Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi
Автор: Kamal Camalov
Журнал: Azərbaycan dili və ədəbiyyat tədrisi @az-dili-edebiyyat
Рубрика: Metodika
Статья в выпуске: 1 (267), 2021 года.
Бесплатный доступ
Məqalədə repressiyaya məruz qalan Azərbaycan ədibləri – Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminlinin ana dili və onun tədrisi uğrunda mübarizələri tədqiq və təhlil obyektinə çevrilmişdir. Göstərilir ki, repressiya qurbanlarının pedaqoji irsinin öyrənilməsi yalnız tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu günümüz üçün faydalıdır. Repressiya qurbanlarının pedaqoji irsində təlim məsələləri – təlimin funksiyaları, prinsipləri, metodları mühüm yer tutur. Məslək və amal dostları XX əsrin əvvəllərində Azərbaycanda genişlənən təlimin ana dilində aparılması ideyasının tərəfdarı olmuş, onun ictimai-siyasi və pedaqoji əhəmiyyətini şərh etmişlər. Məqalədə maraq kəsb edən yanaşmalardan biri də dərsliklərin anlaşıqlı, sadə və aydın ana dilində, elmi və pedaqoji əsaslara uyğun yazılmasına münasibətin bildirilməsidir. Məqalədə vətən fədailərinin Azərbaycan məktəblərində ana dilinin tədri-sinin zəruriliyi və əhəmiyyəti haqqında fikir, ideya və görüşləri elmi ümumiləşdirmələrlə təhlil edilmişdir.
Repressiya qurbanları, ana dili və onun tədrisi, dilin saflığı, ədəbi dilin yaradılması uğrunda mübarizə, ana dili və onun məktəblərdə tədrisi haqqında fikirlər, ana dilində aparılan təlimin ictimai-pedaqoji əhəmiyyəti
Короткий адрес: https://sciup.org/170175810
IDR: 170175810 | DOI: 10.48445/TAIIJ.2021.86.20.008
Текст научной статьи Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi
ARTICLE HISTORY Received: 27.01.2021 Accepted: 16.02.2021
Giriş / Introduction
Xalqın mövcud olması və yaşaması üçün əsas amil hesab edilən milli dilini hər bir xalq ana südü kimi sevmiş, onu yad təsirlərdən mühafizə etməyə, qoruyub saxlamağa çalışmışdır. Azərbaycan maarifçiləri (Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov və b.) ana dilini fars, ərəb, rus sözlərindən, xarici təsirlərdən qorumağı, hər bir azərbaycanlının başa düşdüyü bir dildə yazmağı vacib məsələ hesab edirdilər. Maarifçi demokratların ana dili məsələsinə fəal münasibət bəsləmələri səbəbsiz deyildi. XX əsrin əvvəllərindən başlayaraq, dil məsələsi Azərbaycanda ictimai-siyasi və mədəni həyatın müxtəlif sahələrini özündə cəmləşdirən bir amilə çevrilmişdi. Siyasətdən və iqtisadiyyatdan bəhs edənlər də, mədəniyyətdən yazanlar da bu məsələyə toxunmadan yan keçə bilmirdilər. Pedaqogikanın klassikləri sayılan Y.A.Komenski, İ.H.Pestalotsi, K.D.Uşinski və b. ana dilinə böyük əhəmiyyət verərək, məktəblərdə tədrisin məhz bu dildə aparılması ideyasına böyük önəm vermişlər.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya imperiyasının müstəmləkə siyasəti ilə əlaqədar olaraq, başqa millətlərin dilinə qiymət verilmirdi. Bütün dövlət məktəblərində tədris rus dilində aparılırdı. Azərbaycanda olan dövlət məktəblərində azərbaycanlı şagirdlərə doğma dillərində danışmalarına belə icazə verilmirdi. Məhz buna görə də, Azərbaycanın qabaqcıl mütəfəkkir pedaqoqları (Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli və b.) Rusiya imperiyasının müstəmləkə siyasətinə qarşı mübarizə aparmaqla, məktəblərdə ana dilinin bir fənn kimi tədris olunmasına və ana dilində məktəblər açılmasına var qüvvələri ilə çalışırdılar. Bu mübarizə eyni zamanda Azərbaycan dilinin orfoqrafiyasını sadələşdirmək, onu mümkün qədər ərəb, fars və s. sözlərdən təmizləməkdən ibarət idi. Onlar ana dilini və onun məktəblərdə tədrisini mühüm bir məsələ hesab edərək, mətbuat səhifələrində tez-tez bu məsələ barəsində publisist məqalələri ilə çıxışlar edir, dilin təmizliyinə xələl gətirən, məktəblərdə tədrisi qadağan edən mövcud qanunlara qarşı öz etiraz səslərini ucaldır, dilin saflığını, müstəqilliyini qoruyub saxlamağa çalışırdılar.
Türk dünyasında dramaturq, publisist, ictimai xadim kimi tanınan repressiya qurbanları Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli və başqalarının pedaqoji görüşlərində milli-mənəvi dəyərlər, əxlaqi fikirlər, təhsillə bağlı ideyalar və müəllim hazırlığı ilə yanaşı apardıqları böyük mübarizələrdən biri də ana dili və onun tədrisi ilə bağlı məsələlər olmuşdur.
Repressiya qurbanları Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün bütün üsul və vasitələrdən istifadə etməklə Azərbaycan xalqının milli mənsubiyyətinə sona qədər sadiq qalmış, onun öz tarixi qədər qədim mədəniyyəti və dilinə hörmət bəsləmişlər. Repressiya qurbanlarının hər biri öz yaradıcılıq tərzlərinə uyğun ana dilinin saflığı uğrunda mübarizəyə dair çox sayda məqalə, şeir, məktub və publisist yazılar, dərslik, felyeton, hekayə, maraqlı şəkil və karikaturalarla mətbuat səhifələrində çıxış etmişlər.
Firidun bəy Köçərli “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Ana dili” adlı məqaləsində dili hörmətdən salan, onu alınma sözlərlə korlayan ziyalıları kəskin şəkildə tənqid edirdi: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Rusların məşhur pedaqoq və ədibi K.Uşinski deyir: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”. Bu doğrunu digər millətlərin həqiqi ədib və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirlər…” [“Molla Nəsrəddin” jurnalı. 1913, № 22].
Firidun bəy Köçərli yazır: “Son zamanlar bizim açıq və sadə dilimizə İstanbulda yarımçıq elm təhsil edib gələnlər xələl yetirməkdədirlər. Bu cənablar nə elmdən elm və nə də mərifətdən mərifət öyrəniblər. Ancaq qəliz ifadələr, kəlimələr üstünə minib ədəbiyyat meydanında cövlan etməkdədirlər”. F.Köçərli qəliz ifadələrlə, kəlimələrlə meydan sulayanların başında ortaq türk dilinin təbliğatçısı olan mühacir həyatı yaşayan Əli bəy Hüseynzadəni, ətrafında isə “bir dəstə meymunların” toplaşmasından ciddi narazılıq edir. F.Köçərli “Molla Nəsrəddin” jurnalında yazır ki, “Allah Əli bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib bizim şumbəxt (şumbəxt – uğursuz bəxt – K.C.) Qafqaza təşrif gətirməyəydi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə bir-birinə macal verməyib böyük hünərlər göstərdilər. Az vaxtın içində Qafqaz türklərinin dili osmanlı sözləri və istilahları ilə doldu: “işbu”, “iştə”, “şimdi”, “şol”, “əfəndim”, “bakalım”, “nasıl” sözləri qəzet sütunlarını doldurdu. Bu işin nəticəsi bu oldu ki, indi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur... Təlim-qiraət kitablarımızda “ata”, “ana”, “yaxşı” kimi işlənən və əziz sözlər dərman üçün belə axtarılsa, tapılmaz”.
Əli bəy Hüseynzadənin osmanlı şivələri ilə dolu olan “Füyuzat” jurnalına maarifçi-pedaqoq Həsən bəy Zərdabi də kəskin etirazını bildirmişdir. Belə nəql edilir ki, bir gün Həsən bəy Zərdabinin yolu kitab, qəzet, jurnal satılan köşkün önündən keçir. Gözü “Füyuzat” məcmuəsinə sataşır. Əlinə alıb bir neçə vərəqinə baxdıqdan sonra soruşur:
“– Bunu kimin üçün yazırsınız?
– Camaat üçün – demişlər.
Həsən bəy gülümsünərək demişdir:
– Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün” [4, s.351].
Firidun bəy Köçərli yazır ki, “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçı, ədib və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəkib, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, xalq onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər” [“Molla Nəsrəddin” jurnalı. 1913, № 23]. Aydındır ki, dil məsələsi siyasi səciyyə daşıyırdı. Bəzən Azərbaycan xalqı müstəqil bir xalq, onun dili isə müstəqil bir dil kimi inkar edilir, ya da ümumtürk ortaq dil kimi götürülməyə cəhd edilirdi. Xalqın özünü “qövm”, “tayfa” hesab edənlər dilini “şivə”, “Qafqaz şivəsi” adlandırır, “sənin ayrıca bir lisanın yoxdur” [5, s.51-52] – deyə onu öz milli zəminəsindən ortaq dil kimi götürmək istəyirdilər.
Ana dili uğrunda irəli sürülən təşəbbüsləri milli maarifçiliyin inkişafı yolunda mübarizənin tərkib hissəsi hesab edən Firidun bəy yaxşı başa düşürdü ki, mədəniyyətin tərəqqisi, ana dilinin inkişaf etməsindən çox asılıdır. Bunsuz milli mədəniyyət yaratmaq olmaz. Bunsuz ittifaq bağlamaq olmaz, xalq bir-birini anlaya bilməz, ünsiyyət yaranmaz, bunsuz milli məktəblər təşkil etmək olmaz, bunsuz sadə adamlara dövrün inqilabi, demokratik tələblərilə əlaqədar olan nəcib hisslər aşılamaq olmaz. “Milli dil olmasa, o xalqın inkişafı dayanır, “ana dili” məhv olarsa, xalq artıq yox olar” - deyən K.Uşinskinin sözlərini F.Köçərli ürəkdən alqışlayır. “Molla Nəsrəddin” jurnalını vərəqləyərkən indiyə qədər işıqlandırılmayan bir tarixi faktla da qarşılaşırıq. Bu da Rəşid bəyin (M.F.Axundovun oğlu) atasının əlyazmalarından bir neçəsini F.Köçərliyə verdiyi faktdır. F.Köçərli jurnalda yazır: “Mirzə Fətəli Axundovun oğlu Rəşid bəy keçən vaxtlarda uca olan atasının əlyazmalarından bir neçəsini vermişdi ki, oxuyub lazım olan vaxt nəşr edim. O kağızlardan biri də həmin aşağıda dərc olunan fars dilində yazılmış bir məqalə idi ki, mən onu türk dilinə tərcümə elədim, göndərdim “Molla Nəsrəddin” idarəsinə. Çünki Mollanın səhifələrində çap olunmağını münasib görürəm” [“Molla Nəsrəddin” jurnalı. 1912, №
1]. F.Köçərli böyük maarifçi Mirzə Fətəli Axundovun əlifba layihəsini aydın, sadə, anlaşıqlı dil ilə tərcümə etmiş və onun əlifba layihəsini dəstəkləyənlərdən biri olmuşdur. Firidun bəy xalqın tez bir zamanda savadlanması, ana dilinin inkişafı üçün ərəb əlifbasının yeni əlifba ilə əvəz olunmasını vacib və həlli təxirə salınmaz məsələlərdən biri kimi dəyərləndirmişdir.
Mollanəsrəddinçi Ömər Faiq Nemanzadə də xalqına məxsus dili, əlifbası olmasını arzulayan və bu yöndə xalqının xeyrinə bir çox işlər görən ziyalılardan olmuşdur. Onun əsərlərində, eləcə də mətbuatda dərc etdirdiyi bir sıra məqalələrində Azərbaycan dilinə məxsus əlifba olmasını və məktəblərdə bu əlifbadan istifadə etməklə xalqımızın balalarına milli dilimizin tədris olunmasını arzulayırdı. Ö.F.Nemanzadə hər zaman ana dilinə xor baxanları tənqid etmiş və onlarla mübarizə aparmışdır. O, Cəlil Məmmədquluzadə ilə birlikdə yaratdığı “Molla Nəsrəddin” jurnalının səhifələrində istər məqalələri ilə, istərsə də felyetonları ilə açıq şəkildə bunu bəyan etmişdir.
Maarifçi-pedaqoq Ö.F.Nemanzadə qeyd edirdi: “Ana dilini tədris etmək üçün gərək onu xalqa sevdirək, bu da dövrün maarifçi ziyalılarının üzərinə düşür. Onlar qəzet və jurnallarda dərc etdirdikləri məqalələrdə öz sözlərimizdən istifadə etməklə, doğma dilimizi xalqa sevdirməlidirlər. Əgər ziyalılarımız bunu bacarmırlarsa, avam camaat bunu necə anlasın?!”.
Ö.F.Nemanzadə dili millətin varlığı hesab edirdi. Elm, maarif və mədəniyyəti, təmiz ana dilində yazmağı, bu sahədə qonşu xalqlardan ibrət götürməyi odlu ürəklə təbliğ edirdi. O, ölkəmizdə milli məktəblərin açılmasının, orada müsəlman uşaqlarına dərs verilməsinin tərəfdarı idi. Lakin xalqın maariflənməyə etinasız qalması, onu xalqı oyandırmaq üçün işlər görməyə sövq edirdi. O, “Axalsixdən” adlı məqaləsində yazırdı: “Camaatımız çox rahatdır. Nə yeni məktəblərimiz var, nə də əski!.. Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min camaata bir Üsuli-Cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var” [“Tərcüman” qəzeti. 1900, № 1].
Ö.F.Nemanzadə azərbaycanlı uşaqların məktəbə cəlb olunması ilə yanaşı, onlara ana dilində təhsil verilməsini də tələb edirdi. O, bizim minlərcə türk sözlərimiz ola-ola, onları buraxıb, ata yerinə pədər, ana yerinə madər, Tanrı yerinə haqq-təala və s. sözləri işlətməyi, hətta onlar ilə yazmağı və bunu özümüzə bir hünər saymağı ən böyük qəbahət hesab edirdi. O yazırdı ki, “İndi insaf ediniz, bir millət ki, ata, ana, su,
çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. Dəxi nə hala deyə bilərik ki, mənim də dilim və vücudum vardır?” [9, s.171].
Ö.F.Nemanzadə ana dilinə dərin və sonsuz sevgi duyğularını “Eşq və məhəbbət” məqaləsində də ürək yanğısı ilə ifadə edirdi. O qeyd edirdi ki, “Dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar – insanı idarə edən bu güclər oldumu, daha irəlisini düşünməyiniz: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalışa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlməyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar əmələ gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplan ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovurur. Bəli, məhəbbət nələr, nələr elətdirməz! Dilinə olan məhəbbət deyilmidir ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, nemescə bilmirmi? Bəlkə firəngcə də bilir! Lakin hamısından artıq öz dilini sevir. Öz dilinin aşiqidir. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa dili də olacaqdır.
Sevgili oxucularım! Millətlərin qan və od içində çalışdığı belə bir həngamədə “dil” məsələsi ilə vaxt keçirməyimə çaşıb məni qınamayın. Mən görürəm ki, bizi o qan və od dənizindən qurtarmaq istəyənlərin çoxu hələ özgələrin dil və adət əsiridirlər. Bunlar öz əsirlikləri ilə bərabər, bizi də əsirlikdən qurtarmamaq, yalançı pəhlivanlıqda bulundurmaq istəyirlər. Bəlkə deyirsiniz ki, “dil”in millətpərvərliyə nə dəxli var? Bir kişi türkcə bilə-bilə qəsdlə danışmaz, amma ürəkdən millətpərvər olar. Belə ikiüzlülər bəlkə ola bilsin. Lakin, mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz” [9, s.203].
Bütün bunların hamısı, xalqın öz dilinə biganəliyi maarifçi pedaqoqu hiddətləndirirdi. O, haqlı olaraq inana bilmir ki, dilini sevməyən, millətini sevsin. Yazıçı “Yazımız, dilimiz, ikinci ilimiz” adlı məqaləsində yazırdı: “Atalarımız müsəlmanlığı ərəb hərfləri ilə və ərəb dili ilə öyrənmək istəyib, böyük zərərlərə, fəlakətlərə düçar oldular. “Düşün, sonra iman gətir” qaydasını buraxıb “gözünü, beynini yum, ərəb dili ilə, ərəbə müqəllidlik ilə iman gətir” – üsulunu təqib etdilər. Bu yol ilə həm özlərini, həm də bizi bədbəxt etdilər” [9, s.166]. Ö.F.Nemanzadə xalqına səslənirdi ki, “Dili məhəbbətin başlanğıcı bilək! Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Yeri düşəndə deyirik ki, camaatımız oxumur, oxumaq istəmir. Bunu demək doğru deyildir. Hansı açıq dil ilə əsərlər yazıb camaatı oxumağa alışdırırıq ki, camaatdan şikayət eyləyək, onlara nə verdik ki, nə istəyək? Bir-iki para yazılarımız, ha qışqırırlar ki, “Qoymayın millət geri qaldı!”. Lakin millətin əsl geri qalmasına səbəb olan yazımızın, dilimizin izahı üçün, türkcəmizin işlənməsi üçün heç çalışdılarmı?” [8, s.198].
Ö.F.Nemanzadə yazır ki, “Dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dili təlim eləsin? Dünyada heç bir millət özgələrinin morfologiya qaydalarını nə cürə ki, var, eləcə qəbul edib, öz dilinə doldurmamışdır. Ancaq dünyada bircə biz hamıdan “ağıllı”, “qanacaqlı” çıxıb özgələrin başlarındakı sarıqları ilə bərabər ayaqlarının tozlarını da qəbul edib gözlərimizə sürmə eləmişik” – deyir. Həmçinin, o qeyd edir ki, bu üsuldan ölümdən qaçan kimi qaçmalıyıq. “Türklər nə qədər ki, türklükdən, Türküstandan uzaq düşüb, əsrlərcə ərəb hökuməti və dini, fars ədəbiyyatı, nüfuzu altında qaldılar, o qədər türklərini və türk dilini itirdilər” [9, s.163].
Ömər Faiq Nemanzadə Azərbaycan dilinin ərəb, fars sözləri ilə ağırlaşdığını göstərirsə, Əliqulu Qəmküsar da təəssüflə bu dillərlə yanaşı rus dilinin də dilimizə nüfuz etdiyini göstərərək yazırdı:
Hər kəs ki, gedir rus dilini qılmağa təhsil, Az-maz qonuşur türki lisanın bir-iki il, Bəs ki qarışır bir-birinə sonra bütün dil, Kim zənn edəcəkdir bu müsəlman gərək olsun
[6, s.27].
Ömər Faiq qeyd edir ki, “Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Ana dilini sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. “Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrin bizi istəmələrini ummaq dəlilikdir” [9, s.203].
Böyük pedaqoqun 1914-cü ildə “Sədayi-həqq” qəzetində dərc olunan “Dil məsələsi” ilə bağlı publisist yazısında oxuyuruq: “Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm. Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları türk dilini birləşdirmək istəyirlər. Buna görə də, osmanlı dilini ümumi bir dil sayır və bu dildə də kitab, qəzet, jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var”.
Ana dili və onun məktəblərdə tədrisi ilə bağlı mübarizə aparan və ana dilinin incəliyini, təmizliyini, sadəliyini xalqa sevdirməyə çalışanlardan biri də repressiya qurbanı Hüseyn Cavid olmuşdur. Dövrünün görkəmli maarifçilərindən olan Hüseyn Cavid də özündən əvvəlki pedaqoqların dil haqqında fikirlərinə əsaslanaraq, demokratik ideyalı müasirlərinin görüşləri ilə səsləşən fikirlər irəli sürür, ana dilinə xüsusi əhəmiyyət verir, onun məktəblərdə tədris edilməsi uğrunda mübarizə aparır və bu sahədə əməli iş görürdü. Hüseyn Cavid yaxşı dərk edirdi ki, xalqın savadlanması, elmə, maarifə yiyələnməsi, ictimai-siyasi hadisələri düzgün şəkildə anlaması üçün ana dili güclü bir silahdır. O, hər bir xalqın müstəqilliyini qoruyub saxlaması, yaşaması, təlim-tərbiyəsi işinin müvəffəqiyyətlə nəticələnməsi üçün ana dilini tədrisdə mühüm şərt hesab edirdi. “Ana dili məhv olarkən xalq artıq yox olur” – deyə hər bir xalqın müstəqilliyini saxlaması üçün dili əsas şərt hesab edən K.Uşinskinin bu ideyasını qəbul etmişdir.
Hüseyn Cavidə görə, gözəl ədəbi dili ancaq yazıçı, jurnalist və mühərrirlər yaratmırlar. Onu bütün xalq yaradır. Ona görə də, xalqın mövcud olması, başqa xalqlar arasında tanınması üçün Hüseyn Cavid xalqı dilinə və ədəbiyyatına ehtiramla yanaşmağa, başqa təsirlərdən qorumağa çağırır, xalqın bu sahədə olan nöqsanlarına acıyır. Maarifpərvər yazıçı heysiyyətə, mühitə qapılaraq kor-koranə, başqa-başqa xalqların “lisanlarını”, adət-ənənələrini təqlid edərək öz dilinə, adət-ənənəsinə biganə qalmağı kəskin tənqid edirdi. Böyük sənətkar xüsusilə şeir, sənət dilinin obrazlılığına, canlı və təsirli olmasına fikir verir, onu korlayanları istehza ilə qarşılayırdı.
Ədibə görə, hər bir xalq öz ana dili vasitəsilə tərbiyə olunur, həyatı, dünyanı dərk edir. Ana dilinə xor baxmaq, vətən övladlarının mənəviyyatını zəhərləmək xalqı yox etmək deməkdir. Bu cəhətdən Hüseyn Cavidin “Həsb-hal” adlı məqaləsi xüsusilə maraq doğurur. O, həmin məqalədə darülfünun qurtarmış “bəzi əfəndilər müstəsna olmaq şərtilə” ziyalıları nəzərdə tutaraq yazırdı: “Rusca oxumuş, türk dilində müəllimlik edən arxadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istəyirəm getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa. …bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmibeş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çox yaxşı və çox xoşbəxtlik…”. İlk nəzərdə insan, bu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə, düzgüncə türk sözləri olduğunu təsdiqdən özünü alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda-xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcibə olduğunu anlar. Bu hal, bu qarışıqlıq yalnız bəzi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsbəni dəxi ifsad etməkdədir. Elmsiz, saf bir köylünü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onların türk ləhcəsinə, türk ruhuna daha yaxın, daha munis bulursunuz” [2, s.210].
Hüseyn Cavidin ana dilinin təbliği ilə bağlı vətənpərvər çıxışları da az deyildir. Cavidi oxuyan hər bir vətəndaşda xalqa, vətənə dərin məhəbbət hissi doğur, onda öz vətənini, xalqını, ən başlıcası, ana dilini qorumaq hissi daha da artır. Şair-pedaqoqun əsərləri, məktub və məqalələri vətənpərvərlik alovu ilə alışıb yanır. O, ümumiyyətlə, inkişaf üçün maariflənməyi, mədəniləşməyi yeganə yol hesab edirdi. Hüseyn Cavid də əqidə dostları kimi məktəblərimizdə ana dili təlimini müdafiə edənlərdən biri olmuşdur. Cavid əfəndi XIX əsrin sonu – XX əsrin əvvəllərində milli məktəblərimizdə ana dilinə dərs saatlarından cəmi bircə saat vaxt ayrıldığına, qalan dərslərin rus dilində tədris edilməsinə qəti etirazını açıqlayaraq yazırdı: “Ana dili nə qədər lazım isə, hökumət dili də (rus dili nəzərdə tutulur – K.C.) o qədər vacibdir. Lakin Əli aşını, Vəli aşına qarışdırmamalı. “Qorodskoy” məktəblər başqa, milli məktəblər daha başqa bir şeydir. Burada yalnız iki sual nəzərə çarpır: məktəbdə məqsəd nədir? Və kimlər hansı məktəblərə getməlidirlər? Elm hər dildə vacibdir. Elmdə təəssüb yoxdur. Ancaq bir para şəxslər vardır ki, nəzəri-diqqətə almaq faydasız olmaz. Elmdə edilən istifadə yalnız mənəviyyata münhəsir (məhdud – K.C.) deyil. …Ən əvvəl məktəbdə məqsəd yazıb-oxumaqdır ki, ibtidai məktəblər bunun üçündür və hər millətin bütün əfradına (fərdlərinə – K.C.) vacib bir məsələdir. …Hər gün üç dərs rusca, bir dərs türkcə oxunsa, o yarım yanlış türkcədən heç bir fayda hasil olmaz. İki gün içində tamam unudular gedər. O qarışıq yazılar, o pərişan imlalar, o qəliz kəlmələr ilə əsla bir şey anlaşılmaz. …Bəzi hər gün üç dərs türkcə, bir dərs rusca oxudulursa, bir iş sahibi, ticarət və sənaətcə lazım olan işlərini beş-üç kəlmə yazıb söyləşmək ilə yoluna qoya bilər. Fəqət rus dilindən kiçik bir xatirə qalır ki, yavaş-yavaş zaman qulağını buraraqdan öyrənməyə məcbur edər” [“Həqiqət qəzeti”. 5 yanvar, 1910, № 4].
Məktəblərdə ana dilinə belə ögey münasibət bəsləndiyini görən Hüseyn Cavid məktəb şagirdlərinin “tarixlərindən, köklərindən xəbərsiz” qalacaqlarını belə ifadə edirdi: “…Bir çox məktəb şagirdləri az bir zamanda özlərini unudurlar. Özlərini, sözlərini bilməyirlər. Tarixlərindən, köklərindən xəbərsiz qalırlar. Bu da bir millət üçün çox böyük qüvvət, çox böyük tədənnidir (geri getmə mənasında – K.C.). Dilsiz bir millət yaşamaz, çapıq münqəriz (aradan çıxmış – K.C.) olur. Bir millətin lisanı, mövcudiyyətinin ən parlaq bürhanıdır” [“Həqiqət qəzeti”. 5 yanvar, 1910, № 4].
“Növhə” adlı şeirində H.Cavid qanımız, canımız sayılan ana dilini müəllimlərimiz tərəfindən “vətən yavrularına” mükəmməl, tam mənimsətməyi məsləhət görür. Şair xalqımızın tərəqqisində, maarif və mədəniyyətinin inkişafında, habelə cəhalətə, durğunluğa qarşı mübarizədə ən mükəmməl vasitə olan doğma dilimizin tədrisinə, inkişafına biganə olanları açıq-aşkar tənqid edir, onları vətən dilini öyrənməyə səsləyir:
Ögrətdi bilmirəm bizi kim bu cəhalətə?
Vəhşilik irs olub bu gün əbnayi-millətə.
Mötad ediblər yaxşı bizi xabi-qəflətə. Biz millətin ayılmağı qaldı qiyamətə, Baislərin Xuda özü versin cəzasını.
Həll eyləmək qabaqca gərək tez bu müşkili, Bilsin vətən cocuqları əvvəl vətən dili.
Gəlməz nəvayə görməsə bülbül çəmən güli, Təsdiq edər danışdırsan hər bir aqili, Hər millət öz dilində tapıb müddəasını
[3, s.122].
Şübhəsiz ki, Hüseyn Cavid, Firidun bəy Köçərli və Ömər Faiq Nemanzadədən fərqli olaraq, Azərbaycan dilini başqa xalqların dilinə qarşı qoymamışdır. O, bütün dilləri öyrənib bilməyin tərəfdarı olmuşdur. Hələ İstanbulda ali təhsil aldığı illərdə məktub və məqalələrində gənc nəslə nəsihət edərək, dil öyrənməyə xüsusi diqqət yetirməyi zəruri sayırdı. H.Cavidin özünün də rus, ingilis, alman və fransız dillərini öyrənməsi barədə maraqlı qeydləri vardır. Təbii ki, fars və ərəb dillərini hələ “Mədrəsə”də, “Məktəbi-Tərbiyə” və İranda “Talibiyyə” mədrəsəsində oxuduğu illərdə öyrənmişdir.
1904-cü il avqustun 27-si “Şərqi-Rus” qəzetində nəşr etdirdiyi “Naxçıvandan təbsirə” adlı məqaləsində Hüseyn Cavid yazırdı: “…Vətən övladı əvvəlcə vətən dili olan türk dilini bəzi mətbuatı oxumaq və öyrənmək üçün bilməlidir. İkinci, bir para hadisələrin və xəbərlərin məzmununu bilmək üçün fars dilini öyrənməlidir, üçüncü, dini məsələlərlə məşğul olanlar ərəb dilini bilməlidirlər. Dördüncü, rus dilini əsaslı bilməlidirlər. O rus dilini ki, bizim vətəndə bəzi həqiqətləri və məsələləri bilmək və dərk etməkdə ən lazımi vəsait sayılır. O dili öyrənmək və bilmək lazım və vacibdir”. H.Cavid məktəblərdə ana dilinin təlimini yaxşılaşdırmaq ideyasını əsaslandırmış, təlim prosesində onun mühüm rol oynadığını göstərmişdir. O, məktəblərdə ana dili və ədəbiyyatın tədrisinə böyük əhəmiyyət verərək göstərirdi ki, biz ana dili və ədəbiyyatın tədrisini yaxşılaşdırmayınca, onu əsaslı öyrənməyincə, xalq içərisində yaymayınca, həm övladlarımız, həm də başqa xalqlar bizim dilimizdən, ədəbiyyat və mədəniyyətimizdən xəbərsiz qalacaq, ona əhəmiyyət verməyəcəkdir.
Qeyd etmək lazımdır ki, Hüseyn Cavid məktəblərdə ana dilinin tədrisini sadəcə təbliğ etmirdi. O, “Rüşdiyyə”, “Aliyevo uçenie”, “Səfa” və s. məktəblərdə ana dili və ədəbiyyatdan dərs deyərək bu işdə bilavasitə əməli fəaliyyət göstərirdi. Bununla əlaqədar oxuyuruq: “Səfa” cəmiyyətinin nə dərəcədə tərəqqi etdiyinə bir dəlil də indiki “Səfa” məktəbi göstərilə bilər. İbtidada yalnız acizlərinin təhti-idarəsinə baxan bir məktəb, indi hər cəhətcə vüsət tapıb Hüseyn Cavid …kimi müqtədir zatlar əlinə keçmişdir… “Səfa” məktəbi ilə şəhər məktəblərinin arasında olan fərq çox böyükdür. Çünki “Səfa” məktəbi ilə oradakılarını bilmək üçün dördüncü sinifdən buraxdığımız uşaqların şəhadətnamələri bunu isbat edə bilər. Əlbəttə, Hüseyn Cavid verən türkcələr ilə başqa türkcələrdə təvafüt olmalıdır. “…Cavid incə ruhlu bir şair olmaqla bərabər, türk dilini əruz vəzni ilə qarışdıran və bir-birindən ayrılmaz bir hala salan sənətkardır” [Yeni yol qəzeti. 12 yanvar, 1925] və onun “yaratdığı dil və üslub haralardan alınır-alınsın, nə kimi ilhamlardan doğur-doğsun, Azərbaycandakı şair və ədiblərimiz içində ən müstəsna, ən zərif və narın bir dildir. Bu dilin gələcək nəslimizə təsiri olmamış olmaz. …Bu da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidmətlərindən biri sayılacaqdır” [13, s.42-45].
Öz xalqını dünya miqyasında, müasir mədəniyyət dünyasında görmək istəyən Cavid təlimin ana dilində aparılmasını həyata keçirməkdə dərslik və dərs vəsaitlərinin böyük əhəmiyyətini başa düşmüş, dərsliklər tərtib etmiş, əsərlərinin bədii ifadə tərzinə böyük əhəmiyyət vermiş, bütün qabaqcıl ziyalıları, yazıçı və şairləri də Azərbaycan dilində yazmağa çağırmışdır. O, ana dilinin saflığını qoruyub-saxlamağa, bu dildə əsərlər yaratmağa təşviq edirdi. Cavid şeiri, sənət əsərini, xalqın başa düşəcəyi sadə ana dilində yazmağı tələb edərək, onu kütlələrin şüuruna təsir edən qüvvətli bir vasitə kimi qiymətləndirirdi. Bunu “Yeni iqbal” qəzeti belə təsdiqləyirdi: “Hüseyn Cavid əfəndi Qafqasiya islamlarının ən dərin düşüncəli və ən incə duyğulu, əməlpərvər, həqiqi şairidir. Onun mümkün olduğu qədər sadə türkcə kəlmələrdən düzdüyü səlis və ahəngdar səlasəti-bədiəsi, oxuyanın qarşısında məharət və lətafət, nəzakət və nəzahət, məna və hikmət, əməl və fikrət kimi pək nadir məzayayi-aliyəsi canlanaraq, son dərəcə parlaq və dilnişin lövhələr təsvir etməkdədir. Bu məziyyətlər bütün bir lövhədə ahəngdaranə bir surətdə sızılıb getdiyi kimi, onun hər bir kəlməsində, imlasında, şivəsində, lisanında və yalnız özünə xas üslubi-fəsihində belə diri-diri çırpınıb durur. Bundan dolayı biz Hüseyn Cavid əfəndinin Qafqaz müsəlmanlarının ən birinci müalipərvər bir ədib, bədii və şair süxənməraz nəzihidir-demək istərdik” [“Yeni iqbal” qəzeti. 13 avqust, 1915, № 90].
Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli də qeyd edir ki, hər bir xalq öz ana dili vasitəsilə tərbiyə olunur, həyatı, dünyanı dərk edir. Ana dilinə xor baxmaq, vətən övladlarının mənəviyyatını zəhərləmək xalqı yox etmək deməkdir. Y.Vəzirin də ana dili ilə bağlı vətənpərvər çıxışları az deyil. Onu oxuyan hər bir vətəndaşda xalqa, vətənə dərin məhəbbət hissi doğur, onda öz vətənini, xalqını, ən başlıcası, ana dilini qorumaq hissi daha da artır. Ədib-pedaqoqun əsərləri, məktub və məqalələri vətənpərvərlik alovu ilə alışıb yanır. O, ümumiyyətlə, inkişaf üçün maariflənməyi, mədəniləşməyi yeganə yol hesab edirdi.
Haqqında söhbət açılan şair və yazıçılardan biri də Mir Möhsün Nəvvabdır. Y.V.Çəmənzəminli yazır ki, “Cənab Nəvvab türk şairlərinin tərcümeyi-hallarını farsca yazır, türk oxucularına təqdim edir. Halbuki cənab Nəvvab türk dilini bilir və bu dildə şeirlər də yazıb” [4, s.335]. Qeyd edilir ki, köhnə məktəblərdə uşaq öz dilində oxuyub yazmır – kitablar və yazılar fars dilində olur. Təbiidir ki, bu məktəblərdən çıxanlar özləri ilə həmişə bir farslıq daşıyırlar. Bunun üçün də şairlərimiz əsərlərini fars dilində yazır, fars hərflərini təqlid edirlər və cəmiyyətimizin adi üzvləri də məktub, sənəd, ticarətə dair hesablar və qeyri şeylər yazdıqda yenə fars dilinə müraciət edirlər. Qəribə burasıdır ki, iki türk bir-biri ilə öz dillərində danışdıqları halda, bir-birinə kağız yazdıqda fars dilində yazırlar. Ana dilimizi fars, ərəb, osmanlı qarışığından xilas etməyin yollarını axtaran Yusif Vəzir fikirlərini səkkiz fəsilə bölür. Bunlardan bir neçəsinə nəzər salaq: “I. Gərək bizim bir cəmiyyətimiz olsun ki, dilimizi farslıqdan xilas eləsin. Bu da onda mümkündür ki, cəmiyyəti fəal və kamil amillər təşkil edələr. Və hər müəllif kitabını çapa verməkdən qabaq cəmiyyətə göstərib qüsurlarını düzəltdirə. Beləliklə də, ədəbiyyatımızın iki axıntıdan da uzaq olub, osmanlı və ərəb dillərinin nüfuzu altına düşməz. Bir də ədəbiyyatımız ədəbsiz kəlmələrdən və qeyri qüsurlardan xilas olar. II. Gərək müstəid (müstəid – istedadlı – K.C.) və geniş məlumatlı münəqqidlərimiz (münəqqid – tənqidçi – K.C.) ola, qələmlərinin qüvvəsi ilə dil və ədəbiyyatımızı düz yola çıxardalar. Ədəbi dil el ədəbiyyatından götürülməlidir… O söz ki, türkdə var, onun əvəzinə qeyri söz yazmaq, danışıqda işlətmək, əlbəttə böyük xətadır. Məsələn, “su” ola-ola “ab” və ya “qan” əvəzinə “xun” demək kimi. Amma şeir ilə yazan qafiyə düzlüyünə möhtac olmayıb həmişə “arvad” əvəzinə “zən” və ya “qadın” kimi xətalardan əsərini uzaq saxlaya bilər”. IV fəsildə yazır: “Qızlarımızı mükəmməl surətdə oxutmalıdır. Onları hüquqsuzluq təzyiqindən qurtarmalıdır. Arvad elmli və əri ilə müsavi olsa milli ruhlu və tərbiyəli övladlar yetirər. Təbiidir ki, belə uşaqlar gələcəkdə öz tərbiyələri sayəsində nə farslığın və nə qeyri millətlərin nüfuzu altına düşməyib öz milli yolu ilə milli qayələrə (ideala) doğru gedər”. V fəsil. “Türk məktəblərinin (Azərbaycan məktəblərinin – K.C.) sayını artırmalıdır…”. VIII fəsildə isə deyilir: “Azərbaycan türklərinin tarixini sadə bir dildə yazdırıb nəşr etməlidir ki, camaat özünün türk olmağını bilsin. Keçmişini öyrənsin və milli vəzifələrini düşünüb gələcək üçün çarələr arasın. Yoxsa hər kəsdən soruşursan: “Sən kimsən?” Deyir: “Müsəlman”. Tahı bunu bilmirlər ki, dinimiz müsəlman dinidir, millətimizsə türk millətidir” [4, s.336].
Y.V.Çəmənzəminli “İki aləm” adlı məqaləsində ana dilinə olan ögey münasibəti “Kaspi” qəzetini vərəqlərkən də görür. Verilən suallara cavab çox tutarlıdır: “Niyə türk komitəsinin məlumatı rus dilində verilir? Cavab: Bizdə milli dil qədri bilmək qabiliyyəti hələ yoxdur. Biz o qədər ruslaşmışıq ki, Nikolaydan sonra yenə köhnə işlərdən əl çəkə bilmirik” [4, s.237].
“Niyyətin hara, mənzilin də ora” atalar sözünün mahiyyətini dərindən anlayan və “Nicatımız mədəniyyətə bağlıdır” – deyən Y.V.Çəmənzəminli qeyd edir ki, bir şəxs və ya millət üçün niyyət çox böyük şərtdir. Pedaqoq yazır: “Ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Bu dili hər bir kəs sevməli, bu dildə danışmağı eyib yox, fəxr hesab etməlidir. Vətənimizin hər bir guşəsində tazə üsul ilə məktəblər açmalıdır. “Tərbiyə və təlimdə qızlar ilə oğlanlara təvavüt qoymamalıdır; ikisini də kamil oxutmalıdır. Qızların elmini və təcrübəsini artırmalıdır ki, kişilərə möhtac olmayıb, özləri öz başlarını dolandıra bilsinlər. Həkimlik, mamalıq, müəllimlik, dərzilik, əkin və ticarət işlərilə arvadları tanış eləsək, milli dövlətimiz artar. İndiki kimi arvadlar müftəxor olub, kişilərin üstə düşməzlər. Müəllimə və müəllimlər yetirmək üçün milli məktəb açılmalıdır. Belə məktəb qurtarmışlar aramızda milli toxumlar saçmağa artıq lazımdırlar”.
Nəticə / Conclusion
Bütün bu deyilənlərdən sonra belə bir nəticə çıxarmaq olar:
-
> Qoxcahatli faaliyyat dairasina malik olan repressiya qurbanlari Firidun bay Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli nakam ömürlərinin sonuna qədər ana dilində aparılan təlimin ictimai-pedaqoji əhəmiyyətini dərk edərək, Azərbaycan məktəblərinin ana dilində olmasını, ana dilinin tədrisinin yaxşılaşdırılmasını dövlətdən qəti şəkildə tələb etmişlər;
-
> Dilin safligi, zanginliyi, adabi dilin yaradilmasi ugrunda mubariza aparmi§, nəzəri fikirlərinin həyata keçirilməsi üçün bütün fəaliyyəti boyu inamla, dönmədən əməli iş görmüşlər;
-
> Repressiya qurbanlari pedaqoji fikir tariximizda muhum yer tutan, onun inkişafı yolunda silinməz iz buraxan, çoxşaxəli tarixi xidmətləri ilə metodik fikri irəli aparan şəxsiyyətlərdən olmuşlar;
-
> Repressiya qurbanlarinin adabi faaliyyatinda, maktub va publisist yazılarında ana dili təlimi haqqında fikirləri, zamanı üçün əhəmiyyətli olan dərslikləri və s. kimi ümumi pedaqoji istiqamətlər gələcəkdə də öyrənilməyə layiqdir.
Список литературы Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi
- Cavid H. (1910). Naxçıvana nə lazım? “Həqiqət” qəzeti. 5 yanvar, № 4.
- Cavid H. (1985). Seçilmiş əsərləri. Dörd cilddə. IV cild. Bakı, Yazıçı. 320 s.
- Cavid H. (2005). Əsərləri. Beş cilddə. I cild. Bakı, Lider nəşriyyat. 288 s.
- Çəmənzəminli Y.V. (2005). Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı, Avrasiya press. 440 s.
- Hüseynzadə Ə. (1907). İntiqad ediyoruz, intiqad olunuyoruz. “Füyuzat” jurnalı. 27 iyul, № 23, s.51-52.
- Qəmküsar Ə. (2006). Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb. 168 s.
- “Molla Nəsrəddin” jurnalı. (1906-1931).
- Nemanzadə Ö.F. (1992). Seçilmiş əsərləri. Bakı, Yazıçı. 536 s.
- Nemanzadə Ö.F. (2006). Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb. 352 s.
- “Tərcüman” qəzeti. 1900, № 1.
- “Yeni iqbal” qəzeti. 13 avqust 1915, № 90.
- Ədəbiyyatımızda Cavid. (1925). “Yeni yol” qəzeti. 12 yanvar.
- Zeynallı H. (1926). Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim. “Maarif və mədəniyyət” jurnalı, № 9, s.42-45.