Fonetika və fonologiya: yeni araşdırmalar işığında

Автор: Əbülfəz Quliyev

Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat

Рубрика: Nəşrlər

Статья в выпуске: 1 (267), 2021 года.

Бесплатный доступ

Короткий адрес: https://sciup.org/170175818

IDR: 170175818

Текст статьи Fonetika və fonologiya: yeni araşdırmalar işığında

XX əsrin ortalarından etibarən, Azərbaycan dilçiliyi tədricən dirçəlməyə başlamışdı. Dilimiz, xüsusən də onun qrammatik sistemi ölkəmizdə öncə ali məktəb səviyyəsində tədris məqsədilə öyrənilirdi. 1960-cı ildən başlayaraq isə bu iş akademik səviyyədə həyata keçirilməyə başlandı. 1974-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ali məktəb filoloqlarının hazırladığı 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi “Azərbaycan Respublikasının Dövlət Mükafatı”na layiq görüldü. Bu hadisə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda qeyd olunan istiqamətdə işlərin canlanmasına təkan verdi. Belə ki, az sonra həmin İnstitutda üç cilddə hazırlanması nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” kitabının birinci cildi (1978) işıq üzü gördü. Qeyd edək ki, bu cilddə dilçiliyimizin bir neçə bölməsi – fonetika, leksikologiya, semasiologiya, frazeologiya və leksikoqrafiya bölmələri tədqiq olunmuşdur. Kitabda dilimizin səs quruluşunun öyrənilməsinə isə sadəcə 78 səhifə ayrılmışdır.

Müstəqillik illərində dövlət dili statusu qazanmış doğma dilimizin – milli-mənəvi dəyərimizin qloballaşma şəraitində qorunması, istifadəsi, eyni zamanda öyrənilməsi istiqamətində Dövlət Proqramı hazırlanaraq uğurla həyata keçirilmişdir. Dövlət Proqramının bölmələrində qeyd olunduğu kimi, dövlət orqanları akademiyanın Nəsimi adına Dilçilik İnstitutunda elmi tədqiqatları genişləndirmək məqsədi ilə diqqət və qayğını daha da artırmışdır. Məhz buna görə də, Dilçilik İnstitutunda son illərdə orfoqrafiya məsələləri, terminologiya məsələləri, qrammatika problemləri, funksional-praktik dil məsələləri elm adamlarının yaradıcı fəaliyyətində prioritet vəzifə halını almışdır.

Bu yaxınlarda “Elm” nəşriyyatında çap edilmiş dördcildlik akademik qrammatikanın “Müasir Azərbaycan dili” kitabının birinci cildi bu baxımdan diqqət cəlb edir. Təxminən

700 səhifədən ibarət olan bu kitabda Azərbaycan dilinin fonetika, funksional fonetika, fonologiya, orfoqrafiya, orfoepiya, qrafika, eyni zamanda morfonologiya, fonosemantika, fonoüslubiyyat, fonosintaksis məsələləri dilçilik elminin son nailiyyətləri əsasında akademik səviyyədə tədqiq və təhlil edilmişdir. Bu sanballı elmi əsərin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru isə akademik Möhsün Nağısoyludur.

Məlumdur ki, XX əsrin 50-60-cı illərində Azərbaycanın görkəmli dilçi-alimi Bəkir Çobanzadənin yetirməsi prof. Əbdüləzəl Dəmirçizadə, daha sonralar isə professorlar Ağamusa Axundov, Aydın Ələkbərov, Fəxrəddin Veysəlli və Firudin Cəlilovun dilimizin səs quruluşunun öyrənilməsi sahəsində apardıqları tədqiqatlar milli dilin fonetik və fonematik sisteminin əsaslı tədqiqi üçün baza rolunu oynamışdır.

Kitabın ön sözündə (akademik Möhsün Nağısoylu) də qeyd edildiyi kimi, “Müasir Azərbaycan dili” kitabının I cildində Azərbaycan dilçiliyində ilk dəfə olaraq, fonetika, fonologiya, prosodiya (intonasiya və vurğu), morfonologiya, fonosemantika, fonoüslubiyyat, fonosintaksis, yeni orfoqrafik və orfoepik normalar, onların prinsipləri və s. konkret dil materialları əsasında təsvir və tədqiq olunur. Bütün bu problematik məsələlər izah və şərh olunarkən, həmin məsələlərə yalnız ənənəvi planda deyil, həmçinin funksional-qrammatik cəhətdən yanaşılır.

Akademik araşdırma fonetika və fonologiya məsələlərinin geniş tədqiqi ilə seçilir. Məhz bu mühüm amil nəzərə alınaraq, tədqiqata Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin əməkdaşları ilə yanaşı, Azərbaycanda fonetika və fonologiya sahəsində tanınmış dilçilər də cəlb olunmuşdur.

Kitabın giriş hissəsində Azərbaycan dilinin inkişaf tarixi və Azərbaycan dili fonetik strukturunun tədqiqi məsələləri (prof. Qəzənfər Kazımov) zəngin dil materialları əsasında geniş şəkildə araşdırılmışdır. Sonuncu bölmə isə, sanki kitabın mövzusu, onun elmi yeniliyi və elmi əhəmiyyəti haqqında mötəbər opponent rəyini xatırladır.

Əsərdə diqqəti cəlb edən bölmələrdən biri də “Fonetika haqqında ümumi məlumat” fəslidir (prof. Mübariz Yusifov). Fonem, səs məfhumu geniş anlayışdır. Ona görə də bu bölmədə səsin əmələ gəlməsi, yaranma yolları və digər bu kimi məsələlər yeni aspektdə işıqlandırılmışdır. Bu bölmədə ilk dəfə olaraq fonetikanın fizioloji, akustik, təsviri, tarixi, müqayisəli, təcrübi (və ya eksperimental), semantik, funksional fonetika kimi növləri və fonomorfologiya haqqında da sistemli şəkildə məlumat verilmişdir. Məlumdur ki, danışıq səsi fonem anlayışı ilə sıx bağlı bir dil vahididir. Məhz buna görə də kitabda səs və fonem əlaqələri dilçilik elminin yeni nailiyyətləri işığında araşdırılmışdır. Bu bölmədə diqqəti cəlb edən digər cəhət də ondan ibarətdir ki, fonetika məsələlərinin tədqiqinə dil tarixi və türkologiya, oğuz dilləri kontekstində yanaşılmışdır. Müəllifin fonemin müəyyən olunması məsələsində aşağıdakı fikri də diqqəti cəlb edir: "…fonem müstəqildirsə, onun

özünün daxilində müəyyən bir məna xüsusiyyəti gizlənir. Fonem müstəqil deyilsə, onun semantik mühiti də yoxdur. Başqa sözlə, o səslər fonemdir ki, onlar semantik mühitə malikdir. Semantik mühitə malik olmayan səs fonem yox, variant (və ya variasiya) səciyyəli hesab edilməlidir".

Kitabın “Azərbaycan dilinin funksional fonetika və fonologiyası” (prof. Fəxrəddin Veysəlli) bölməsində də danışıq səsi və fonem münasibətlərindən, fonem nəzəriyyəsindən bəhs olunur. Xüsusi tədqiqat əsəri təsiri bağışlayan və təxminən 140 səhifədən ibarət olan bu bölmədə dilimizin səs sisteminin ümumi dilçilik, dünya dilləri kontekstində araşdırılması tədqiqatın elmi əhəmiyyətini daha da artırır. Kitabın bu bölməsi önəmli elmi-nəzəri məsələləri əhatə edən aşağıdakı əsas başlıqlara ayrılır: "Azərbaycanda fonetikanın tədqiqi tarixinə qısa baxış", "Tələffüz üslubları və tələffüz normaları", "Fonetikanın ümumi məsələləri", "Fizioloji fonetika", "Dil səslərinin funksional aspekti və ya fonologiya", "Fonem qarşılaşma və korrelyasiyaları", "Fonemlərin manifestasiyası və heca", "Cümlə fonologiyası", "Prosodiya və intonasiya". Müəllifin funksional fonetika və fonologiya əlaqələrinə aid bu əsəri, əslində Azərbaycan dili fonemlər sisteminin struktur-semantik məsələlərinin tədqiqinə həsr olunmuşdur. Çünki prof. Q.Kazımovun da qeyd etdiyi kimi, “Fonologiya, yəni danışıq səslərinin funksional cəhəti fonetik vahidləri sistem şəklində öyrənir. Funksional cəhət dil səslərinin fonoloji mövqeyi, digər səslərlə əlaqə və münasibəti, leksik, fonetik və sintaktik mövqeyinin araşdırılması ilə bağlıdır”. Təsadüfi deyildir ki, prof. F.Veysəllinin yazdığı bölmənin bir hissəsi elə “Dil səslərinin funksional aspekti və ya fonologiya” adlanır. “Danışıq səsi və fonem anlayışı” (dos. Elşad Abışov) və “Fonem və onun funksionallığı” (prof. Qara Məşədiyev) bölmələri də mövzusuna görə yuxarıdakı bölmənin davamı səciyyəsindədir. Bu bölmələrdə də real dil faktları və Azərbaycan dili materiallarına istinad çoxdur.

“Saitlər sistemi (vokalizm)” (filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyeva), “Samitlər sistemi (konsonantizm)” (prof. Aydın Ələkbərov, dos. Aytəkin Ələkbərova) adlı bölmələrdə öncə Müasir Azərbaycan ədəbi dilində fonoloji səpkidə mübahisəli sait və samit fonemlərin sayı məsələsinə aydınlıq gətirilir. Daha sonra sait və samitlərin təsnifat prinsipləri ilə bağlı Azərbaycan dilçiliyindəki fikir ayrılığından bəhs edilir və bildirilir ki, fizioloji təsnifat hamı tərəfindən qəbul edilmiş universal səciyyə daşıyır. Kitabda sait və samitlərin təsnifat prinsipləri cədvəl şəklində təqdim edilir. Eyni zamanda, Azərbaycan ədəbi dilindəki sait və samit fonemlərin hər birinin ayrılıqda səciyyəvi xüsusiyyətləri göstərilir.

Kitabın “Fonetik hadisələr və əvəzlənmələr” bölməsi mərhum akademik Ağamusa Axundovun “Azərbaycan dilinin fonetikası” kitabı əsasında hazırlanmışdır. Burada, xüsusilə türk dillərinin spesifik xüsusiyyəti olan ahəng qanunu, onun ifadə imkanları geniş dil materialları əsasında tədqiq olunmuşdur.

Kitabda “Heca” (dos. Qüdrət Cəfərov) və “Vurğu”(dos. Elmira Əhmədova) bölmələri də dilçilik elminin son nailiyyətləri səviyyəsində qələmə alınmış, müxtəlif dövrlərdə Azərbaycan dilində fonetika məsələlərindən bəhs edən tədqiqatlarda vurğu, onun funksiyaları, növləri, sözdə vurğunun yeri və s. kimi məsələlərdən danışılmışdır. Daha sonra kitabda digər tədqiqatlarda rast gəlinməyən vurğunun orfoepik və orfoqrafik funksiyası, vurğunun fonetik aktuallaşma funksiyası və s. barədə ətraflı məlumat verilmiş, giriş hissədə isə Azərbaycan dilçiliyində vurğunun tədqiqi vəziyyəti haqqında bəhs edilmişdir. Vurğunun funksiyalarından bəhs olunarkən, onun fonetik aktuallaşma və orfoepik, orfoqrafik funksiyaları, vurğunun növləri, sözdə vurğunun yeri, şəkilçilərdə və köməkçi nitq hissələrində, köməkçi sözlərin vurğu qəbul etməyən şəkilçiləşmiş formalarında, alınma sözlərdə vurğu və s. məsələlər bu məqalədə dərin tədqiqata cəlb olunmuşdur.

Kitabın “Yazı. Əlifba. Qrafika” adlı hissəsində (dos. Aytən Bəylərova) yazının bir-birini şərtləndirən üç komponentindən – əlifba, qrafika və orfoqrafiya məsələlərindən bəhs olunmuşdur. Bu hissədə tarix boyu istifadə olunan yazı növləri, əlifbanın yaranma tarixi, qədim əlifbalar, türk və Azərbaycan xalqlarının istifadə etdiyi əlifbalar, qrafika haqqında məlumatlar verilmiş, əlifba ilə orfoqrafiyanın əlaqəsi, yad əlifbalardan istifadənin dilin orfoqrafiyasına mənfi təsiri kimi məsələlər də araşdırılmışdır.

“Ortaq türk əlifbası” bölməsində (filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov) türk dünyasının birliyi və bütövlüyü üçün önəmli olan ortaq dil və əlifba problemindən bəhs edilir. Türk dünyasının hər bir sahədə aktual olan məsələlərinin düşüncədə birləşməsi bütün türk xalqlarının anlaya biləcəyi bir türkcə ilə mümkün ola bilər. Elə buna görə də türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması günümüzdə çox böyük əhəmiyyət kəsb edir. Bunun üçün isə ortaq əlifba, ortaq imla prinsipləri, lüğət tərkibi (sözlük), ortaq terminologiya yaradılması, ortaq dərsliklərin hazırlanıb nəşr edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Müəllifin də qeyd etdiyi kimi, 1991-ci ildə Ankara şəhərində türk dünyası elm adamlarının iştirakı ilə 34 hərfdən ibarət ortaq əlifba layihəsi qəbul edilmişdir. Təqdirəlayiq haldır ki, bölmənin sonunda alimin bu problemin həlli istiqamətində 10-15 maddədən ibarət təklifləri də öz əksini tapmışdır.

Bildiyimiz kimi, prof. Əbdüləzəl Dəmirçizadənin Azərbaycan dili fonetikasının öyrənilməsində mühüm xidmətləri olmuşdur. Bu səbəbdəndir ki, kitab müəlliflərinin əksəriyyəti öz yazılarında prof. Ə.Dəmirçizadənin bu sahədəki xidmətlərini xüsusilə qeyd etmişlər.

Kitabın “Azərbaycan dilinin fonetik üslubiyyatı” bölməsində (dos. Nərgiz Hacıyeva) “üslubi fonetika” adlanan kateqoriyanın funksiya və ifadə vasitələrindən bəhs edilir.

Təsadüfi deyildir ki, Azərbaycan dilçiliyində fonetik üslubiyyat, üslubi fonetika barədə ilk dəfə prof. Ə.Dəmirçizadə məlumat vermişdir. Bu bölmədə Azərbaycan dilinin fonetik üslubiyyatının nəzəri məsələləri, onun fonosemantika ilə qarşılıqlı əlaqəsi, morfonologiyada fonetik üslubiyyatın rolu, fonetik üslubi kateqoriyaları ilk dəfə olaraq üzə çıxarılmış, fonetik-üslubi kateqoriyalarda fonetik ifadə vasitələrinin qarşılıqlı əlaqəsi, fonetik-üslubi ifadə vasitələrinin dilin bir sıra bölmələri üzrə tədqiqi, tələffüzün geniş mənada işlənmə xüsusiyyətləri və intonasiyanın komponentlərinin üslubi xüsusiyyətləri tədqiq olunmuşdur.

Kitabın “Orfoepiya və orfoepiya anlayışı” (dos. İntizar Salehova) bölməsi fonetik normanın bir qolu olan orfoepik (ədəbi tələffüz) normalara həsr olunmuşdur. Müəllif orfoepiya anlayışının elmi izahı üzərində geniş dayanmış və təsadüfi deyildir ki, bu məsələnin tədqiqinə 50 səhifə həsr edilmişdir. Kitabın bu bölməsində dilçilikdə tez-tez rast gəlinən orfofoniya və orfoepiya məsələsinə də toxunulmuş, orfofoniya orfoepiyanın tərkib hissəsidir qənaətinə gəlinmişdir. Orfoepik qaydaların müəyyənləşməsində tələffüz üslubları və tələffüz şəraiti mühüm rol oynayır. Buna görə də yazıda onlara geniş diqqət ayrılır, səslərin tələffüz qaydalarının tələffüz şəraitinə uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur və araşdırma bu istiqamətdə aparılır. Bu mövzunun davamı “Orfoepiya normaları” (prof. İsmayıl Məmmədov) bölməsində də verilmişdir. Burada orfoepiya ilə orfoqrafiyanın əlaqələrindən, vaxtilə düzgün yazı qaydaları tərtib olunarkən, fonetik prinsipə əsaslanılmasından və fonetikanın hər iki sahəsinin yaxınlığından bəhs edilir. Orfoepiyanın prinsip və normalarını elmi əsaslar üzrə şərh edən müəllif, həmçinin alınma sözlərin tələffüz qaydalarından da daha geniş şəkildə bəhs etmişdir.

Kitabda fonetika ilə sıx bağlı olan “Orfoqrafiya” bəhsini prof. İsmayıl Kazımov və filologiya üzrə fəlsəfə doktoru Şəlalə Qasımova yazmışdır. Məlumdur ki, son illər istər elmi mühitdə, istərsə də sosial şəbəkələrdə orfoqrafiya qaydaları qızğın müzakirə olunur, məqalə və məruzələrdə, müxtəlif tipli yazılarda hər kəs öz düşüncə və mülahizələrini ortaya qoyur . Azərbaycan dilində müxtəlif illərə aid orfoqrafiya qaydaları mövcud olsa da, bu qaydaların daha da təkmilləşməyə, ayrı-ayrı müddəalarında dəqiqləşdirmə aparmağa ehtiyac vardır. Ona görə də bu bölmədə həm orfoqrafiya məsələlərinin tarixinə nəzər salınmış, bir çox alim və ziyalılardan sitatlar gətirilmiş, onlarla polemikaya girməyə çalışılmış, həm də orfoqrafiya üçün vacib olan xüsusiyyətləri, bu qaydaları formalaşdıran prinsiplərin hər biri haqqında ərtaflı məlumat verilmişdir. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları da bu yazıya daxil edilmişdir.

Kitabın “Azərbaycan dilinin morfonologiyası” (prof. Firudin Cəlilov) bölməsində fonetika ilə morfologiya münasibətləri, “Dil və fonosemantika məsələlərinə bir baxış” (prof. Buludxan Xəlilov) bölməsində fonetika və semasiologiya münasibətləri,

“Fonosintaksis. Sintaqm - fonosintaksisin obyekti kimi” (prof, ismayil Kazimov) bölməsində isə fonetika və sintaksis münasibətləri dünya dilçilik elminin yeni nailiyyətləri i^iginda yuksak saviyyada tadqiq edilmi^dir.

Belalikla, AMEA Nasimi adina Dil^ilik institutu, onun Muasir Azarbaycan dili şöbəsinin əməkdaşlarının hazırladığı “Müasir Azərbaycan dili I cild” (fonetika və fonologiya) kitabi AMEA-nin 70 illik yubileyina layiqli bir hadiyyadir. 700 sahifadan ibarət olan bu kitab, Azərbaycan dili fonetik sisteminin öyrənilməsi tarixində yeni tədqiqatlar işığında yazılmış ilk fundamental əsərdir. İnanırıq ki, öz aktualllığı ilə diqqəti cəlb edən “Fonetika və Fonologiya” kitabı filoloqlar, müəllimlər, doktorant və magistrant talabalar u^un dayarli bir tohfa olacaqdir.

Статья