri üçün hökumət Türk lisanında müəllimlər hazırlaya biləcək Azərbaycan birinci Dövlət Ali Pedaqoji İnstitutut təsis edilsin və bu dekretin nəşrindən sonra bilatəxir institutun təşkilatına başlanılsın”. Dekreti Xalq Komissarlar Şurasının sədri N.Nərimanov, Xalq Maarif Komissarı D.Bünyadzadə, Xalq Komissarlar Şurası işlər müdiri Şirvani və katib R.Tahirov imzalamışdılar.

Hökumət dekretindən sonra Maarif Komissarlığının İctimai İşlər üzrə Tərbiyə müdiri Azad Əmirovun göstərişi ilə (1414 nömrəli mandat) institutun təşkili üçün ayrıca komissiya yaradıldı. Əvvəlcə komissiyaya Fəthullah Rzabəyli, Həbib bəy

Mahmudbəyov və Rəhim Cəfərov daxil idilər. F.Rzabəyli sədr, o zaman bir illik kurs bitirən Əli Abbas Vəlixanlı isə katib idilər. Az sonra Abdulla Şaiq Talıbzadə, Məhəmməd Əfəndizadə və Sadıq Hüseynzadə də komissiyanın işinə cəlb edildilər.

İlk növbədə institut üçün bina tapmaq məsələsi həll edilməli idi. Bu işdə o zaman Bakı Maarif Şöbəsinin Məktəb İşləri müdiri vəzifəsində çalışan Ağa Əli Raqib də komissiyanın işinə yaxından köməklik göstərirdi. “Lebedinski” küçəsindəki köhnə “Turgenev” məktəbinin binası institut üçün ayrıldı və təmir edildi. Noyabr ayının 1-nə qədər həm bütün təşkilati, həm də təmir işləri başa çatdı. Tələbə qəbulu prosesinə başlanıldı. Nəhayət, bütün hazırlıqlar başa çatandan sonra 1921-ci il, noyabr ayının 15-də təhsil məbədinin qapısı ilk dəfə tələbələrin üzünə açıldı və tədris ocağı fəaliyyətə başladı. Bu, Azərbaycan xalqının tarixində yeni tipli ilk ali pedaqoji təhsil-tədris müəssisəsi idi. Azərbaycanda ilk ali pedaqoji məktəb – Azərbaycan Dövləti Türk Zükur Ali Pedaqoji İnstitutu belə yarandı.

Onu da deyək ki, institut ilk dəfə cəmi 6 tələbə ilə fəaliyyətə başlamışdı. Yəni ilk dəfə buraya qəbul olunan tələbə kontingentinin sayı cəmi 6 nəfər idi. Həmin tələbələr bunlardır:  Rəhimzadə Əbdulhəsən, Musaxanlı Atababa, Axundzadə Vəli,

Süleymanzadə Mahmud, Mustafazadə Ağaveys, Adilzadə Əbdulməsur.

Görkəmli ziyalı, bacarıqlı təşkilatçı Fətullah bəy Rzabəyli Azərbaycan Dövləti Türk Zükur Ali Pedaqoji İnstitutunun ilk direktoru (1921-1924), tanınmış pedaqoq Həbib bəy Mahmudbəyov isə onun müavini təyin edildilər. 20-ci illərdə F.Rzabəylidən sonra Ali Pedaqoji İnstitut Bakı Dövlət Universitetinin tərkibinə daxil edilənə qədər (1927-1930) onun rektorları Məhəmməd Əfəndiyev (1924), Həbib bəy Mahmudbəyov, Şərif Manafov və Cəlil Məmmədzadə (1925-1927) olmuşlar.

İnstitutun ilk müəllim heyəti isə aşağıdakılardan ibarət idi:

  • 1.    Abdullah Şaiq Talıbzadə – məşhur Azərbaycan ədibi, ədəbiyyat müəllimi;

  • 2.    Məhəmməd   Əfəndiyev – Leninqrad (indiki Sankt-Peterburq-red.)

  • 3.    Həmid Şaxtaxtinski – Odessa darülfünununu bitirmiş ruhiyyat (piskoloji) müəllimi;

  • 4.    Mühəndis Sadiq Hüseynov – Darmştad (Almaniya) Politexnikumunu bitirmiş kimya müəllimi;

  • 5.    İsmayıl Novruzi – İstanbul darülfünununu bitirmiş fizik və təbiət müəllimi;

  • 6.    Fəthullah Rzabəyli – Odessa darülfünununu bitirmiş təşrih və fizioloji müəllimi;

  • 7.    V.V.Pismennaya – Leninqrad Ali Pedaqoji İnstitutunu bitirmiş rusca müəlliməsi.

darülfünununu bitirmiş riyaziyyat müəllimi;

Siyahıdan göründüyü kimi, A.Şaiq ali təhsil ocağının ilk dil-ədəbiyyat, V.V.Pis-mennaya isə rus dili müəllimləri olmuşlar. Yəni onlar institutun ilk filoloq-müəllimləri idilər. 1922-ci ildə gənc türkoloq, dilçi və ədəbiyyatşünas, 1918-ci ildə Budapeşt universitetini bitirmiş Bəkir Çobanzadə Bakıya dəvət olundu. O, həm Bakı Dövlət Universitetində, həm də Ali Pedaqoji İnstitutda mühazirə və seminar məşğələləri aparırdı.

İnstitutda təhsil müddəti 3 il idi. Birinci kursda, əsasən, ümumi və nəzəri, ikinci və üçüncü kurslarda isə ixtisas və tətbiqi fənlərin tədrisi nəzərdə tutulurdu. Tədris ilinin akademik müddəti (sənəyi-tədrisiyə) 40 həftə müəyyənləşdirilmişdi. İxtisas sinifləri bu qruplara ayrılırdı. Başqa sözlə desək, institutun nəzdində üç şöbə (fakültə) fəaliyyət göstərirdi. Həmin şöbələr bunlar idi:

  •    Tarix-ədəbiyyat;

  •    Təbiət-coğrafiya;

  •    Fizika-riyaziyyat.

İstər Tarix-ədəbiyyat, istərsə də digər şöbələrdə ixtisas fənlərindən əlavə fəlsəfə, pedaqogika, elm-i tərbiyə (didaktika), siyasi iqtisad, ictimaiyyat, Şura qanuni-əsası (hüquq), rus dili və s. fənlər də tədris edilirdi.

1923-1924-cü illərdə türk ədəbiyyatı üzrə tanınmış alimlər – İsmayıl Hikmət və Tofiq Hikmət, həmçinin fars ədəbiyyatı üzrə mütəxəssis Mirzə Möhsün İbrahimov müəllim kimi instituta dəvət olundular və filologiya fənlərindən dərs deməyə başladılar. İ.Hikmət İstanbul, M.M.İbrahimov Paris Universitetinin məzunları idilər. İ.Hikmət, əsasən, türk və Azərbaycan ədəbiyyatı fənlərini, M.M.İbrahimov isə fars dili və fars ədəbiyyatı tarixi fənlərini tədris edirdilər. İstanbul darülfünunun məzunlarından Məhiyəddin adlı gənc, alman dili müəllimi B.Qarbulum, Kiyev darülfünunun məzunu, antropologiya və rus ədəbiyyatı müəllimi Davud Şərifli, Derped darülfünununu bitirmiş alman dili müəllimi T.Qəribli də 1923-1924-cü tədris ilində müəllim kimi tədris ocağına dəvət olunanlar sırasında idilər.

O zaman Azərbaycan ədəbiyyatı tarixinə dair Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı əsərindən başqa heç bir sistemli mənbə və tədqiqat əsəri, tədris materialı mövcud deyildi. F. Köçərlinin adı çəkilən dəyərli əsəri 1925-1926-cı illərdə nəşr olundu. Lakin bu kitab da Azərbaycan ədəbiyyatı tarixini tam şəkildə əhatə etmirdi. Burada yer alan sənətkarlar daha çox XVIII-XIX əsrlərdə yaşayıb-yaradan şairlərimiz idilər. Bu sahədəki boşluğu və ehtiyacı görən İ.Hikmət bir neçə il ərzində 2 cilddən ibarət “Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental, əhatəli və dəyərli dərslik meydana gətirdi. Bu, F.Köçərlidən sonra həmin sahədə ikinci böyük təşəbbüs idi. Adı çəkilən ədəbiyyat tarixində

İ.Hikmət yazılı ədəbiyyatda bizim ədəbiyyat tariximizi XIII əsrdən başlandığını qeyd edirdi. Yəni onun tarixini 5 əsr əvvələ çəkirdi. İlk sistemli ədəbiyyat tarixi dərsliyimiz olan “Azərbaycan ədəbiyyatı tarixi” 1928-ci ildə 2 cilddə nəşr edildi. Burada İ.Hikmət ədəbi şəxsiyyətlərlə bağlı oçerkləri tarixi-xronoloji ardıcıllıqla vermişdı. Ədəbiyyat tariximizi isə folklordan başlayıb, XVII əsrə qədər ocerkçilik prinsipi ilə elmi şəkildə tədqiq və təhlil etmişdir.

1925-1926-cı tədris ilindən etibarən, Tarix-ədəbiyyat bölməsi 2 müstəqil şöbəyə ayrıldı: Tarix-ictimaiyyat və Filologiya. İki müstəqil şöbənin (fakültənin) yaradılmasında məqsəd, təbii ki, tədrisin keyfiyyətini daha da artırmaq, ixtisas fənlərinin sayını və saatlarını çoxaltmaq, keyfiyyəti yüksəltmək idi. Artıq bu illərdə Filologiya şöbəsində həm tələbələrin sayı artmış, həm də təlim-tədris işlərinə bir sıra yeni və görkəmli fololoq-mütəxəssislər cəlb edilmişdi. Bu illərdə Filologiya şöbəsində çalışan ədəbiyyat müəllimlərindən B.V.Çobanzadəni, İ. Hikməti, N.İ.Aşmarini, Y.V.Çəmənzəminlini, H.Zeynallını, Ə.Haqverdiyevi, A.Ş.Talıbzadəni, M.K.Ələkbərlini, A.Musaxanlını, M.M.İbrahimovu və b.-nı göstərmək mümkündür.

Ali Pedaqoji İnstitutda filoloji ab-havanı, tədrisi və təhsili daha da münbit, maraqlı, məhsuldar və səmərəli etməkdən ötrü, 1924-cü ildən etibarən Rusiyanın elm mərkəzlərindən bir sıra görkəmli filoloq-alimlər ali məktəbə dəvət olundular. Onlar Bakıya gəlib müəyyən müddət burada qalır və Tarix-ədəbiyyat şöbəsində mühazirələr oxuyur, səmərəli məşğələlər aparırdılar. Həmin alimlərdən akademiklər N.Y.Marrı, V.V.Bartoldu, A.N.Samoyloviçi, İ.İ.Meşşaninovu, habelə nüfuzlu professorlar Ə.S.Übeydulini, P. K.Juzeni və b.-nı göstərmək olar. Əlbəttə, belə bir faydalı təşəbbüs yeni filoloqlar, filoloji təmayüllü hazırlıqlı pedaqoqlar nəslinin yetişməsinə kifayət qədər müsbət təsir göstərirdi.

1924-cü ildə haqqında danışdığımız təhsil ocağında 1 ümumi hazırlıq sinfi və 6 ixtisas sinfi fəaliyyət göstərirdi. İxtisas siniflərindən 2-si ədəbiyyat, 2-si riyaziyyat, 2-si isə təbiət sinifləri idi. Tələbələrin ümumi sayı 100-ə çatmışdı. Üçüncü ədəbiyyat şöbəsində (ədəbiyyat ixtisasının III kursunda) 6, ikinci ədəbiyyat şöbəsində (ədəbiyyat ixtisasının II kursunda) 9 tələbə var idi.

Ədəbiyyat şöbəsində ilk illərdə ixtisasla bağlı aşağıdakı fənlər tədris edilirdi: Lisan tarixi (dil tarixi), onun şəkilləri, xüsusiyyətləri, ədəbiyyat tarixi, üsul-i tədris, sərf və nəhv (morfologiya və sintaksis), üslubiyyat (stilistika), izahlı qiraət, nəzəriyat-i ədəbiyyə (ədəbiyyat nəzəriyyəsi), asar-i atiqə (ədəbiyyat tarixi, tarixi abidələr) və hürufiyat təhriyyatı (əlifba məsələləri). 1925-1926-cı illərdə tədris proqramında bir sıra dəyişikliklər edildi. Göstərilən ixtisas fənlərindən əlavə ədəbiyyat şöbəsində bəzi başqa məcburi fənlər də keçilirdi.

Bir məsələni də qeyd etmək lazım gəlir. 1921-ci ildə Bakıda həm də ayrıca qadınların ali təhsil alması üçün Ünas (Qadın-red.) Ali Pedaqoji İnstitutu təsis edildi. Lakin çox keçmədən həmin ali məktəb Azərbaycan Dövləti Türk Zükur Ali Pedaqoji İnstitut ilə birləşdirildi. Eyni zamanda tələbələrin pedaqoji praktika keçməsi üçün institutun nəzdində nümunə məktəbi yaradıldı. Bu nümunə məktəbinə A.Şaiq rəhbərlik edirdi. Ona görə də ona “Abdulla Şaiqin Nümunə Məktəbi” də deyilirdi. Ədəbiyyat ixtisasında praktika dərslərinin necə keçirilməsi barədə Ali Pedaqoji İnstitutun Türk ədəbiyyatı tarixi və üsuli-tədris müdərrisi İsmayıl Hikmət bunları yazırdı. Bu gün bizim üçün xüsusi maraq kəsb etdiyindən biz onun yazısından müəyyən parçanı nisbətən geniş şəkildə nəzərə çatdırırıq : “Nümunə dərsi verəcək olan ədəbiyyatçı verəcəyi dərsin konspektini hazırlamaq üçün sinif müəllimi ilə müzakirə ediyor və hazırladığı konspekti məsudə halında üsul tədrisi müəlliminə göstərərək tədqiq və islah edildikdən, izahati-lazimə alındıqdan sonra yüzünü ağartaraq hazırlayır və müəyyən zamanda konspekt üzrə dərsini veriyordu.

Dərslər nəhayət bulduqdan sonra iştirak edən bütün ədəbiyyatçılar institutun sair şöbələri əfəndilərindən arzu edənlər xaricdən dərsə iştirak edən müəllim, mürəbbi və maarif adamlarından istəyənlər, nümunə məktəbi sinif müəllimi və üsuli-tədris müəllimi hazır bulunduqları halda verilən nümunə dərsinin tənqidi və münaqişəsi yapılıyor. Dərs əsnasında görülən əksiklər söyləniyor, konspektin quruluşuna, tətbiq edilmiş, dideksiyona, üsula, müəllimin hərəkətinə, sairəyə dair iyi və fəna cəhətlər göstəriliyordu. Bu tənqidatın hazırlanacaq olan digər ədəbiyyatçılar üzərində iyi və ibrətli təsirlər buraxacağı pək təbiidir.

Ədəbiyyatçılar gördükləri üsuliyyatın mövcudluğuna, ümumiliyinə rəğmən, verdikləri nümunə dərslərində müvəffəqiyyət göstəriyorlardı. Bunda da sırf şəxsi qeyrətlərinin həvəs və məslək aşiqinin böyük əsərləri (təsirləri-red.) vardı. Bu da gələcək üçün böyük ümidlər verə bilir. Verilən nümunə dərsləri arasında ikinci dərəcəli məktəblərdə tarix, ədəbiyyat dərsi, qiraət və izah dərsləri, fikrin və bədii qiymətin izahı, əski və yeni ədəbiyyatın ayrılıq nöqtələrinin izahı kimi mühümcə cəhətlərə fazlaca əhəmiyyət veriliyordu. Bilxassə verilən dərslərin elmi bir quruluşla təqib və tətbiqinə nəzər olunurdu” [1, s.50-54].

Praktika (sınaq) dərslərinin sayı 12 idi.

1924-cü ilin iyun ayında Ali Pedaqoji İnstitutun ilk buraxılışı oldu. Bununla bağlı təntənəli tədbir keçirildi. İnstitutun ayrıca salnaməsi buraxıldı. Salnamə belə adlanırdı: “Ali Pedaqoji İnstitutun salnaməsi” (Bakı, 1924). Salnamənin üstündəki izahatda yazılırdı: “Azərbaycan Dövləti Türk Ali Pedaqoji İnstitutu üç sənəliyi və ilk məzunları dolayısı ilə nəşr olunur”. Salnamədə institutun 3 illik fəaliyyəti dövründə görülən işlər geniş şəkildə işıqlandırılırdı. Burada N.Nərimanovun, M.Quliyevin və başqa görkəmli şəxslərin ilk buraxılış münasibətilə kollektivə, tələbələrə müraciətləri, təbrikləri, ürək sözləri də yer almışdı. “E.” imzalı bir müəllif öz yazısında ilk məzunları “ön manqa”, A.Şaiq “Nümunə məktəbi”nin II sinif tələbəsi Nəsir Fətəliyev isə onlara həsr etdiyi şeirində onları “ilk fatehlər” adlandırmışdı.

İlk buraxılışda məzunların sayı 28 nəfər idi. Bunlardan Tarix-filoloji şöbəni bitrənlərin payına cəmi 5 nəfər düşürdü. Həmin tələbələr bunlardır: Bağırzadə Məhəmməd (Gəncə), Hüseynzadə Surxay (Şuşa), Şərəfəddin Seyidaləm (Türküstan-Daşkənd), Şahverdili Teymur (Lənkəran qəzası), Musaxanlı Atababa (Bakı). Bu məzunlardan A.Musaxanlı müəllim kimi institutda saxlanıldı və filologiyaya aid müəyyən fənlərdən dərs deməyə başladı.

Təhsil ocağında ədəbiyyatla bağlı iki dərnək – Ədəbiyyat (sədr Atababa Musaxanlı) və Dram dərnəyi (sədr Şamil Vəzirzadə) fəaliyyət göstərirdi. Dərnəklərin işində bir məhsuldarlıq və fəallıq hiss olunurdu. Məsələn, Ədəbiyyat dərnəyi 1924-cü il ərzində 14 iclas keçirmiş, “Örnək” adlı divar qəzeti çıxarmış (həmin ildə qəzetin 12 nömrəsi çıxmışdı), müxtəlif ədəbi və pedaqoji mövzularda 3 mühazirə hazırlamış və onun müzakirəsini keçirmiş, tarixi abidələri görmək üçün səyahətlər təşkil etmişdi. Dram dərnəyi isə il ərzində 4-5 teatr tamaşası hazırlamışdı. Teatrın aktyor truppasına tələbələrdən ibarət həvəskar heyət cəlb edilmişdi.

1925-1926-cı tədris ilində Ali Pedaqoji İnstitutun fakültələrinin strukturunda bəzi dəyişikliklər edildi. Tarix-filoloji şöbə iki müstəqil – Tarix-ictimaiyyat və Tarix-ədəbiyyat şöbələrinə ayrıldı. Tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmət təyin olundu. Bu vaxta qədər Tarix-filoloji şöbənin dekanı prof. Ə.S.Übeydulin idi. Şöbə ayrılandan sonra o, Tarix-ictimaiyyat şöbəsinin dekanı təyin edildi.

1923-1924-cü tədris ilində institutu 28, 1924-1925-ci tədris ilində 27, 1925-1926-cı tədris ilində isə 56 nəfər tələbə bitirmişdi. Onların sayı ümumilikdə 111 nəfər təşkil edirdi. Həmin müəllim-pedaqoq məzunlardan 25 nəfəri dil-ədəbiyyat müəllimlərinin payına düşürdü.

1924-1925-ci tədris ilində bir sıra fənn proqramlarında müəyyən dəyişikliklər edildi. Eyni zamanda ali məktəb 4 illik tədris planı ilə işə başladı. Türk ədəbiyyatı tarixi, Azərbaycan ədəbiyyatı tarixi və Cahan (Dünya) ədəbiyyatı fənlərinə verilən saatların miqdarı artırıldı. Mövzularda xeyli dəyişikliklər edildi. Azərbaycan ədəbiyyatının tarixini nə vaxtdan başlamaq məsələsində də bir müəyyənlik hasil olundu. Əlbəttə, bu işlərdə şöbənin dekanı İ.Hikmətin xüsusi rolu və əməyi var idi.

1926-cı ildə Ali Pedaqoji İnstitutun 5 illik yubileyi təntənə ilə qeyd edildi. Elm-tədris məbədinin bu müddətdəki fəaliyyətini canlandıran “Beş yıllıq. Ali Pedaqoji İnstitutu tarixçəsi” (Bakı, 1926) adlı kitab nəşr olundu. Bu kitabda Tarix-ədəbiyyat şöbəsinin dekanı İ.Hikmətin, institutun türkoloji və lisaniyyət (dil) müəllimi B.Çobanzadənin, fars dili və ədəbiyyatı müəllimi M.M.İbrahimovun da məqalələri dərc olunmuşdur. Onlar tarix-ədəbiyyat şöbəsinin həm uğurları, həm buradakı nöqsanlar, həm də görülməli olan işlər barədə ətraflı məlumat vermişlər.

Ali Pedaqoji İnstitutun ötən əsrin 20-ci illərindəki müstəqil fəaliyyəti 1927-ci ilə qədər davam etdi. Azərbaycan SSR XKS-nin 16 iyun 1926-cı il tarixli “Ali pedaqoji institutların yenidən təşkili haqqında” adlı qərarı ilə 1927-ci ildə tədris ilinin əvvəlindən etibarən Ali Pedaqoji Zükur (Kişi) və Ali Pedaqoji Ünas (Qadın) institutları Bakı Dövlət Darülfünununun Pedaqoji fakültəsinə birləşdirildi. Tarix-ədəbiyyat şöbəsi də həmin fakültənin tərkibində fəaliyyət göstərdi. Bu proses 1930-cu ilə qədər davam etdi. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu hökumətin rəsmi qərarı ilə yenidən BDU-nun tərkibindən ayrılıb müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladı. Pənah Qasımov instituta direktor, B.B.Komarovski direktor müavini, dosent Ə.Nəzmi isə Dil-ədəbiyyat kafedrasına müdir təyin olundu. Çox keçmədən M.Ə.Hüseyn, M.H.Rəfili, Ə. A.Sultanlı kimi gənc, istedadlı və perspektivli alim-pedaqoqlar institutun pedaqoji heyətinə cəlb edildilər.

Nəticə / Conclusion

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan xalqının çoxəsrlik tarixində yaradılmış ikinci milli dünyəvi ali təhsil ocağıdır. Ondan əvvəl təsis edilmiş milli dünyəvi təhsil müəssisəsi isə 1919-cu ildə, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Bakı Dövlət Universitetidir. ADPU həm də bizim ilk ali pedaqoji maarif məbədgahımız, hal-hazırda milli pedaqoji kadrlar hazırlayan maarif ocaqlarının flaqmanıdır. Təhsil müəssisəsi yarandığı 100 il ərzində ölkə üçün minlərlə pedaqoji, elmi-pedaqoji kadr, səriştəli mütəxəssis hazırlamışdır.

Filologiya fakültəsi ADPU-nun ən mühüm, tələbə kontingenti çox olan ixtisas fakültələrindən biri olmuşdur. Fakültə ali məktəb yarandığı ilk vaxtlardan onun əsas şöbələrindən biri kimi fəaliyyət göstərmişdir. İlk yaranış çağında fakültə bir sıra problemlərlə üzləşməli olmuşdur. Belə ki, o zaman institutda dərs deyəcək ixtisas sahibləri, mütəxəssislər çatışmırdı. Ona görə də fakültəyə xarici ölkələrdən, məsələn, Türkiyədən də mütəxəssislər dəvət olundu. 20-ci illər Filologiya fakültəsinin həyatında mürəkkəb, keşməkeşli, lakin əlamətdar bir dövr olmuşdur. Ədəbiyyatşünaslığa, dilçiliyə, pedaqogikaya və s. elmlərə dair ilk milli ali məktəb dərsliklərimiz məhz 20-ci illərdə meydana gəlmişdir. O dövrdə diqqətəlayiq, səmərəli bir elmi-pedaqoji, tədris-metodiki ənənənin bünövrəsi qoyulmuşdur. Sağlam təməl üzərində qurulmuş həmin ənənə bu gün də davam edir.

Список литературы ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

  • Ali Pedaqoji İnstitutun salnaməsi. (1924). Bakı, Xalq Maarif Komissarlığı, Azərbaycan Dövlət Xalq nəşriyyatı, 62 s.
  • Ali Pedaqoji İnstitutun salnaməsi. (2020). Latın əlifbası ilə təkrar nəşrə azırlayan: Rüstəmov Fərrux. Bakı, Elm və təhsil.
  • Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş yıllıq. (1926). Bakı, Azərbaycan Dövlət Xalq nəşriyyatı, “Qızıl Şərq” mətbəəsi.
  • Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş yıllıq. (2020). Latın əlifbası ilə təkrar nəşrə hazırlayan: Rüstəmov Fərrux. Bakı, Elm və təhsil.
  • “Azərbaycan arxivi” məcmuəsi. (1978). Bakı, № 1-2 (16-17).
  • “Kommunist” qəzeti. (1921). 26 avqust.
  • Rüstəmov F. (2019). Azərbycan Dövlət Pedaqoji Universitetinin rektorları. Bakı, Elm və təhsil, 304 s.
  • Rüstəmov F. (2021). Azərbycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946). Bakı, Elm və təhsil, 188 s.
Статья научная