Dil təliminin nəzəri problemləri

Автор: Vaqif Qurbanov

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Dilçilik məsələləri

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

“Dil təliminin nəzəri problemləri” geniş mövzudur. 2008-ci ildən kurikulum dərsliklərinin tətbiqi ilə başlanan yeni kursun didaktik üstünlükləri olduğu kimi, təəssüf ki, qarşıya çıxan subyektiv çətinlikləri də var. Üstünlüklərini müəyyən edən nitqəyönümlülüklə nəticəyönümlülükdür ki, onun da başlıca şərti 4 məzmun xəttinin nitq mədəniyyətinə çevrilən − bacarıq və vərdişlər, nəticə etibarilə səriştə, qabiliyyət məsələsidir. Bu cəhət xüsusi olaraq dəyərləndirilməlidir. Bu sahədə problemlərimiz də var. Məktəblərimiz dərsliklərə yazılmış metodik vəsaitlərlə, hər bir məzmun xəttinin standartlarının gerçəkləşdirilməsi ilə işləyirlər. Lakin qeyri-ixtisas sahibləri bu işə qarışmaqla Ana dili, Azərbaycan dili, habelə dil və dilçilik, dil və nitq sindromunu qıra bilməyərək, sadəcə bu xətt – hərəkata mane olurlar. Problematikliyin digərləri də məhz mətn üzrə oxu və nitq bacarıqlarına yalnız ədəbiyyat fənninin obyekti olması kimi baxılmaqla və digər səhv streotiplərlə əlaqədardır. Məqalədə həmin nəzəri problemlərdən bəhs olunur.

Еще

Ifadə, inşa, nitq inkişafı, ənənəvilik, müasirlik, səriştə, mətn, həyati bacarıq, kurikulum təlimi

Короткий адрес: https://sciup.org/170175805

IDR: 170175805   |   DOI: 10.48445/TAIIJ.2021.34.97.002

Текст научной статьи Dil təliminin nəzəri problemləri

ARTICLE HISTORY Received: 11.01.2021 Accepted: 17.02.2021

"Theoretical problems of language teaching" is a wide topic. In addition to the didactic advantages of the new course, which started with the introduction of curriculum textbooks in 2008, unfortunately, there are also subjective difficulties. It is speech orientation and result orientation that define these advantages. Their main condition consists of 4 contents. These are skills, habits, competencies and ultimately, turned into a culture of speech ability. These are skills, habits, competencies and ultimately, abilities that have become a culture of speech. These aspects are especially valued. There are also some issues. Schools work with standard, methodological aids, but nonspecialists are not able to break the language and speech syndrome of the Azerbaijani language by interfering in this work, they simply hinder this movement. Another problem is related to the fact that reading and speaking skills in the text are perceived only as the main object of the literature subject and with erroneous stereotypes. These theoretical problems are discussed in the article.

Giriş / Introduction

Haqqında bəhs etdiyimiz mövzu ilə sistematik olaraq məşğuluq və bu mövzu dil təlimi metodikasının aktual problemlərinə dair monoqrafiya, dərslik və dərs vəsaitlərində də araşdırılmışdır. Ədəbiyyatdan da müəyyən etmək olar ki, bu tədqiqat mövzusunun problematikliyi bizi çoxdan düşündürür. Məktəb kursu üzrə Azərbaycan dili, mətn, dil və dilçilik, ifadə və inşa, habelə dil təlimi kimi terminlər, o cümlədən Azərbaycan dili fənni kimi inteqrativ ad düzgün dərk olunmadığından, müəllimlər ya səthi, ya da səhv istiqamətdə fəaliyyət göstərirlər. Məqsədimiz bu stereotipi dağıtmaq və fikrimizi həmkarlarımızla bölüşməkdir. Fikrimiz isə, təxminən bunlardan ibarətdir:

  • 1.    Azərbaycan dilindən məktəb kursu ədəbi dilin normalarını, o cümlədən oxu və yazı normalarını dilçilikdən alır, imla, ifadə və inşa strategiyaları ilə şagirdləri ana dilində mədəni nitqə yiyələndirmək məqsədini həyata keçirir. Əlbəttə ki, bu strateji xətt həmişə belə qoyulub. Lakin axıra qədər düzgün anlaşılmayıb, yaxud da dərk olunmayıb. Halbuki məqsəd gənc nəsli ədəbi dilin normaları əsasında mədəni nitqə yiyələndirməkdən ibarətdir.

  • 2.    Dil qaydaları ilə bağlı olan məsələni araşdıraq. Ənənəvi təlimdə olduğu kimi, yenə də Azərbaycan dili fənnini yalnız Azərbaycan dilçiliyi hesab edənlər və anlayanlar dövlətin təhsil standartının bu şəkildə qurulduğundan, bu cür təlim metodologiyasının Qərbdən əxz olunduğundan bixəbərdirlər. Halbuki on ildən çoxdur ki, bu cür tərtib olunan Azərbaycan dili dərslikləri ilə işləyirik. Orta məktəb müəllimləri kurikulum dərsliklərinin interaktiv metodlarla işləmək didaktikasında qurulduğunu artıq anlayıblar. Belə olduğu halda, şagirdlər mətn, yəni nitq nümunəsi əsasında tədqiqata qoşulmaqla, birgə tədqiqatlar aparmaqla, dil haqqında elmə, ədəbi dilin normalarına yiyələnirlər. Bəzi konservativ düşüncəli dilçi və hətta dilçi-metodist alimlər isə bu şəkildə dil təliminə və ya təhsilinə əngəllər yaradır, bakalavr tələbələri və magistrantları çaşdırır, interaktiv və inteqrativ kurikulum təlimini və yeni sistemi bəyənmədiklərini açıq-aydın deməkdən çəkinmirlər: “Bu fənnin evini yıxıblar”, “Burada dil qaydaları yoxdur” – deyirlər. Çünki onlar dil təlimi deyəndə, yalnız dil qaydaları məzmun xəttini nəzərdə tuturlar. Onlar bu cür düşünür ki, Azərbaycan dili fənni ali məktəblərdə öyrənilən “Azərbaycan dilçiliyi” və “Müasir Azərbaycan dili” fənləri kimi öyrədilməlidir. Azərbaycan dilindən məktəb kursunda imla, ifadə, inşa, lüğət üzrə iş və s. kimi nitq inkişafı həyata keçirilməməlidir.

  • 3.    Bəzi müəllimlərin yeniliyə qarşı çıxmağının səbəbini bu iki amillə bağlı olduğunu görürük:

2008-ci ildən fəaliyyətdə olan Azərbaycan dilindən fənn kurikulumu öz məzmun xətlərinə və standartlarına uyğun olaraq, ənənəvi təlim proqramından çox fərqli tərtib edilmişdir. Belə ki, dilin ictimai funksiyası ünsiyyət vasitəsi olduğundan, dərsliklər əsas mətn və dinləmə mətn nümunələri ilə diqqəti cəlb edir. Əsas mətn nitq danışıq nümunəsi deməkdir. Yəni ana dilində mətn bir danışığın nümunəsidir ki, oxu, yazı və dil qaydaları da onun üzərində aparılır. Məsələn: “Mübariz”, “Əlif Hacıyev”, “Yusif Məmmədəliyev” və s. mətnlərini götürək. Bu mətnlər ədəbi parça olmaqla, mədəni nitq və ünsiyyət qurmaq üçün nümunələrdir ki, üzərində məntiqi, ifadəli oxu həyata keçirilir. Bunların üzərində iş leksik, fonetik, qrammatik – üslubi işlər, habelə dinləmə, anlama və danışma, oxu, yazı və dil qaydaları məzmun xətlərinə uyğun şəkildə icra olunur. Müəllim üçün nəzərdə tutulan metodik vəsaitlərdə bu əsas mətnlərin motivasiyalarından başlamış, qiymətləndirməyə qədər zəruri istiqamətlərin nümunələri verilir [Qurbanov V. Bakı, 2014].

Dörd müstəqil xətt üzrə qurulan bu məzmun xəttindən əlavə, süni yükləmələr olmasa, müəllimlər interaktiv – inteqrativ prosesdən zəruri nəticələrə gəlirlər. Mətnlə başlayan Azərbaycan dili dərsi yeni analoji mətn qurmaqla tamamlanmalıdır. Hesab etsək ki, əsas mətn ifadədir, o zaman ona uyğun qurulan yeni mətn ifadə də ola bilər, inşa da.

İfadə yazı konkret bir mətnin məzmunu kənara çıxmadan, şagird tərəfindən yenidən geniş və ya qısa – yığcam şəkildə qurulmuş olandır. İnşa yazı isə əsas mətnin məzmununa müvafiq suallarla münasibət bildirilməsi və ifadənin inşaya çevrilməsidir [Qurbanov V. Bakı, 2019].

Dərsliklərdə verilən hər bir mətn bu şəkildə münasibət bildirməklə yazılırsa və onun haqqında danışılırsa, buna inşa strategiyası deyilir. Azərbaycan dilindən təlim işini bu cür qurmaq üçün dil təliminin qanunu olmalıdır. İnşa da dil təlimində və ya nitq inkişafında zirvə sayılır. Ona həyati bacarıq və ya səriştə də desək, səhv etmərik. Elə isə bu cür kurikulum təliminin nəyi bizi qane etməsin?!

  • 1)    yenidən qurula bilməməkdə, müasirliyi dərk etməməkdə;

  • 2)    üzərlərində nəzarəti və məsuliyyəti hiss etməməkdə.

  • 4.    Orta məktəbdə Azərbaycan dili təlimi ilə ali pedaqoji təhsildə Azərbaycan dili və ya Ana dili fənləri arasındaki fərqli cəhətlər illərdən bəri hökm sürdüyü üçün, səhv stereotiplərin yaranmasına səbəb olub. Həmin fənlərdən orta məktəbdə tədris proqramının tərkibində imla, ifadə və inşa var [Qurbanov V. Bakı, 2019]. Ali məktəbdə tədris olunan proqrama isə imla, ifadə və inşa daxil deyil. Nə üçün? Bəs nə var? Ali məktəbdə bu fənlər dilçilik kimi öyrədilir, bu isə kökündən səhvdir. Ancaq səhv olduğunu sübut edə bilirikmi? Ali pedaqoji təhsildə Ana dili fənnindən dilçilik təlimi kimi istifadə olunur. Bu səbəbdən proqramlara yenidən baxılmasını təklif edirik. Başqa dillərdə, məsələn, rus dilində родной язык” ifadəsindən vaxtilə ibtidai təhsildə istifadə edilmişdir. İndi isə birinci sinifdən başlayaraq öyrədilən Русский язык var. Bizdə isə ali pedaqoji təhsildə bu ifadədən kor-koranə istifadə olunur.

  • 5.    Dil mədəniyyətindən danışarkən tədqiq olunub normalara salınan, qaydalarla ifadə olunan anlayışları nəzərdə tuturuq. Məsələn: dilimizin ahəng qanunu belədir: sözdə incə saitlərin incələri, qalın saitlərin qalınları izləməsi; fonetik hadisələr, yəni deyilir səkgiz , yazılır səkkiz , deyilir dokquz , yazılır doqquz və s.

Həmkarlarımıza konkret olaraq bunları bildirmək istəyirik: konservatorlar ya gərək yeni təhsil fəlsəfəsini mənimsəyə bilmədiklərini etiraf etsinlər, ya da necə deyərlər, bir növ axına qarşı üzməsinlər. Axına qarşı üzənləri də, həvəslə, şövqlə işləyənləri də çaşdırmaq, həvəsdən salmağa yol vermək olmaz. Biz onları pedaqoji təcrübə keçən tələbələrimizin dərslərinə dəvət edirik. Gəlib tələbələrimizin kurikulum qaydası ilə necə yüksək səviyyəli sınaq dərsləri keçdiklərinin, həyati bacarıqlar aşıladıqlarının şahidi olsunlar.

Azərbaycan dili fənn olaraq inteqrativ anlayışdır. O, əlifba, hüsnxətt, oxu, dil qaydalarını özündə birləşdirərək, uğurla işlənir. Azərbaycan dili fənn olaraq – dövlət dilinin adını əks etdirir. Azərbaycanın dövləti, Azərbaycanın dövlət dili, Azərbaycanın dövlət bayrağı, Azərbaycanın dövlət himni.

Demək, Azərbaycan dilinə danışıq zamanı ana dili deyə bilərik. O zaman ana dili fənn mənasını verməyəcəkdir.

Dilin öz üslubları var. Mədəni dillərdə olduğu kimi, bizim dildə də bu üslublar işlənir. Üslublar praktik və funksional olaraq iki növə bölünür:

  •    Praktik üslublar: Məsələn: beş şagird deyilir, beş şagirdlər – deyilməz; fanar – fənər, varaq – vərəq, şam – şəm və s. kimi sözlərin kontekstə uyğun işlənmə halları var, atəş – od, alov, yanğın; ürək – könül, qəlb – dil (məsələn, canı-dildən, başqasına dil verib, dilşad olmaq və s.); boy – qamət, üz – sifət, qovun – yemiş, boranı – balqabaq, xiyar – yelpənək və s. sözlər də kortəbii deyil, kontekstə uyğun işlənə bilir. Uyğun işlənmədiyi halda bu praktik üslubi məqamın pozulması və ya üslubi səhv hesab edilir.

  •    Funksional üslublar: bədii, elmi, kütləvi, məişət və rəsmi-işgüzar sözlər və ifadələr özlərinə məxsus funksionallıqla fəaliyyət göstərirlər.

  • 6.    Müəllimlərimizə inşa ilə bağlı bir həqiqəti xatırlatmaq istərdik. Ənənəvi təlim proqramında ədəbiyyat kitablarında inşa nümunəsi kimi “Xosrov surəti”, “Şirin surəti”, “Hacı Qara surəti”, “Tükəz surəti”, “Abşeron romanının təhlili”, “Ölülər

pyesinin təhlili” və s. inşa nümunələri verilərdi. Şagirdlərə də həmin nümunələrdən istifadə əsasında inşalar yazmaq tələb olunardı. Kurikulumun tətbiqinə qədər nümunələr əsasında inşa yazmaq ənənəvi şəkil almışdı. Elə isə sual olunur: Başqasının yazdığı əsasında yazılan yazı ifadə deyilmi? Ümumiyyətlə, ifadə necə olur? Bəs onu nə üçün inşa hesab etmişik. Konspektlər hazırlayıb boynumuzdan asdığımız yazılar özgəsinin məhsulu deyildimi? Bizim onu olduğu kimi yazmağımız nə üçün inşa sayılmalı idi?

Şagirdə inşanın özü yox, mövzusu verilər. Özü verilən isə ifadədir. İfadəni inşaya çevirmək, yəni onu sərbəst suallarla rəngləndirmək və inkişaf etdirmək isə panellərlə qurulan inşaatdır və yaxud da inşadır. İnşa həm yazılı, həm də şifahi ola bilir. O yalnız bədii üslubda deyil, bütün üslublarda – elmi, publisistik, rəsmi-işgüzar və məişət üslublarında ola bilir.

Nəticə / Conclusion

Azərbaycan dilindən fənn kurikulumu çevik təfəkkür və inkişafetdirici təlimlə işləməyi tələb edir. Bu səbəbdən orta və ali-pedaqoji təhsildə çalışan müəllimlər kurikulum metodologiyasına və ya fəlsəfəsinə nəzəri cəhətdən yiyələnməlidirlər. Bu, həyatın qaçılmaz tələbidir. Linqvodidaktlar və ya linqvometodistlər bu məsələlərə daha diqqətlə yanaşmalı və müəllimlər üçün hazırlanan metodik vəsaitlərdə mövzu ilə bağlı aydın şərhlər verməlidirlər. Avropa təhsilindən əxz olunanları bəzən treninq keçənlərin özləri belə, nəzəri cəhətdən sonadək dərk etmirlər. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyası da məktəb və müəllimlərə kömək etmək məqsədi ilə bu cür nəzəri məsələlərlə bağlı mütəxəssisləri redaksiyaya dəvət edib, konfranslar keçirsə, həmçinin bu məqalədə qaldırılan məsələlərə aydınlıq gətirsə daha məqsədəuyğun olar.

Список литературы Dil təliminin nəzəri problemləri

  • İsmayılov R., Cəfərova D., Məmmədova S. (2015). Azərbaycan dili (6-cı sinif üçün dərslik). Bakı, Altun Kitab. 192 s.
  • Kurikulumların hazırlanması və tətbiqi məsələləri. (2008). Bakı, Kövsər nəşriyyatı. 224 s.
  • Qurbanov V. (2014). Azərbaycan dilinin tədrisi metodikası. Bakı, Müəllim nəşriyyatı. 258 s.
  • Qurbanov V. (2019). Azərbaycan dili təlimi predmetlərinə dair. Bakı, Müəllim nəşriyyatı. 204 s.
  • Qurbanov V. (2019). Esse və digər yaradıcı yazı (məzmun, forma və metodika). Bakı, Müəllim nəşriyyatı. 232 s.
  • Pedoqoji terminlərin izahlı lüğəti. (2018). Dərs vəsaiti. Bakı, ADPU. 156 s.
Статья научная