Azərbaycan dilində söyləm nitq vahidi kimi

Автор: İsmayıl Kazımov

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Dilçilik məsələləri

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Söyləmlər formal cəhətdən nitqin tənzimlənmiş, müəyyən qaydalara tabe edilməmiş vahidləridir. Müasir Azərbaycan dilində söyləm nitq hərəkətinin nəticəsi kimi meydana çıxır. Söyləm cümlə komponentlərinin qrup formasında birləşməsindən yaranır və seqmentə görə cümləyə müvafiq gəlir. Söyləmin təşkili mexanizmi superseqment vasitələrin (intonasiya və söz sırası) iştirakı ilə formalaşır. Məqalədə söyləmin növlərini birləşdirən ümumi cəhətin onların emosionallıq keyfiyyəti bildirməsi də əsaslandırılır. Belə ki, nitqdə söyləmin ən müxtəlif növləri meydana çıxır. Söyləmə xas olan əlamət, yəni onların reaksiya bildirməsi, nitq stimulu olması nitqə məxsus başlıca cəhətdir. Söyləmlər struktursemantik və məntiqi-praqmatik cəhətlərinə görə müxtəlif növlərə bölünür. Onların quruluşunda, mənasında müəyyən özünəməxsusluq və bir-birindən fərqlilik müşahidə olunur. Tədqiqatda müəyyənləşir ki, söyləm ünsiyyətdə danışığın aktuallaşmış ən kiçik vahididir.

Еще

Funksionalkommunikativ sintaksis, nitq vahidi, söyləm, söyləmin funksiyaları, konseptual-fuksional perspektiv

Короткий адрес: https://sciup.org/170175804

IDR: 170175804   |   DOI: 10.48445/TAIIJ.2021.99.27.001

Текст научной статьи Azərbaycan dilində söyləm nitq vahidi kimi

ARTICLE HISTORY Received: 24.11.2020 Accepted: 13.01.2021

Phrases are formally regulated units of speech that are not subject to certain rules. Phrase appears as a result of speech act in modern Azerbaijani language. Phrase arises from the grouping of sentence components and corresponds to the sentence by (according to) segment. The organization of phrase mechanism is formed in the presence of supersegment means (intonation and word order). The general aspect that unites the types of phrase in the article based their expression of emotionality feature. Thus, the most different types of phrase appear in speech. A characteristic feature of phrase, that is, their reaction, being a speech stimulus is a main aspect of speech. Phrases are divided into different types according to their structural-semantic and logical-pragmatic aspects. Certain originality and differences from each others are observed in their structure and meaning. Research show that phrase is the smallest actual unit of speaking in communication.

Giriş / Introduction

XX yüzilin sonu XXI yüzilin əvvəllərində dildə əlverişli bir sistem və sintaktik səviyyədə vahidlərə funksional yanaşma özünü göstərir. Bu zaman həmin yanaşmaları gerçəkləşdirmək üçün effektli strategiyalar - paradiqmatik və sintaqmatik təhlillər aparılır. Bu təhlillər sırasında sistemsentrik və mətnsentrik istiqamətləri də fərqləndirmək lazım gəlir.

Funksional sintaksis dinamik (psixolinqvistik) bir sistemdir. Bu sintaksis iki baza vahidini əhatə edir:

  • 1)    sintaktik qayda və qanunlara riayət etmək;

  • 2)    əməliyyat aparmaq.

Bunlar bir-birilə qarşılıqlı əlaqədədir. Cümlə isə nəzəri əsas üçün funksional təsnifatda sintaktik qayda və qanundur. Kommunikativ sintaksisdə “söyləm” termini söz birləşməsi və cümlə anlayışlarını ehtiva edir.

Dil müəyyən vahidlər üzərində qurulur. Həmin vahidlərdən biri də sintaktik vahidlərdir. Bu vahidlər dil və nitq vahidləri olmaqla iki yerə ayrılır. Biz bu məqalədə nitq və anlaşma vahidi kimi söyləmdən bəhs edəcəyik.

Sintaksisdə dil və nitq vahidlərinin mənası və funksiyası arasında olan qarşılıqlı əlaqə əslində semantika ilə sintaksisin qarşılıqlı əlaqəsi kimi öyrənilir. Bu qarşılıqlı əlaqədə sintaktik vahidlərin nitq şəraitində funksional imkanları da müəyyənləşir [Zolotova G. Moskva, 1973].

Söyləm (söz birləşməsi) ünsiyyətin əsas fazası olan cümlə və mətnlərin qurulmasındakı rolu ilə də müəyyənləşir. Necə deyərlər, söyləmlər də “funksional dona girə bilir”. “Funksionallaşma ‒ bu həmişə dili və nitqi dəyişən dinamik prosesdir. Dil vahidlərinin funksionallaşma sferası ‒ söyləm də mətnlə bağlı məsələdir” [5, s.136].

Qeyd edək ki, funksional sintaksis hazırda müasir linqvistikanın aparıcı istiqamətlərindən birinə çevrilmişdir.

Bəllidir ki, dil nitqin kommunikasiyasının qarşıya qoyduğu müəyyən məqsədə nail olunmasına xidmət edən vasitələr sistemidir. Hər hansı bir dilin funksional qrammatikasının tədqiqi zamanı bu dilin qrammatik formaları və sintaktik funksiyalarının nitqdə yerinə yetirdikləri vəzifələrə görə (semasioloji aspektdə) sistem şəklində ardıcıl təsviri verilir. Dilin, dil vahidlərinin funksional təsviri zamanı iki prinsipdən istifadə olunur:

  • 1)    ifadə formasından (vasitəsindən) funksiyalara prinsipi;

  • 2)    funksiyalardan ifadə formalarına (vasitələrinə) prinsipi.

Ümumiyyətlə, dil vahidlərinin funksional tərəfi nisbi səciyyəlidir, bu keyfiyyət sonrakı prosesdə meydana çıxır, ona kimi həmin vahidlərin qrammatik-semantik və başqa əlamətləri nəzərdən keçirilir. Müəyyən müddətdən sonra dil vahidləri nitqdə gerçəkləşir ki, bu zaman həmin vahidin funksional aspektlərindən danışmaq lazım gəlir [8, s.70-71].

Ümumi funksional qanunlar və qanunauyğunluqlar sırasına sintaktik vahidlərin nominativ-adlandırma, səciyyələndirmə, kommunikativ, mətnyaradıcı, psixolinqvistik və s. funksiyaları daxildir. Sintaktik vahidlərin funksional tərəfi bu və ya başqa funksiyaları yerinə yetirmə kriteriyaları ilə səciyyələnir.

Rus dilində “vıskazıvanie” termini söyləm cümlə olaraq məlumatvermə aktıdır. Söz birləşməsi formasında olan söyləmlər sintaktik nümunə kimi qrammatik əlaqə və sintaktik məna əsasında birləşmiş söz formalarından ibarətdir.

Müasir Azərbaycan dilində söyləmin geniş funksional aspektləri mövcuddur. Bu aspektləri funksional baxımdan öyrənmək üçün onların semantik quruluşunu, formal əlamətlərini, struktur-informativ, struktur-praqmatik əlamətlərini, cümlədəki sırasını, informativ-aktual üzvlənməni, baza modellərini və onların tiplər üzrə semantikasını və s. tədqiq etmək vacib bilinir.

Qeyd edək ki, funksional sintaksisin başlıca problemi çoxplanlı semasioloji relevant vahidlərin, məsələn, söyləmlərin nitq prosesindəki ifadəlilik və dərketmə potensiyasını tədqiq etməkdir. Bu ifadə imkanları açıq və gizli şəkildə olur. Onları axtarıb tapmaq və nitq çərçivəsində izah etmək funksional sintaksisin əsas vəzifələrindəndir.

Nitq söyləmləri dil sistemində – mətndə ən dərin prinsiplər əsasında meydana gəlir, prioritet mətnqurma strategiyaları yaranır. Müasir paradiqmatik (sistemsentrik) və sintaqmatik (mətnsentrik) strategiyalar məhz funksional sintaksisdə analiz olunur.

Söyləmlər dilin funksionallaşmasında iştirak edən mühüm sintaktik vahidlərdəndir. Söyləmin yerinə yetirdiyi vəzifə, onların rolu, nitqdə işlədilməsinin məqsədi və başlıca cəhətləri birləşmənin funksional imkanlarına aiddir. Söyləmin funksiyaları adı altında onların daxil olduğu ən böyük vahidlərin tərkibində oynadığı rol, vəzifə başa düşülməlidir. Söyləmin funksiyaları məna və ünsiyyətin dildənkənar məqsədini birləşdirir [3, s.12-13].

Söyləm müəyyən intonasiya cildinə malik olan, nitqə aid sintaktik vahiddir. Söyləm üçün intonasiya onun yeganə yaşama formasıdır, daha doğrusu, intonasiyanın köməyi olmadan söyləm sintaktik vahid kimi mövcud ola bilməz.

Söyləmə müxtəlif təriflər verilmişdir ki, onlardan ən geniş olanı budur: “Quruluşlarından asılı olmayaraq, söyləmlər aktual (kommunikativ, funksional)

sintaksis çərçivəsində ifadə etdikləri kommunikativ vəzifə, virtual modelin, xətti realizasiyası, dinamik mərkəzlərin bölgüsü, prosodik tərtibat, situativ mənalarla əlaqədar surətdə öyrənilən nitqin məlumat vahididir” [7, s.328].

Nitq məlumat vahidi olmaq etibarilə söyləmlər 5 cəhətlə əlaqədardır və həmin əlaqələr əsasında öyrənilir:

  • 1)    kommunikativ vəzifə;

  • 2)    virtual modelin xətti realizasiyası;

  • 3)    dinamik mərkəzlərin bölgüsü;

  • 4)    prosodik tərtibat;

  • 5)    situativ məna [1, s.159].

Söyləm minimal sintaktik vahidlərdəndir. Amma dilimizin funksional qrammatikası yazılmadığı üçün söyləmlərə də funksional yanaşma olmamışdır. Yəni bu cür yanaşma ilə söyləmlər hələ də lazımi səviyyədə öyrənilməmişdir.

Söyləmlər quruluşca yanaşı və aralı məsafədə ola bilir. Söyləm həmişə qrammatik modellərə malikdir. Onun komponentləri arasında qrammatik əlaqə ola da bilər, olmaya da.

Deskriptiv dilçilik söyləmlərin başlıca mahiyyətini və funksiyalarını müəyyənləşdirə bilməmişdir. Ona görə ki, söyləmlərə obyektiv arqumentlərdən yanaşılmamışdır.

İsveçrə alimi, dilçi F.de Sössür ilk dəfə söyləmlərin də işarələr sistemi olduğunu bildirərək, onun funksional mahiyyətinə və strukturunun özünəməxsusluğuna toxunmuşdur. Söyləmlər funksional fəaliyyət prosesində fəallaşır və konkretləşdirmə aktını bildirir [N.A. Baskakov].

Söyləmi səciyyələndirən xüsusiyyətlərdən biri budur: söyləm əşyalar arasında ifadə olunmuş keyfiyyət münasibətidir. Bu cəhətdən, o, iki qütbə bölünür: təyin və təyin olunan. Təyin həm isim, həm də feil ola bilər. Söyləm dilin “tikinti materialı”dır və o da söz kimi ümumi dil prosesində iştirak edir, mürəkkəb predmet, fakt və hadisələrin leksik-semantik funksiyasını yerinə yetirir.

Faktları adlandıran söyləmlər

Fakt həqiqətən olmuş hadisədir, əhvalatdır. Fəlsəfi anlamda fakt termini gerçəklik, reallıq, həqiqət, olub-bitmiş deməkdir. Məs.: sübut olunmuş fakt, inkaredilməz fakt, tam qələbə faktı, bir fakt, əsaslandırılmış fakt, hər bir fakt və s.

Hadisəni adlandıran söyləmlər

İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə; həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə və s. Hadisələr müxtəlif olduğu kimi onların adları da rəngarəngdir. Söz kimi söyləmlər də mürəkkəb hadisələri adlandırmağa xidmət edir.

Proses, gedişat, hərəkət, təsəvvür və s. bildirən söyləmlərProsesi adlandıran söyləmlər

“Proses” latınca gediş mənasındadır. Hər hansı bir hadisənin gedişi söz birləşmələrində də öz ifadəsini tapır. Məs.: “bitkinin inkişaf prosesi”. Bundan əlavə, söz birləşmələrində müəyyən nəticə əldə etmək məqsədilə görülən ardıcıl işlərin məcmusu da ifadə olunur. Bu zaman prosesi bildirən söz birləşmələri meydana gəlir. Məs.: texnoloji proses, neftçıxarma prosesi və s.

Dilimizdə, tibb elmində xəstəliyin aktiv inkişafını və gedişini özündə əks etdirən xeyli terminoloji birləşmələr formalaşmışdır. Məs.: iltihab prosesi, ilkin proses və s. Həmçinin məhkəmədə işlərə baxılma qaydası, mühakimə üsulu “mülki proses” adlı söz birləşməsinin yaranmasına səbəb olmuşdur.

Gedişatı adlandıran söyləmlər

Dilimizdə bir işin, hadisənin inkişafı, cərəyanı bir sıra söz birləşmələrinin yaranmasını şərtləndirmişdir. Məs.: hadisələrin gedişi, xəstəliyin gedişi, inqilabi hərəkatın gedişi, mübarizənin gedişi və s.

Hərəkəti adlandıran söyləmlər

“Hərəkət” ərəb mənşəli söz olub, bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsidir. Bu sözlə bağlı dilimizdə bir sıra söz birləşmələri formalaşmışdır: ritmik hərəkət, dairəvi hərəkət, cismin hərəkəti, yol hərəkəti, hərəkətin proyeksiyası və s.

Təsəvvürü adlandıran söyləmlər

“Təsəvvür” ərəb sözü olub, xəyala gətirmə, xəyalən göz qabağına gətirmə mənasında işlənir. Bu məna çaları Azərbaycan dilində bir çox söz birləşmələrini yaratmışdır. Məs.: oğlunun şəklini xəyalına gətirmək, meşəni təsəvvür etmək, anamın təsəvvürü, adi təsəvvür, qəhrəmanın təsəvvürü və s.

Söyləmin məna və mənalandırma funksiyası mahiyyət etibarilə adlandırma və səciyyələndirmə funksiyalarıdır. Burada mənanın təkcə məfhuma yox, eyni zamanda əşyaya münasibəti nəzərdə tutulur. Eyni söyləm şəraitdən asılı olaraq, gah seçilmə-adlandırma, gah da səciyyələndirmə-predikasiya funksiyalarında çıxış edə bilər.

Dilçi S.Katsnelson söyləmə yaxın olan sözün adlandırma funksiyasından belə bəhs edir: “Adlandırma funksiyasında söz müəyyən əşyanı ekstensional tərzdə bildirərək, başqa əşyalardan fərqləndirir. Səciyyələndirmə funksiyasında isə ad intensional işlənərək, məfhumun müəyyən cəhətlərini ayırır və başqa bir əşyaya aid edir [6, s.25-27].

İki söyləm birləşməni nəzərdən keçirək: yırtıcı heyvan, yırtıcı adam. Burada birləşmə şəklində olan məfhumun həm adlandırma, həm də səciyyələndirmə funksiyası özünə yer ala bilmişdir. Heyvan və insanın xarakterik cəhəti səciyyələndirmə funksiyası ilə açılır. İti axan çay, durğun göl, dalğalı dəniz söyləmlərindəki vəziyyət də eynidir.

Söyləmin kommunikativ-praqmatik funksiyası

Dil öz kommunikativ funksiyası ilə insanlara xidmət edir. Təkcə fikrin ifadəsi üçün yox, onların – insanların subyektiv münasibətlərini də, emosiyalarını da, hisslərini, arzu, istəklərini və s. ifadə edir. Belə ekspressiaları nitq zəncirində söz birləşməsi də yerinə yetirir. Daha doğrusu, bu kimi ekspressiyalar söz birləşməsi vasitəsilə də ötürülür. Söz birləşməsi ilə danışanın emosional durumu, onun subyektiv münasibətləri, bir-birinə təsir dərəcəsi, predmet və hadisələrə qiymət və s. verilir. Məs.: mənim fikrim, onun dünyagörüşü, Sevincin arzuları və s.

Yalnız cümlə daxilində və cümlə vasitəsilə söyləmlər dilin kommunikativ vasitələri sisteminə daxil olur. Bu isə onu göstərir ki, kommunikativ funksiya baxımından belə vahidlər “adi” frazeoloji söz birləşmələrindən daha əlverişli olub, danışıq aktında “daha hazır” şəkildə işlədilir.

Söyləmlərin kommunikativ funksiya kəsb etməsi üçün onların komponentləri arasında obyektiv-məntiqi əlaqənin olması zəruridir. Hər bir söz yığını birləşmə əmələ gətirə bilməz. Məs.: “çay çörəyi”, “aş traktoru” və s. Bu birləşmələrdə düzgün qrammatik əlaqə olsa da, məntiqi əlaqə ciddi şəkildə pozulmuşdur.

Söyləm kommunikativ sintaksisin əsas anlayışlarından biridir. “Kommunikativ” termini bir neçə mənada işlənir: konkretləşdirici mənada, bu mənada kommunikativ-liyin kommunikativ-praqmatik və kommunikativ-sintaktik tipləri meydana çıxır.

Söyləmin kommunikativ aspekti, funksiyası nitq fəaliyyəti ilə birbaşa əlaqədardır. “Paradiqma” termini “iş”, “hərəkət” mənasında işlənir. Kommunikativ aspekt – nitq aktından, nitq hərəkətindən ibarətdir. Nitq aktının aşağıdakı tipləri fərqləndirilir: konstatasiya, sual, xahiş, müraciət, emosional ifadə və s.

Söyləmin kommunikativ-sintaktik aspekti həm dil, həm də nitqə aiddir. Söyləm – kommunikativ sintaktik vahidi, nitqin kəsiyidir və nitqdə kommunikativ prosesi yerinə yetirir. Söyləmlər fərdi və situativ xarakter daşıyır və nitq aspektində rəngarəngdir. Kommunikativ sintaksis cümlə və söyləmlərin daxili quruluşunu, həmçinin, birləşməni təşkil edən sözlər arasında əlaqə və münasibətin tiplərini öyrənir. Demək olar ki, dil sistemində söyləmə yanaşma “aşağı” səviyyədədir. Kon-struktiv sintaksisin ilkin obyekti də söz birləşməsi – söyləmdir. Söyləm yalnız cümlələrin tərkibində cümlə vasitəsi ilə nitqin kommunikativ kateqoriyasına çevrilir” [V.Vinogradov].

Mənanın açılışında kontekstin rolu inkaredilməzdir. Bu barədə dilçi-alim F.Veysəlli yazır: “Deyilənin mənasının başa düşülməsində kontekst mühüm rol oynayır. Kontekst deyəndə, müəyyən məkan və zaman daxilində danışan və dinləyənin söyləmləri, buna münasib etdikləri hərəkətlərində və onların söhbətlərində əks olunan hadisə və predmetlər başa düşülür. Söyləmdə onun aid olduğu məqamı göstərən deyktik elementlər olur. Bu deyktik elementlər situasiyanın müvafiq əlamətlərini əks etdirmirsə, söyləm başa düşülməz. Eyni zamanda, deyilənin başa düşülməsi üçün həmin məqamdan əvvəl olanlar haqqında danışan və dinləyənin müəyyən bilgisinin olması vacibdir.

Söyləmin mənasından o zaman söhbət gedə bilər ki, onun işlənməsi qəti şəkildə kontekstlə müəyyənləşsin. Seçilən imkan söyləmin ifadə etdiyi reallığa tam uyğun gəlir. Bu seçim onu göstərir ki, söyləmlər sözsüz (nonverbal) davranışla qarşılaşma yaradır (mimika, jest, susmaq və s.).

Hər bir cümlənin qarşılığı özü də susmaq, ya da səslənən söyləm şəklində ola bilər. Hətta onun konteksti də bərpa oluna bilər.

Mənalılıq söyləmlərin meydana gəlməsi ehtimalını müəyyənləşdirən kontekst komponentlərini tanımaq qabiliyyətindən asılıdır. Mətndə hər hansı bir elementin işlənməsi onun çox və ya az mənaya malik olub-olmamasından asılı deyil. Element konkret kontekstdə məna ilə yüklənir [4, s.214-217].

Cümlə və söyləm sintaksisin əsas kommunikativ (dinamik) vahididir. Canlı danışıq dili cümlələrdə dil modelləri ilə reallaşır. Ona görə də bir çox söyləm bir sıra əlamətləri ilə kommunikativ vahid kimi şifahi nitqlə sıx şəkildə bağlı olaraq, konkret məlumatları müəyyən mənada çatdırır. Məs.: “Tələbə getdi” cümləsi kommunikativ akt nəticəsində bir sıra sual və cavablar doğura bilər.

– Kim getdi? – Tələbə; – Tələbə getdi? – Getdi; – Nə yenilik var? – Tələbə getdi və s.

Sual və cavablar müxtəlif olur. Belə bir informasiyanın çatdırılmasında məlu-matvermə, məntiqi vurğu, intonasiyanın müxtəlif tipləri (temp, melodiya, tembr və s.) əsas rol oynayır. Cümlənin aktual üzvlənməsi meydana çıxır. Ənənəvi sintaksisdən fərqli olaraq cümlədə – mətndə tema-rema ardıcıllığı meydana çıxır. Temanın funksiyası mübtəda ilə bağlı, remanın funksiyası isə xəbərlə bağlı yaranır.

Söyləmin başqa bir funksiyası kommunikativlikdir. O, yalnız cümlənin tərkibində kommunikativ funksiyanı yerinə yetirir və bir dil vahidi kimi cümlənin təşkili mexanizmində əsas rol oynayır. Bu funksiya kommunikativlik və ya tema-rema funksiyası da adlanır. Həmin funksiya aktual üzvlənmə nəzəriyyəsi ilə sıx şəkildə bağlıdır.

Söyləmin kommunikativ funksiyasına aktual sintaksisin nailiyyətləri baxımın-dan yanaşılmalıdır. Burada söz birləşməsinin tərkibindəki söz sırası, məzmun ele-mentləri (məlumat predmeti-müvafiq kommunikasiya vahidinin çıxış nöqtəsi olan element (məlumat əsası) və məlumatı inikas etdirən element, yeni məlumatı dinləyiciyə çatdıran element (məlumatın nüvəsi).

Söz birləşməsində çıxış nöqtəsi-məlum olan və ya tema və yeni məlumat-rema. Kommunikativ üzvlənmə – formal-qrammatik üzvlənmə. Məs.: böyük bina – birinci növ təyini söz birləşməsində birləşmənin asılı-birinci tərəfinə “hansı?” sualını ver-mək olur. Məlum olunan, yəni birləşmədə yeninin sərhədlərini müəyyənləşdirmək üçün suallardan istifadə olunur. Bu zaman əlavə vasitələrdən, məntiqi vurğunun yardımından da istifadə oluna bilər. “Bina böyükdür” şəklində cümləyə çevrilmə “perspktiv”liyi ilə fərqlənir. Cümlənin tərkibində, mətnin içərisində bu tip söyləmlər adlandırma funksiyası ilə yanaşı, mətnin aktual üzvlənməsi kimi də özünü göstərir.

Tema-rema münasibətində söz birləşməsi funksionallıq qazanır. Bu tip söz birləşməsi mikromətndə “təbiət” temasını yaradır: “Meşə yolu dağ çığırları ilə dolu idi. Dağ çığırları ağaclar arasından burulur, aşağılara – çayın sahillərinə doğru uzanırdı. Meşə yolları hündür qayalara səmt idi. Bu yollar yuxarılarda kəsişirdi”.

Söyləmin psixolinqvistik funksiyası

Söyləmlərin psixolinqvistik funksiyası birbaşa kommunikativ akt şəraiti ilə bağlıdır. Bu zaman fərddə – istifadəçidə bir sıra hallar baş verir və dilin sintaktik vahidlərindən istifadə etmək bacarığı formalaşır. Bu zaman eyni bir söyləmdən istifadənin kontekstual fərqliliyi meydana çıxır. Məsələn, fərdlərin feli söyləmlərdən sinonim, variant və paralel olaraq işlətmələri psixolinqvistik tədqiqatlarda qeyd olunur. Fərdin biri, məsələn, “telefonla demək”, digəri “telefonla danışmaq” strategiyasına üstünlük verir, bu formaların hər hansı birinin fərd tərəfindən işlənməsi nitqin şəraiti, situasiyası ilə əlaqədar meydana çıxır. Müəyyən psixoloji məqamda lazım olan söyləmin (söz birləşməsinin) yerinə həmin mənanı özündə birləşdirən leksik vahiddən də istifadə olunur ki, bu zaman kontekstual (mətni) fərqliliklər yaranır. Məs.: bir aya başlamaq – bir ay müddətində başlamaq – başlamaq; tədarük görmək – hazırlaşmaq və s.

Göründüyü kimi, fərdlər tərəfindən müəyyən strukturlar (söyləm və leksik vahidlər) mənimsənilir. Burada “kommunikantların məzmun intensiyalarının dil formalarında təcəssüm etdirilməsi haqqında da təsəvvür yaranır. Bunun üçün söyləm törəməsinin dayaz və dərin səviyyələri məfhumu tətbiq edilir. Bununla əlaqədar olaraq, qeyri-nitq davranışından fərqli olan xüsusi nitq davranışı statusu qəbul edilir” [Ə.Rəcəbli].

Söyləm söz, cümlə kimi nitqin elementidir. Nitq prosesində müəyyən bir cümlə – söyləmə daxil ola bilən nitq elementi – söz birləşməsi əvvəldən planlaşdırılmış əsas cümlə strukturuna daxil ola bilmir, sanki qəflətən yada düşən vacib element kimi əsas cümləyə əlavə edilir – qoşulur. Nitqin psixoloji cəhətdən bu cür qurulması qoşulan hissənin semantik zəifliyinə deyil, əksinə, aktuallaşmasına səbəb olur. Nitq pros-esində yaranan bu cür əlaqəli cümlələrdən birincisinə əsas (özül) cümlə, sonrakına isə qoşulma konstruksiya deyilir. Qoşulma konstruksiyalar bir çox hallarda bir özül cümlənin bölünməsi, parçalanması əsasında əmələ gəlir. Ona görə də dilçilikdə bu hadisəyə “parselyasiya”, qoşulma konstruksiyalara isə “parselyat” da deyilir [2, s.237]. Parselyatlar həmin məqamda söyləmlərdən də ibarət olur. Məs.: Səidənin o biri yanında Leyla yatırdı. Ramazanın qızı. Burda “Ramazanın qızı” söz birləşməsi mətndə parselyatdır, əvvəlki cümləyə qoşulduğu üçün qoşulma yarımçıq cümlə funksiyasını yerinə yetirmişdir.

“Söyləm” bir termin kimi çoxsahəlidir. Cümlənin nitqdə gerçəkləşməsi söyləm adlanır. Söyləmi hər hansı bir nitq vahidi kimi də işlətmək olar. Biz burada “söyləm” terminini cümlənin struktur invariantı mənasında da işlədirik. Söyləm nitqdə reallaşır.

Dilçi K.Seqal söyləmi həm linqvistik, həm də psixolinqvistik vahid hesab edir. O, söyləmin leksikləşməsini psixolinqvistik hal sayır. Söz birləşməsinin leksikləşmə mexanizmi prosesi hər şeydən öncə koqnitiv-praqmatik faktlara əsaslanır. Söyləm danışanın niyyət və məqsədinə müvafiq olaraq hər dəfə yenidən yaradılır. Dil arasıkəsilməz söyləm yaradıcılığı axını kimi də fəaliyyət göstərir. Söyləmlərin (ismi və feili) formalaşması prosesi assosiasiyaların psixi qanunları ilə idarə edilən təsəvvürlərin əmələ gəlmə proesidir.

Söyləmin leksikləşməsi məhsuldar dil prosesidir, dilin koqnitiv strategiyasını daşıyır. Bu leksikləşmə ənənələri əks etdirir. Sintaktik strukturun leksikləşməsi kiçik formatları yaradır. Bu bir qanunauyğunluqdur.

Psixolinqvistik təhlil əsasında bir sıra işlərin görülməsi nəzərdə tutulur:

  • –    söz birləşmələrinin funksional mənalarını üzə çıxarmaq;

  • –    mətnin dərk edilməsində (anlanmasında), qavranılması prosesində söz birləşməsinin rolunu təyin etmək;

  • –    mətnin struktur komponentlərinin əlaqəsini, bir-birinə təsirini üzə çıxarmaq (psixolinqvistik təhlil əsasında);

  • –    nitq fəaliyyətinin tərkibində gedən “psixoloji əməliyyat”da söz birləşməsinin mövqeyini açıqlamaq;

  • –    psixolinqvistik sferada söz birləşməsinin nəzəri və tətbiqi xarakterini açmaq, müəyyənləşdirmək;

  • –    mətnin məna strukturunu modelləşdirmək, mətn konseptini söyləm əsasında dəqiqləşdirmək;

  • –    söyləmin psixolinqvistik funksionallığını meydana çıxarmaq; bu zaman L.S.Vıqotskinin, A.Neontevin, A.R.Luriyanın psixoloji məktəblərinə əsaslanmaq, bunların baza rolunu nəzərə almaq;

  • –    nitq mexanizminin qurulmasında, funksionallaşmasında söz birləşməsinin rolunu nəzərə almaq;

  • –    mətnin semantikasını söyləmlərə əsaslanaraq eksperiment yolu ilə öyrənmək;

  • –    mətndəki söyləmlər psixolinqvistik istiqamətdə təhlil edilərkən, ona (yəni mətnə) bir hazır məhsul kimi (hər hansı bir forma kimi), konsept kimi yanaşmaq (həmin formaların reprezentasiyası), yəni xüsusi mətnlərin məna strukturunda terminoloji söz birləşmələrinin (elmi mətnlərdə) rolunu üzə çıxarmaq.

Çünki terminoloji söz birləşmələri mətndəki fikrin, mənanın qavranılması prosesində funksional baxımdan müəyyən rol oynayır.

Söyləmin mətnyaradıcı funksiyası

Söyləm mürəkkəb sintaktik bütövlərdə kataforik vasitə rolunda çıxış edir. Katafora mətn daxilində sonra gələcək məlumata işarə edən dil elementidir. Bu funksiyada, adətən determinativlər və əvəzliklər çıxış edir

Söyləm mürəkkəb sintaktik bütövlərdə anaforik vasitə rolunda çıxış edir. O, eyni sözün və ya söz qrupunun bir neçə ardıcıl gələn, paralel düzələn sözlərin, söz qruplarının əvvəlində təkrarıdır. Müvazi nitq parçalarında söz birləşməsi təkrar edilir. Anafora mətnin əvvəldə gedən informasiyasıdır. Söyləm mürəkkəb sintaktik bütövlərdə təkrar edilir. Məs.: Axır vaxtlar gözə dəymirdi. Axır vaxtlar heç həyətə də çıxmırdı. Axır vaxtlar anası da evə gəlmirdi [K.İsmayıl].

Söyləm mürəkkəb sintaktik bütövlərdə korkataforik və korkanaforik vasitə rolunda çıxış edir.

Söyləmin mətnyaradıcı imkanları “universal diskurs”un əhatəsində də üzə çıxır. Bu əhatədən biri mətnin başlanğıcının və sonunun nişanlanmasının müxtəlif üsullarıdır.

Universal diskursların bir qismini mətndən asanlıqla seçmək olar. Məsələn, barəsində danışılan personaj sonra gələn cümlədə, yaxud abzasda şəxs əvəzliyi (o) ilə göstərilir. Bu vəziyyətdə mətn parçaları arasındakı bağlılığı, əlaqəni digər vasitələr də yarada bilir. Bu vasitə söyləmdir (söz birləşməsidir). Məsələn, personajın adı əvəzinə onun haqqındakı məlum informasiyadan istifadə edilir. “Onların kürəkəni”, “Səmədin şeiri”, “qonşunun oğlu” və s. kimi söyləmlər (söz birləşmələri) ilə başlanan mətn par-çalarında nişanlama ya əvvəlki hissələrdə, ya da sonrakı hissələrdə açılır. Belə nişan-lanma əslində kogeziya vasitəsilə tam aşkarlanır. Yəni, onların mətnyaratmada xüsusi element kimi ayrılması distant, yaxud kontakt kogeziyanın xüsusi hallarının nəzərdən keçirilməsinə gətirib çıxarır. Beləliklə, söyləm nitq aspektində fərdi və situativ xarak-ter daşıyır.

Nəticə / Conclusion

Dilçiliyin müasir inkişaf səviyyəsində, nitqin təşkilində mühüm rol oynayan söyləm (fraza) problemi supraseqment səviyyədə öyrənilməkdədir. Söyləm əsas etibarilə dialoq nitqinin funksiyası olub, həmsöhbətlər arasında “ünsiyyət vasitəsi”dir, necə deyərlər, kommunikasiyanın aktuallaşmış vahididir. Hər bir dil faktı kimi söyləmin məzmun və ifadə planı müasir Azərbaycan dilində az öyrənilmişdir. Tədqiqatın nəticələri göstərir ki, söyləm müəyyən nitq şəraitində dinləyici tərəfindən dərk edilə bilən və məna (fikir) bütövlüyünə malik ünsiyyət vahididir. Söyləm

ünsiyyət aktını ifadə edir və aktual sintaksisin başlıca vahididir. Tədqiqatın nəticələri göstərir ki, söyləm cümlədən predikasiyasına görə fərqlənir (cümlənin sintaktik statusu), spesifik situasiyaları, məqamları, dildə məzmun və ifadə dəyişmələrini, dil və nitq vahidlərinin başqa şəklə düşmələrini və s. öyrənir. Söyləm dil və nitq vahidləri ilə üzə çıxan mümkünlük, həqiqilik, doğrululuq, mümkünsüzlük kimi modal mənaları və s. ifadə edir. Ona görə də söyləm dilin semiotik sistemində işarə səciyyəlidir. Tədqiqata əsasən məlum oldu ki, nitqdə söyləmlərin ən müxtəlif formaları işlənir ki, bunlar üzvlənmir və qrammatik struktur təşkil edə bilmir. Söyləm adı ilə linqvistikada tanınan bu ifadələr nitq stimulu-reaksiyatörədicilik yaradır, ona görə də onların reaksiya (təşviqetmə mənasını) bildirməsi, nitq stimulu olmasının öyrənilməsinin aktuallığını ortaya qoyur.

Nəhayət, orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat fənlərinin tədrisində şagird nitqinin stimullaşdırılmasında – təşviqedilməsində, mətnlərin təhlilində söyləm mövzusunun önə çəkilməsi xüsusi ilə əhəmiyyətlidir. Öyrənilən material göstərir ki, söyləm problemi ana dilimizdə ən mübahisəli məsələlərdəndir və hələ də ətraflı və doğlun biçimdə təhlil olunmamışdır. Buna görə də söyləmin nitqlə bağlılığı probleminin daha ətraflı öyrənilməsinin perspektivləri gələcəkdə yeni araşdırmalar tələb edəcəkdir.

Список литературы Azərbaycan dilində söyləm nitq vahidi kimi

  • Axundov A. (1978). Ümumi dilçilik. Bakı, Maarif. 254 s.
  • Kazımov Q. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Ünsiyyət. 166 s.
  • Müzəffəroğlu T. (2002). Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası. Bakı, Azərnəşr. 304 s.
  • Veysəlli F.Y. (2013). Dilçiliyin əsasları. Bakı, Mütərcim. 417 s.
  • Bondarko A.V. (1984). Funktsionalnaya grammatika. Leningrad, Nauka. 136 s.
  • Katsnelson S.D. (1965). Soderzhaniye slova, znacheniye i oboznacheniye. Moskva. 110 s.
  • Serebrennikov B.А. (1972). Obsheye yazykoznaniye. Vnutrennyaya struktura yazika. Moskva, Nauka. 564 s.
  • Slyusareva N.A. (1981). Problemi funktsionalnogo sintaksisa sovremennogo angliyskogo yazika. Moskva, Nauka. 208 s.
  • Zolotova G. (1973). Ocherk funktsionalnogo sintaksisa russkogo yazika. Moskva, Nauka. 352 s.
Статья научная